Sülhəddin Əkbər: ”Əsas təhlükəni şimaldan gözləməliyik”

”Son hadisələr göstərir ki, İlham Əliyev prosesə nəzarət etsə də, tam təsirli deyil”

Source:


”Son hadisələr göstərir ki, İlham Əliyev prosesə nəzarət etsə də, tam təsirli deyil”


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “Yoxsa hakimiyyət üçün qum saatı işə salınıb- gerisayım başlayıb?!” məqaləsi ictimaiyyətdə birmənalı qarşılanmadı. Mətbuatda, xüsusən sosial şəbəkələrdə sərt etirazlar səsləndi, suallar ünvanlandı. Meydan TV Sülhəddin Əkbərlə söhbətin əsas hissəsini səslənən suallar üzərində qurub.




Sülhəddin bəy, bölgələrdə keçirilən etiraz aksiyalarına münasibətiniz birmənalı qarşılanmadı, etiraz oldu, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında dediklərinizə ironik də yanaşıldı. Özünüz yazılanlardan xəbərdarsınızmı?

– Bəli, xəbərim var və bunları təbii qarşılamaq lazımdır. Hamı eyni fikirdə olmur, ən azı hamı eyni səviyyədə məlumata malik deyil.


– S

iz məlumatı hardan almısınız, daxili, yoxsa xarici kəşfiyyatdan?

– Heç bir kəşfiyyatdan məlumat almamışam. Həmişə olduğu kimi siz öz ampluanızdasınız. Birincisi, nəzərə alınmalıdır ki, Azərbaycan xalqı uzun müddətdir siyasətdən uzaqlaşmışdı, ictimai-siyasi hadisələrə maraq yoxdur və aktivliyin dibə vurduğu zamandır. Müstəqillik qazandığımız dövrdən bugünə qədər ictimai-siyasi, o cümlədən, sosial aktivliyin ən aşağı səviyyədə olduğu dövrdür. Yəqin ki, hamı bu fikrimlə razılaşar. İkinci, 21 dekabr devalvasiya qərarından sonra şəhərlərdən fərqli olaraq, siyasi baxımdan fəal olmayan bölgə əhalisinin çox qısa zamanda, vətəndaş cəmiyyətinin, müxalifətin iştirakı və təşkilatçılığı olmadan ortaya çıxması maraq və suallar doğurur.  Üçüncü, bu hadisələr ardı-arda təxribat olaylarından sonra baş verir. Mən ötən ilin sonunda iki nazirlikdə baş verən hadisələri yada salıb vaxt almaq istəmirəm. Və nəhayət, gözlənilən maliyyə-iqtisadi böhran sosial vəziyyəti ağırlaşdırdı. Bu baxımdan götürdükdə deyilən zaman arasında heç bir aktivlik olmayıb. Bir daha deyirəm, vətəndaş cəmiyyətinin, müxalif qüvvələrin çağırışı və iştirakı olmadan əhalinin özünü çox sürətli şəkildə təşkil etməsi ciddi sual doğurur. İlk növbədə, diqqətimi silsilə təxribatların davamı olduğu qənaətinə gətirir.




Təxribatı kimlər törədir?

