zirzəmi

Mənbə: meydan tv

Başlıq: zirzəmi

Stadionun zirzəmisində yaşayanlar

Şuşa sakini: ''İllərlə qalaq burada xəstələnək, çürüyək ki, bizi də saysınlar?''

76 yaşlı Dilarə Məmmədquliyeva Şuşa şəhərindən olan məcburi köçkündür. 1992-ci ildə Şuşanın işğalından sonra qızı ilə birlikdə Bərdədə məskunlaşıb. Hazırda isə rayonda yerləşən futbol stadionundakı zirzəmidə yaşayır:

“Şuşada hər şəraitimiz vardı. Kim istəyər öz ev-eşiyini tərk eləsin? Bir müddət kirayədə qaldıq, amma sonra pulumuz olmadı, kirayəni ödəyə bilmədik. Köçdük bura – stadiona. Buna yaşayış demək olarsa”.

Dilarə xanım həyat yoldaşını itirdiyini, əlil olduğuna görə isə işləyə bilmədiyini deyir: “Şuşadan gələndə ermənilər məni tutdu, əlimi toka verdi. Sağ əlim yandı. Oradan gələnə qədər çox zülm çəkdik. Əliləm, daha işləyə bilmirəm. Burada insan qalar? Görmüşük ki, stadion futbol oynamaq üçündür, amma biz burada yaşayırıq. Heç vaxt ağlıma gəlməzdi ki, belə yerdə yaşayaram”.

Dilarə Məmmədquliyeva

Dilarə Məmmədquliyeva

Mənbə: meydan.tv

Məcburi köçkünün sözlərinə görə, İcra Hakimiyyətindən yardım sözü verilsə də, hələ ki bir irəliləyiş yoxdur:

“Getdim Bərdə Rayon İcra Hakimiyyətinə ki, yardım edin, çətin vəziyyətdəyəm. Çox getdim-gəldim. Sonradan dedilər ki, gəl qal burada (red: stadion ərazisində), ev tikəndə verərik, hələ evimiz yoxdur. Artıq neçə ildir ki, burada qalıram. O qədər ev tikildi, amma icra dediyi kimi ev vermədi. Bir dəfə də “Qaçqınkom”dan gəlmişdilər. Gəlib çəkdilər, o gedən getdilər”.

Dilarə xanım sosial vəziyyətindən şikayətlənir: “Pensiya alıram, bir də çörək pulu. Bu da olmasa, yəqin acından ölərdik. Hər yer də gördüyün kimi betondur. Tərtər çayı da yaxın keçir deyə qışda lap soyuyur bura. Dedik, qaz çəkin, dedilər ki, dövlət obyektidir, olmaz. Qaz yox, su yox. Odunla qızınmağa çalışıram. Suyu oradan-buradan daşayırıq”.

Məcburi köçkünün üzləşdiyi problemlər bununla da bitmir:

“Gecələr çölə çıxa bilmirik. Bura əvvəlki kimi futbol oynamaq üçün işlədilmir. Gecələr narkomanlar yığışır. Küçə itləri dolur gecələr bura. Gəl, bu yaşda çıx çölə, görüm, necə çıxırsan”.

ev

ev

Mənbə: meydan.tv

Ailənin əsl çətinlikləri isə yağışlı havalarda başlayır: “Yağış yağanda evimizin hər tərəfi su olur. Yuxarıdan su damır. Evdə başı papaqlı da yoxdur ki, düzəldə. Bir mənəm, bir də qızım”.

Stadion ərazisində Dilarə xanım kimi təxminən 15 ailə yaşayır. O, deyir ki, bəzi ailələr müəmmalı şəkildə ərazidən köçürülüb:

“Ailələrin bəzilərini gecə ilə köçürdülər. Heç nə başa düşmədik. Biz gedib, bizə də kömək edin dedikdə isə “siz sonradan gəlmisiz” deyirlər. Neynəyək, biz də illərlə qalaq burada xəstələnək, çürüyək ki, bizi də saysınlar? İcra bizi unudub”.

Zirzəmidə yaşayan məcburi köçkünlər

Zirzəmidə yaşayan məcburi köçkünlər

Mənbə: meydan tv

Adını çəkilməsini istəməyən bir sakin isə deyir ki, “Bir ara söz çıxdı ki, kimsə buranı alıb, sökəcək. Burada nəsə eləmək istəyir. Başa düşmədik ki, buranı alıb neynəyirlər?”

Bərdə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, məcburi köçkünlərin köçürülməsi ilə onlar məşğul olmur. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə deyirlər ki, köçkünlərin köçürülməsi mərhələli şəkildə həyata keçirilir və qeyri-yaşayış yerlərində yaşayan ailələr birinci növbədə evlə təmin olunacalar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c5vfs6

Ən çox baxılan