İlham Əliyev hakimiyyəti çox güclü deyil, sadəcə olaraq, Azərbaycan cəmiyyəti çox zəifdir
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun builki toplantısında bir tarixi etiraf etdi: “ABŞ böyük dövlətdir. Bu gün, yəqin ki, yeganə super gücdür. Biz bunu qəbul edirik”. Əslində o, yeni bir Amerika kəşf etməmişdi. O, sadəcə olaraq, reallığı və bütün normal adamların qəbul etdiyi bir həqiqəti dilə gətirmişdi. Tarixən Rusiya liderləri üçün bunu etmək çox çətin olmuşdu. Çünki bu, onların apardığı siyasətin və təbliğatın əksinədir.
ABŞ nə ərazisinin böyüklüyünə, nə əhalisinin sayına, nə də, təbii ehtiyatlarının miqdarına görə dünyanın lider dövlətidir. Bəs, necə oldu ki, bu dövlət öz qüdrətilə hamıdan önə çıxdı? Hər şey 1776-cı ilin iyul ayının 4-dən başlandı. Cəmiyyətə və onun fərdlərinə verilmiş iqtisadi və siyasi azadlıqlar möcüzələr yaratdı. ABŞ eyni zamanda bütün dünyada azadlıqları qorumağı özünün vəzifəsi elan etdi. Bu model, azadlıq və inkişaf etmək istəyən cəmiyyətlər üçün çox gözəl nümunə oldu. Bu modeli vacib hesab edən bir çox xalqlar azadlıqlar uğrunda mübarizə apararaq, öz mütərəqqi və azad cəmiyyətlərini qura bildilər.
Demokratiya və insan haqlarının önəmi artdıqca, yavaş-yavaş onun beynəlxalq səviyyədə hüquqi bazası yaradıldı. Xüsusən də, İkinci dünya müharibəsindən sonra çox ciddi addımlar atıldı. Artıq mövcud beynəlxalq normalara görə demokratiya və insan haqları heç bir dövlətin daxili işi sayılmır. Təəssüf ki, reallıqlar və konkret geopolitik durum belədir ki, dövlətlərarası münasibətlərdə demokratiya və insan haqları hələ ki, proritet amil sayılmır.
Başda ABŞ olmaqla aparıcı Qərb dövlətləri, başqa ölkələrdə demokratikləşmə prosesinə yalnız son dərəcə münasib şərait olduqda və ya geopolitik siyasət üçün lazım gəldikdə açıq dəstək verirlər. Ola bilsin ki, ötən əsrdə bu belə də olmalıydı. Hər bir məsələdə təhlükəli nüvə dövləti olan və bütün dünyada kommunizmi yaymağa çalışan SSRİ faktorunu nəzərə almadan hərəkət etmək çox çətin idi. Lakin SSRİ-nin süqutundan dərhal sonra onun yerində yaranmış yeni dövlətlərin demokratikləşməsini təmin etmək çox vacib idi. Dünyada sülhün və normal düzənin təhdidində Rusiyanın SSRİ-ni əvəz etməsinə imkan verilməməliydi. Bunun bircə çarəsi var idi. Rusiyanın özünün və post sovet respublikalarının demokratikləşməsini təmin etmək. Yalnız Şərqi Avropa və Baltikyanı respublikalarla kifayətlənmək olduqca səhv addım idi. Təsəvvür edin, indi Rusiya Polşa və ya Estoniya kimi demokratik ölkə olsaydı, dünyada indiki mövcud durum beləmi olacaqdı? Əlbəttə ki, yox! Təkcə Suriyada baş verənləri nəzər alsaq, hər şey aydın olar. Məlum məsələdir ki, Rusiyanın himayə etdiyi avtoritar və diktatura rejimlərinə basqı göstərmək, Kremlin etirazına və əks tədbirlərinə səbəb olur, bununla da müəyyən risklər yaranır ki, məhz onlara görə basqılardan, əzilən cəmiyyətlərə açıq dəstəkdən vaz keçilir. “Sabitlik daha vacibdir” siyasəti praqmatizmdən daha çox populizmdir. Hələ 2005-ci ildə ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Qahirədəki çıxışı zamanı belə bir ifadə işlətmişdi: “ABŞ Yaxın Şərqdə demokratiyanı sabitliyə qurban verdi. İndi aradan 60 il keçib, ancaq ortada nə demokratiya var, nə də sabitlik”.
