Statistika: Azərbaycanda ərzaq məhsulları 14,7 faiz bahalaşıb

”Özünü saxlamağa çalışan qurumlar qiymətlərin artımı hesabına gəlir əldə etmək istəyirlər”

Source:


”Özünü saxlamağa çalışan qurumlar qiymətlərin artımı hesabına gəlir əldə etmək istəyirlər”

“2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir”.

Məlumatı “Turan”İnformasiya Agentliyi yayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsaslanan agentlik yazır ki, ötən il ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.

“Turan”-ın hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18 faiz təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.

Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.

“Müasir Avropa tarixi SSRİ dağıldıqdan sonra belə bir inflyasiya artımı qeydə almayıb. Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artış 2007-ci ildə qeydə alınıb – 3,2%.

2016-cı ildə Avropa zonası inflyasiya səviyyəsinə görə Yunanıstan, Yaponiya və Fransadan sonra dünyada dördüncü yeri tutur.

Bu statistikalar Avropa və Azərbaycanda real vəziyyət, habelə prezident İlham Əliyevin Azərbaycan avtoritarizminin çiçəklənməsi və Avropa demokratiyasının çürüməsi haqqında müqayisəli bəyanatları arasında uyğunsuzluğu nümayiş etdirir” – agentliyin məlumatında deyilir.

Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Nemət Əliyev agentliyin qiymət artımı ilə bağlı qeydlərini bölüşdüyünü dedi:

“Əgər milli valyutanın xarici valyutaya nəzərən dəyişmə dinamikasına diqqət yetirilsə, bunu çox aşkar şəkildə görmək olar. Son günlər Mərkəzi Bankın manatın ucuzlaşdırılması ilə bağlı qərarları daha qabarıq özünü göstərir. Milli valyutanın ucuzlaşdırılması ilə marketlərdəki qiymətlərin əlaqəsini izləsəniz, qiymətlərdə təxminən manatın ucuzlaşması proporsiyası şəklində artma müşahidə olunduğunu görərsiniz. Bunun əsas səbəbi yerli bazarlarda idxal mallarının çəkisinin xeyli yüksək olmasıdır. Digər tərəfdən əksər iş yerləri bağlanır, müəssisələrin xərcləri, borcları o qədər artıb ki, özünü saxlamağa çalışan qurumlar qiymətlərin artımı hesabına gəlir əldə etmək istəyirlər”.

Nemət Əliyev foto sosial şəbəkə

Nemət Əliyev düşünür ki, Dövlət Statistika Komitəsinin istehlak bazarlarında qiymətlərin artımı ilə bağlı 12-14 faizlik rəqəmi əsassızdır:

“Adi bir misal, komitə ötən il qiymətlərin artımına dair 12-14 faizlik rəqəm açıqlamışdı. Amma bir ildə milli valyuta 55 faiz ucuzlaşmışdı, bu, təzad deyilmi?! Yaxud şəkərin, kərə yağının, mal ətinin 2015-ci illə qiymətilə builki qiymətinə baxın, 35-40 faiz bahalaşma var. Ona görə Statistika Komitəsinin yalan məlumatları hökumətin yarıtmaz fəaliyyətinə don geyindirmək məqsədi güdür. Mən agentliyin hansı mənbələrə istinad etdiyini bilməsəm də, yazılanları bölüşürəm”.

Ana səhifəAnalitikaStatistika: Azərbaycanda ərzaq məhsulları 14,7 faiz bahalaşıb