Su təchizatında şəffaflıq məsələsi müzakirə olundu

Anar Cəbrayıllı: “Bu gün Bakı şəhərində 78,3 faiz əhalinin 24 saat suyu var”

Source:


Anar Cəbrayıllı: “Bu gün Bakı şəhərində 78,3 faiz əhalinin 24 saat suyu var”

“Şəffaflıq Azərbaycan”, “Azərsu”, hökumət və vətəndaş cəmiyyəti üzvləri su təchizatı sahəsində şəffaflıq və hesabatlılıq məsələlərini müzakirə ediblər.

Dəyirmi masa su təchizatı sahəsində ortaya çıxa biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq məqsədilə keçirilib. Tədbirdə “Azəriqaz” İB, “Bakıelektrikşəbəkə”ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Prokurorluq və digər hökumət qurumları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbut katibi Anar Cəbrayıllı əhalinin su ilə təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışıb. Bildirib ki, “Azərsu” ASC-nin sifarişi əsasında bir çox şəhər və qəsəbədə su layihələri icra olunub: “Bakı-Qəbələ su kəməri istismara veriləndən sonra əhalinin su təchizatında əsaslı şəkildə yaxşılaşma olub. Daha öncəki illərə nəzər salsaq görərik ki, Azərbaycanın heç bir nöqtəsində 24 saat su ilə təminat yox idi. Ancaq bu gün Bakı şəhərində 78,3 faiz əhalinin 24 saat suyu var”.

Kommunal xidmətlər sahəsində müstəqil ekspert Ələkbər Ağasıyev su təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquqpozmalarından danışdı. Bildirdi ki, bu sahədə verilən bəzi təkliflər nəzərə alınsa da, bəzi problemlər hələ də var:

“Məncə, problemi daha kökdən həll etmək olar. Bunun üçün istehlakçılarla bağlı layihələri qəbul etməzdən öncə onların özü ilə məsləhətləşmək lazımdır. Layihələr ictimaiyyətlə müzakirələr əsasında həyata keçirilsə, bəlkə də hal-hazırda mövcud olan boşluqlar da olmazdı”.

Tədbirin davamında müstəqil ekspertlər, vətəndaş cəmiyyəti üzvləri və təşkilatımızın ekspertləri tərəfindən adıçəkilən mövzu ilə bağlı, həmçinin müvafiq qanunvericilik aktlarında mövcud boşluqlarla əlaqədar hazırlanmış tövsiyələrdən ibarət sənədin ilkin variantı təqdim olunub. Şəffaflıq Azərbaycan təşkilatının hüquqşünası Aytən Əlizamanlı su problemlərinin aradan qaldırılması ilə bağlı sənəddə qeyd olunan tövsiyələri iştirakçılara çatdırıb.

Tədbir fəal müzakirələrlə davam edib. Dövlət və qeyri-hökumət nümayəndələri əhaliyə su təchizatı sahəsində istehlakçı-təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini bildirib. İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, su təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.

Ana səhifəXəbərlərSu təchizatında şəffaflıq məsələsi müzakirə olundu