– Təxribatı hakimiyyət daxilində olan qruplar və hakimiyyətdən uzaqlaşdırılacağını gözləyən qruplar törədir. Bir hissəsi uzaqlaşdırılsa da, tam təmizlənmə getməyib. Ölkədə elə vəziyyət yaranıb ki, hakimiyyət vəziyyətdən çıxmaq üçün islahatlara getməyə məcburdur. Vəziyyət çox ağırdır və bu mənzərəni göstərəcək bir-iki rəqəmi xatırlatmaq istərdim. Cari qiymətlərlə ötən ilin büdcəsinin gəlir hissəsi 24 milyard 770 milyon dollar olub. Yanvarın 14-də manatın rəsmi məzənnəsi ilə Azərbaycanın builki büdcəsinin gəlir hissəsi cəmi 9 milyard 277 milyon dollar edir. Fərq 15 milyard 499 milyon dollardan çox edir ki, bu da 62,6 faiz azalma deməkdir. Dolların real kursu 1,57 yox, ən azı 2,10 manatdır. Bu kursla götürdükdə bu ilin dövlət büdcəsi cəmi 6 milyard 936 milyon dollar olur və ötən ilin büdcəsi ilə 17 milyard 841 milyon fərq yaranır, 72 faiz eniş yaranır. Başqa bir misal, 2015-ci ilin 10 ayı ərzində ümumi daxili məhsul 31,1 faiz azalıb. Bu, ölkədə 1 milyondan çox işsizin yaranacağı deməkdir və sosial gərginlyin qaçılmaz olduğunu göstərən amillərdın biridir. Bütün bunlara dövlət idarəçilik sisteminin böhranını da əlavə etsək, mənzərə tam aydın olur. Deməli, hakimiyyət tezliklə hökuməti istefaya göndərməsə, struktur, kadr islahatlarına başlamasa, vəziyyətdən çıxa bilməyəcək. Ümumiyyətlə, praktika göstərir ki, sistem böhranı yaranan ölkələrdə xalqı və dövləti böhrana salanlar vəziyyətdən çıxa bilmirlər. Hakimiyyətdaxili qüvvələr də bunu bilir ki, dövlət başçısı ən azı öz hakimiyyətini qorumaq üçün ciddi dəyişikliklərə getməyə məcburdur. O baxımdan komandanın böyük hissəsi işdən çıxarılacağını gözləyir. Ona görə də həmin qruplar hərəkətə keçiblər, bir tərəfdən vəzifələrini və gəlirlərini qorumaq üçün islahatları dayandırmaq istəyirlər, digər tərəfdən də, özlərinin dövlət başçısına gərək olduqlarını göstərmək istəyirlər. Buna görə yazıq müxalifət nümayəndələrini həbs etdirirlər. Halbuki, müxalifətin bölgə aksiyalarında iştirakı yoxdur. Yəni hakimiyyət daxili qruplar ikibaşlı hərəkət etməklə yanaşı diqqəti özlərindən yayındırmaq məqsədi güdürlər.




Sizin məqalənizdə bölgələrdəki aksiyalarda xarici iz barədə fikirlər yer alıb, Füzulidəki aksiyanın Ermənistanın, Siyəzəndə Rusiyanın, Lənkəranda İranın adı çəkilir. Belə fikir yaranır ki, azərbaycanlılar narazı deyil, etiraz edə bilmir, İran, Ermənistan və Rusiya etiraz edir?

– Elə deyil. Azərbaycan xalqının narazı və qəzəbli olduğu, bunun artacağı da hər kəsə aydındır. Söhbət bu narazılıqdan və qəzəbdən kimin istifadə etməsindən gedir. Mən demirəm ki, Azərbaycan xalqı halından çox məmnundur və etiraz etmək fikri də yoxdur. Diqqətinizi bir məqama çəkəcəm, niyə mətbuat Füzuli icra başçısının şəhər üzrə nümayəndəsinin həbsiylə maraqlanmır? İttihamlar da birbaşa iğtişaşlara çağırışlarla bağlıdır. Sonradan iki qohumunun da həbsi barədə xəbər gəldi, daha sonra təkzib edildi. Niyə? Jurnalistlər bu istiqamətdə araşdırma aparsa, yaxşı olar. Gerçəkdən də bu etirazları kim təşkil edir, bax, bunu ört-basdır etmək istəyirlər.




Mən sizin xarici iz fikrinizə qayıtmaq istərdim…

– Sualınıza ətraflı cavab vermək istərdim ki, bölgələrdəki yazıq müxalifətçilər təşkilatçı özləri olmadığı proseslərdə iştirak etməsinlər. Çünki zərbə onlara dəyəcək.




Onsuz da müxalifət iştirak etmədiyini bəyan edir.

– Mən sosial şəbəkələrdə fikirlərimə etiraz edənlərə demək istəyirəm. Bunlar iki qrupdur: birincilər düzgün göstərdiyim hədəf qruplarının adamlarıdır, ikincilər isə məlumatsız olan müxalifət nümayəndələridir. Guya mən əhalinin sosial etirazına etiraz edirəm.