Rusiyanın avtoritar ölkə kimi qalması, təkcə onun öz vətəndaşlarına problem yaratmır. Onun dəstəklədiyi bütün rejimlərdəki cəmiyyətlər bundan əziyyət çəkirlər. Rusiya güclü və aqressiv olduqca, ona qarşı mübarizə aparmaq və ya onu yola gətirmək çox çətindir. Rusiya ayrılıqda təkbaşına bu qədər güclü və aqressiv ola bilməz. O, bu gücü və qətiyyəti həm də himayə etdiyi rejimlərdən alır. Onu bu imkandan məhrum etmək lazımdır. Rusiyanı əhatə edən post sovet respublikaları Gürcüstan kimi demokratik və Avroatlantik məkana doğru qətiyyətlə addımlayan respublikalar olsaydılar, o, bu qədər güclü və tərs olardımı? Qətiyyən yox! Çox təəssüf ki, Rusiyanı əhatə edən xalqların demokratiya uğrunda mübarizəsinə nəinki yetərincə dəstək verilməyib, əksinə bir sıra hallarda Kremlin “marionetka”sı olan rejimlər açıq-açığına dəstəklənib. Bu, kifayət edib ki, seçkilər total şəkildə saxtalaşdırılsın, müxalifətçilər və müstəqil jurnalistlər uzunmüddətli həbsə atılsınlar, QHT-lərin fəaliyyətinə qadağa qoyulsun, ölkənin sərvətləri talansın və s. Bəli, bu bir faktdır ki, Rusiya ətrafındakı avtoritar rejimlərin mövcud olduğu cəmiyyətlər azadlıqlar uğrunda yetərincə mübarizə aparmırlar, bəziləri ümumiyyətlə mübarizə aparmır. Obrazlı bir nəzəri nümunə göstərim. Biri yoldan keçərkən görür ki, bir nəfər suda batır. Suda batan adam xilas olmaq üçün yetərincə çalışmır, hətta köməyə də kimsəni çağırmır. Buna baxmayaraq, yoldan keçən heç nə fikirləşmədən, özünün həyatına risklər olsa belə onu xilas etməyə atılır. Çünki insanlıq borcudur. Bu anda o, qətiyyən suda boğulan adamdan soruşmur ki, sən niyə bura düşdün, üzməyi niyə bacarmırsan, niyə xilas olmaq üçün yaxşı çalışmırsan və s. Xilas edən həmin anda zərrə qədər düşünmür ki, görən xilas edəcəyim adam yaxşı adamdır, yoxsa pis. O, sadəcə düşünür ki, insanı xilas etmək lazımdır. Demokratiya məsələlərində də məhz belə davranmaq lazımdır. Dünyada demokratiyaya layiq olmayan xalq yoxdur. Dünya nə qədər sürətlə demokratikləşsə, əmin-amanlıq və firavanlıq da o qədər dərinləşər.
Azərbaycan xalqı hələ 1918-ci ildə islam Şərqində ilk dəfə demokratik respublika qurub. 1920-ci ildə Sovet Rusiyası bu demokratik respublikanı işğal edərək, öz ərazilərinə qatdı və müstəqilliyimizə son qoydu. Bu xalq keçən əsrin sonlarında SSRİ-dən ayrılmaq və özünün dövlətini qurmaq uğrunda çox ciddi mübarizəyə qalxdı. O, Moskva əsarətindən qurtulmaq uğrunda mübarizə aparan SSRİ xalqlarının öncüllərindən idi. Nəhayət 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. 1992-ci ildə müstəqil Azərbaycan tarixində yeganə azad və ədalətli seçkilər nəticəsində Əbülfəz Elçibəy ölkə prezidenti seçildi. Həm 1918-ci ildə, həm də 1992-ci ildə hakimiyyətə gəlmiş istiqlalçı demokratlar Azərbaycanın inkişafını və rifahını cəmiyyətin azadlığında və Avroatlantik məkana inteqrasiyasında görürdülər. Təəssüf ki, bu dəfə də demokratik hakimiyyət vəzifə başında çox qala bilmədi. Cəmi bir ildən sonra arxasında Rusiyanın durduğu heç kimdə şübhə doğurmayan qiyam nəticəsində Əbülfəz Elçibəy hakimiyyəti devrildi və hakimiyyəti 1969-cu ildən səksəninci illərin sonunadək respublikanı idarə etmiş “KQB” generalı Heydər Əliyev qəsb etdi. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycan dərhal MDB-yə daxil oldu. Bu, qərbyönlü siyasətdən imtinanın başlanğıcıydı. Heydər Əliyev hakimiyyətinin ilk günlərindən azad mətbuata, müxalifətə, vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı total hücum başladı, reprressiyalar günbəgün artdı. Ədliyyə naziri deyirdi: “Demokratiyanı beşiyindəcə boğmaq lazımdır”. Ölkədə seçkilər, məhkəmə və istintaq bir institut kimi ləğv edildi və hər şey hakimiyyətin iradəsinə tabe olundu. İndi həmin qurumlar hökumətin əlindəki cəza aparatından başqa bir şey deyil. Rüşvətxorluq və korrupsiya çox sürətlə artdı.
