“Şparqalkalarınızı” təzələyin, cənablar!..

Con Kerrinin “Konqresdəki ofisi” artıq yoxdur…

Source:


Con Kerrinin “Konqresdəki ofisi” artıq yoxdur…

Bir neçə gündür hakimiyyətin nəzarətində olan media I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “hansısa kampaniyadan” söhbət açır və “prosesin” dövlət katibi John Kerrynin “Konqresdəki ofisindən” idarə olunduğunu dönə-dönə vurğulayırlar.

Kerrynin “Konqresdəki ofisi” deyəndə sözsüz ki, ABŞ dövlət katibinin vaxtilə Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etdiyinə eyram vurulur. Dövlət katibi Con Kerry 2009-2013-cü illərdə Senatın Xarici Əlaqələr Koməsinin rəhbəri olub. Həmçinin Kerrinin vaxtilə (yəqin ki, elə indi də) ermənipərəst mövqedə olması yenilik deyil. O, doğrudan da, 1990-cı il 20 yanvar faciəsi ərəfəsində Bakıda ermənilərin güya kütləvi qırğını ilə bağlı Qorbaçova müraciət edən senatorlardan biridir. Həmçinin 1992-cü ildə Azərbaycana yardımları qadağan edən 907-ci düzəlişin təşəbbüskarlarından biri də Con Kerri idi. Sonrakı illərdə də Kerrinin erməni lobbisinin mövqeyini ifadə edən çoxsaylı çıxışları və çağırışları olub.

Amma maraqlıdır ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri və hakimiyyətə xidmət edən media Kerri dövlət katibi postuna potensial namizəd olanda və bu posta təyin olunanda nədənsə bütün bunlar barədə susublar. Əslində Kerrinin zamanında Azərbaycan hakimiyyətinə qarşı hansısa addım atıldığı barədə fakt da yoxdur. Əksinə Dövlət Departamentində Azərbaycan hakimiyyətini daim tənqid edən, dövlət katibinin köməkçisinin muavini, Azərbaycan mediasına yaxşı tanış olan Tomas Melia təxminən bir ay öncə vəzifəsindən kənarlaşdırılıb…

İndi isə Kerrinin “Konqresdəki ofisinə” nəzər salaq. 2013-cü ildə Kerridən sonra bu vəzifəyə demokrat Robert Menendes gəlib. Bob Menendes də əslində sələfi kimi erməni lobbisinin təsiri altında olan senatordur və o da prezident Obamaya “erməni soyqırıml” tanımağa çağırış edib. Ümumiyyətlə isə “erməni məsələsi” ABŞ-da demokratların bir çoxunun “yaralı yeridir” – bu faktdır.

Amma bütün bunlara rəğmən hazırda Con Kerrinin “Konqresdəki ofisi” YOXDUR! Niyə yoxdur? Ona görə ki, ötən ilki seçkidə respublikaçılar senata seçkini qazanıblar, həmçinin bu ilin yanvarından Senatın Xarici Əlaqələr Komitəsinə də respublikaçı Robert Corker rəhbərlik edir. Kimdir Bob Corker? ABŞ Erməni Milli Komitəsinin saytı onu əlavə olunan şəkildəki kimi xarakterizə edir.

Yekun olaraq mən tövsiyə edirəm ki, hakimiyyətə “analitika” yazanlar “şparqalkalarını” bir az yeniləsinlər. Deyilən ofisə hazırda rəhbərlik edən Bob Corkerin Türkiyə və Azərbaycanla çox yaxşı münasibətləri var…

Ana səhifəXəbərlər“Şparqalkalarınızı” təzələyin, cənablar!..