Siz mənim sualıma cavab vermədiniz, xarici iz məsələsi…

– Nə qədər çətin başa düşüləsi məsələdir? Həmin qruplardan biri Rusiyaya bağlı “beşinci kolon”dur. Bir qrupu keçmiş sovet kadrları, digəri məmur-oliqarx, cinayətkar dəstələr, kriminal korrupsioner qruplardır. Mən yazımda bunların hamısını qeyd etmişəm.




Sizin dediklərinizdən belə çıxır ki, hökumətin günahı yoxdur, məsuliyyətin hamısı xarici qüvvələrdədir, “beşinci kolon”da və sair?

– Siz niyə birxətli yanaşırsınız? Dünyada bütün birxətli baxışlar və nəzəriyyələr yanlışdır. Heç bir hadisə bir səbəbli və bir nəticəli deyil. Yaxud prosesi biri başlasa da, başqası davam etdirir, nəticəsindən üçüncüsü yararlanır. Mən qəti əminliklə deməmişəm ki, məhz bu qruplar aksiyaları təşkil edib. Bunun üçün araşdırma aparılmalıdır. Xüsusi xidmət orqanları nə üçündür?! Mən sadəcə olaraq həm cəmiyyətdə, həm də hakimiyyətdə dəyişiklik etmək istəyənlərə istiqamət göstərmişəm ki, bu yöndə diqqətli olaq.




Jurnalist Qənimət Zahid yazmışdı ki, bəs Ağsudakı mitinqi kim təşkil edib, Türkmənistan?

– Mənim yazımda elə bir fikir yoxdur. Mən xarici qüvvələrin həmin rayonlarda vəziyyətin gərginlyində maraqlı olmalarını qeyd etmişəm, təşkil etmələrini yox. Niyə maraqlıdır? Bir tərəfdən mərkəzdən ən uzaq olan rayonlardır, yəni mərkəzdən ora qüvvələrin operativ göndərilməsi çətindir, o biri tərəfdən də xarici xüsusi xidmət orqanlarının sıx işlədiyi rayonlardır. Ən azı xüsusi xidmət orqanlarının iş metodlarının əlifbasını bilirəm, ən güclü iş aparılan istiqamətlərdən biri sərhəd rayonları olur.




Ağsu sərhəd bölgəsi deyil axı…

– Ola bilər sabah Bakıda da aksiyalar olsun. Mən aksiyaların hansı rayonlardan başladığından yazmışam. Lap deyək ki, o fikrim səhvdir, sonra…? Axı nə demək istəyirlər, onu anlamıram. Guya əhali yüksək ictimai şüur səviyyəsini nümayiş etdirib özü-özünü təşkil edib bir anda meydanlara çıxıb?




Siz demək istəyirsiniz ki, Azərbaycan xalqı etiraz etmək qabiliyyətində, yaxud narazı deyil?

– Azərbaycan xalqı narazıdır, özü də kütləvi şəkildə və bu narazılıq getdikcə artacaq. Azərbaycanda, doğrudan da, xalqın və onun önündə olan siyasi qüvvələrin təşkil etdiyi etirazlar olacaq. Amma bu etirazlar o etirazlar deyil. Yəni son aksiyaları xalqın və müxalifətin təşkil etdiyini düşünmürəm. Mənim ən çox şübhələndiyim hakimiyyətdaxili qruplardır, onlar təşkil edib. Onlardan biri də Rusiyaya bağlı “beşinci kolon”dur. Araşdırmaçı jurnalist olsaydım, burdan başlayardım. Amma qəti şəkildə iddia etmirəm ki, fikirlərim tamamilə doğrudur. Təkrar edirəm, gələcəkdə Azərbaycan xalqı sosial-siyasi etirazlara başlayacaq, bu, qaçılmazdır.




Son vaxtlar Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Ramiz Mehdiyevi,deputat Zahid Orucun əks qrupu hədəfə alması daxili qrupların qarşıdurmasının təzahürüdürmü?

