”Birlik təəssüflə qeyd edir ki, referendum öncəsində siyasi qüvvələrə plüralist təşviqat mühiti yaradılmayıb, təşviqat mərhələsi də tamamilə pozuntularla müşayiət olunub”
“Sentyabrın 26-da Konstitusiya ana qanunun özünün yol vermədiyi müdaxilələrə məruz qalıb. Referendum bütünlüklə ciddi hüquqi pozuntularla müşayiət olunub, həmin pozuntular referendumun legiytimliyini çox ciddi şübhələr altına qoyub”.
QHT fəalları, jurnalistlər, iqtisadçılar, hüquqçulardan formalaşan Sivil Toplum Platformasının 26 sentyabr referendumu ilə bağlı yaydığı sənəddə belə deyilir.
STP hökumətin referendum marafonu boyunca gərəkli pozuntulara yol verdiyini bəyan edir:
“Konstitusiyaya hər hansı dəyişiklik, əlavə ehtiyacı yaranarsa, bu, ancaq toplumun sifarişi kimi ortaya çıxmalı, toplumda siyasi plüralizm mühitində ciddi müzakirə edilməli idi. Ancaq dəyişiklik paketi heç bir ön müzakirələr aparılmadan təqdim edildi. Referendum Aktında nəzərdə tutulan 29 maddənin 14-ü birbaşa əsas insan hüquq və azadlıqlarının təsbit olunduğu 3-cü fəslə aid idi. Bu fəslin ən təməl özəlliyi, onu kənar müdaxilələrdən qoruyan immunitetin elə Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsinə görə, 3-cü fəsildə nəzərdə tutulmuş hüquq və azadlıqların ləğvi və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”.
STP Konstitusiyanın bu tələbinə əməl edilmədiyini vurğulayır.
Birlik hesab edir ki, referendum aktının bir çox aspekti Konstitusiyanın özünə, eləcə də Azərbaycanın qoşulduğu Konvensiyalarla ziddiyyət təşkil edib. Mülkiyyət, vətəndaşlıq, birləşmək, müraciət etmək, informasiya, iqtisadi fəaliyyət kimi təməl hüquq və azadlıqların Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan artıq məhdudlaşdırılıb.
“Təəssüflər olsun ki, Konstitusiya Məhkəməsi bütün bunları diqqətə almadı, təkliflər paketinə gərəkli, toplumu qane edən hüquqi araşdırma və analiz təqdim etmədən müsbət rəy verdi”, sənəddə deyilir.
STP təəssüflə qeyd edir ki, referendum öncəsində siyasi qüvvələrə plüralist təşviqat mühiti yaradılmayıb, təşviqat mərhələsi də tamamilə pozuntularla müşayiət olunub. Azərbaycan Xalq Cəbhəsi Partiyasına, REAL Hərəkatına, Müsavat Partiyasına referendum öncəsi basqılar vüsət alıb, həbslər baş verib.
Sənəddə həmçinin, referendum günü ciddi qanun pozuntularının baş verdiyini vurğulanır, “karusel” üsulundan istifadə edildiyi, müstəqil yerli və beynəlxalq müşahidəçilərin səsverməni izləmədiyi bildirilir.
Sivil Toplum Platforması bütün qeyd olunanalara söykənərək, 26 sentyabr 2016-cı il tarixli referendumun legitimliyinin şübhə altına düşdüyünü, bundan təəssüfləndiyini bəyan edir.