2003-cü ildə atasının ölümündən sonra hakimiyyəti bir hədiyyə kimi qəbul etmiş İlham Əliyevin hakimiyyətə gəlişi ölkəyə böyük neft pullarının gəlişi üst-üstə düşdü. Əliyevlər ailəsi neft pullarını ölkənin çiçəklənməsinə, inkişafına yönəltmədilər. Onlar bu pulları insafsızca, ağlasığmaz məbləğlərdə oğurlamağa başladılar. Təsəvvür edin ki, hakim ailənin ölkədən çıxardığı pulların həcmi, dövlət büdcəsindən dəfələrlə çoxdur. Ölkə iqtisadiyyatının əsas və gəlirli sahələri hakim ailənin nəzarətindədir. Eyni zamanda, həmin pulların bir hissəsinə çox bahalı beynəlxalq idman yarışları və digər tədbirlər təşkil edərək, dünyada öz imiclərini yaxşılaşdırmağa çalışdılar.
İlham Əliyev ilk dəfə demokratik müxalifət üzərinə total hücuma keçəndə, onun amansız repressiyalara məruz qoyanda belə demişdi: “Azərbaycanda müxalifət qalmadı və heç zaman olmayacaq!”. Təbii ki, o, yanılırdı. Azərbaycanda təşkilatlanmış demokratik müxalifət var və o, ağlagəlməz repressiyalara sinə gərərək, heç nəyə baxmadan azad cəmiyyət uğrunda mübarizəsini davam etdirir. Təsəvvür edin ki, bu balaca ölkədə yüzdən çox siyasi məhbus var. Onlar hakimiyyətə qarşı tənqidi mövqelərinə görə şərlənərək həbsə atılıblar. Hakimiyyət təzyiqlər qarşısında nə qədər məhbusu azad etməyə məcbur olursa, bir o qədərini də tutub həbsə atır. Odur ki, bu rəqəm azalmır. Təəssüf ki, ABŞ və digər Qərb dövlətləri qeyri-legitim, korrupsiyaya qurşanmış və repressiyaçı İlham Əliyevlə elə davrandılar ki, sanki o, xalqın iradəsilə seçilmiş normal ölkə başçısıymış. Qərbin belə davranışı demokratik müxalifəti çox pis vəziyyətdə qoyur. Çünki onlar təbliğ etdikləri və hədəf kimi göstərdikləri “dəyərlərə hörmət edən və prinsiplərə sadiq” Qərbin belə davranışını heç cür izah edə bilmirlər. Onlar eyni zamanda, cəmiyyətdə xeyli dərəcədə oturuşmuş “İlham Əliyevin pulu çoxdur, o, hamını, hətta ABŞ-ı və Avropanı da satın alıb” yalanlarının qarşısında aciz qalırlar.
Mən düşünürəm ki, İlham Əliyev hakimiyyəti çox güclü deyil, sadəcə olaraq, Azərbaycan cəmiyyəti çox zəifdir. Ancaq bu, heç də o demək deyil ki, bizim xalq demokratiyaya layiq deyil. Tam əminlikə deyirəm ki, Azərbaycanda xalqın iradəsilə formalaşmış iqtidar iş başına gəlsə, o, çox tezliklə Qərb standartlarına uyğun bir dövlətə çevriləcək. İndi cəmiyyət İlham Əliyevin yaratdığı repressiya, korrupsiya, total saxtakarlıq və hüquqsuzluq dəryasında boğulur. Yuxarıda çəkdiyim misalda olduğu kimi, ona əl uzadıb xilas etmək isə, bir insanlıq borcudur. Kömək olacaqmı?