– Hakimiyyət daxilində olan qrupların daxili və xarici bağlantıları çox güclüdür, hətta hər bir oliqarxın “analitik xidməti” var. Belə olduğu halda onlar bilmirlərmi proses hara gedir? Mən hələ ötən ilin sentyabrın 18-də Meydan TV-yə verdiyim müsahibədə Azərbaycanın böyük dəyişikliklər astanasında olduğunu demişdim. Bir aydan sonra, oktyabrın 17-də MTN-lə əlaqədar məlum hadisələr başladı. Ona görə sosial şəbəkələrdə olan dostlar bir az diqqətli olsunlar. Bəlkə bir azdan haqqımda yazdıqları sərt ifadələrinə görə peşman olacaqlar. Hesab edirəm ki, hakimiyyət birinci növbədə antiböhran tədbirləri görməli, islahatlara getməli və böyük təmizləmələr aparmalıdır. Daxili qruplar da bu təmizləmələrdən və islahatlardan maliyyə və başqa amillər baxımından ziyan çəkəcəklərini bilirlər. Narahatlıqları da bu səbəbdəndir. Ölkəyə gələn maliyyə axını da azaldığından onun üstündə də hər gün mübarizə gedir. Hakimiyyətdaxili qrupların qarşıdurmasının kəskinləşməsinin bir səbəbi neftin qiymətinin düşməsi nəticəsində gəlirlərin azalmasıdır. Artıq əvvəlki böyük korrupsiya layihələri olmadığından məhdud maliyyə resursları üzərində mübarizə gedir.  İkinci səbəb, qruplar özlərini qorumaq üçün başqalarını qurban verməyə çalışırlar. Üçüncü səbəb, gələcəkdə hakimiyyət dəyişikliyi olarsa, o dövrə güclü çıxmaq istəyirlər, ona görə bir-birini rəqib görürlər. Bunlar bir-biriylə mübarizə aparmaq üçün mətbuatı prosesə qoşurlar, nəticədə kompromat məlumatlar ötürülür. Yaxın gələcəkdə maraqlı məlumatlarla rastlaşacaqsınız. Çünki daxili qrupların mübarizəsi şiddətlənəcək, ən güclü olanları sona qalacaq, ən ağıllısı isə müxalifətlə və xarici güclərlə dil tapacaq, yaxud millətçi şüarlarla çıxış edib xalqın dəstəyini almağa çalışacaqlar. Belə olanda bu qrupların müxalifətdə, üçüncü sektorda, mətbuatda olan bağları aktivləşəcək.




Bəs qrupların savaşında İlham Əliyevin yeri hardadır?

– Son hadisələr göstərir ki, İlham Əliyev prosesə nəzarət etsə də, qərarların qəbulunda tam təsirli deyil. Tam təsiri olsaydı, bugünə qədər islahatlar sahəsində ciddi addımlar atılmalıydı. Qəbul edilən qərarlar daha çox sovet və postsovet dövrünün təfəkkürünün məhsuludur. Bu, o deməkdir ki, hələ də hakimiyyətdə siyasi-iqtisadi qərarların qəbulunda həmin qruplar söz sahibdir. İkincisi, qəbul olunan bir sıra qərarların az müddətdən sonra geri oxunması. Bu, bir tərəfdən Əliyevin tələskən və nəticəsi hesablanmamış qərarlar qəbul etdiyini göstərir, o biri tərəfdən də onu nüfuzdan salmaq üçün bu ziddiyyətli qərarlar qəbul edilir.




Siz çıxışınız boyu qruplar sözünü çox işlətdiniz, bəlkə ad çəkəsiniz, təsnifatlaşdırasınız –  Ramiz Mehdiyev, Kaməlləddin Heydərov, Bəylər Əyyubov, Paşayev – konkretləşdirə bilərsinizmi?

– (düşünür)…Siz özünüz də həmin qruplar barədə məlumatlısınız (gülür). Məsələ ondadır ki, Azərbaycan elə bu baxımdan da analoqu olmayan ölkədir. Bir tərəfdən qruplar var, başqa tərəfdən də onlar arasında həm mövqe dəyişikliyi, həm keçidlər, həm də müxtəlif alyanslar olur. Vəziyyət ağırlaşdıqca, bu dəyişikliklər sürətli olacaq. İkinci, bu qrupların xarici meylləri də fərqlidir. Buna görə gələcəkdə onlar arasındakı bu günkü münasibətlər sabah dəyişə bilər. Bu gün maraqları örtüşən iki qrupun xarici meyli əksdirsə, gələcəkdə bunlar qarşı-qarşıya dura bilər. Və ya əksinə, bu gün düşməncəsinə mübarizə aparanları sabah bir cəbhədə görə bilərsiniz, yəni müstəqil deyillər, dəyişkəndirlər.




Niyə ad çəkmirsiniz?

– Buna lüzum görmürəm. Onsuz da bir azdan hər şey aydın görünəcək. Məsələn, hakim ailə daxilindən başlamış aşağıya qədər heç bir yerdə birlik görməyəcəksiniz. Həm xarici təzyiq, həm də sosial gərginlik artacaq, hərə özünün və ailəsinin qeydinə qalacaq.




Bu gedişatda Qərb və Rusiyanın mövqeyi barədə nə deyə bilərsiniz?

– Rusiya ötən ildən Azərbaycanda aktiv iş aparır, hakimiyyət daxilində də ən güclü qrup Moskva meyllidir. Rusiya Ermənistan və İranla birgə hərəkət edir, həmişə belə olub. Bu ilin birinci yarısı Moskvanın Azərbaycanda dəyişiklik etmək şansı daha çoxdur, ikinci yarısında isə neftin qiymətinin enməsi və sanksiyalar səbəbindən Rusiyada daxili gərginlik artacağından indiki kimi aqressiv xarici və hərbi siyasət apara bilməyəcək. Artıq Ukrayna məsələsində Kremlin güzəştlərə hazır olması özünü göstərir, ən azı Donbasdan geri çəkiləcəklər. İkinci ciddi amil odur ki, ABŞ və Qərb müttəfiqləri 2014-cü ilin martından Putin rejiminin dəyişməsi üçün qərar veriblər və bu məqsədlə 2 illik hazırlıq proqramı həyata keçirilir. Bu proqram ilin ikinci yarısına kimi başa çatacaq. İyulda NATO-nun Varşava Sammitində hazırlığa yekun qiymət veriləcək. Putin bunu bildiyindən strateji təhdid taktikasını seçdi, nüvə silahından istifadə etməklə hədələdi, NATO üzvü olan ölkələrin sərhədlərini pozmağa başladı. Məqsəd Rusiyanın “qlobal masa”ya geri çağırılmasını təmin etmək idi. Bu, effekt vermədiyindən B planına- güzəştə keçib. İlin ikinci yarısına qədər Rusiya Azərbaycanda dəyişiklik etməyə çalışacaq, deməli, əsas xarici təhlükəni şimaldan, “beşinci kolon”dan və onun müttəfiqlərindən gözləməliyik. İlin ikinci yarısında isə ABŞ və Qərb aktivləşəcək. Türkiyə və İsrail də onlarla birlikdə.




Bu fəallıq hansı variantda olacaq-Gürcüstan, Ukrayna, yoxsa başqa variantlar da var?

– Qərbdə də,- hibrid müharibələrindən sonra yumşaq gücdən istifadənin önəmi artdığına görə,- strategiya və taktikalara yenidən baxılır. Heç kim Rusiyanın Ukraynaya qarşı hibrid müharibədən istifadə edəcəyini gözləmirdi. Ola bilsin Azərbaycanda da fərqli strategiya və taktikanın şahidi olacağıq. İstifadə olunan metodlar, alətlər, variantlar və s. çox olduğundan indidən konkret fikir deyə bilmərəm. Bəlkə heç seçim də edilməyib.

Ana səhifəXəbərlərSülhəddin Əkbər: ”Əsas təhlükəni şimaldan gözləməliyik”