Söz azadlığının söz azğınlığına çevrildiyi məqam

Əfəndilər, birisi söyüşə layiq olsa belə onu söymək haqqı heç kimə verilmir…

Source:

İntellekt(ual) qıtlığı yaşayan ölkəmizin başına gələnlər azmış kimi, bir tərəfdən də intellektual sayılanlar moral zülm edirlər bu millətə. Necəmi? Təhqir edərək, alçaldaraq. Dahi Üzeyirin bu baradə fikri maraqlıdır. “Baxaq görәk һürriyyәti-kәlam nәyә deyirlәr. Bunun üçün lap әvvәl baxaq görәk һürriyyәti-kәlam nәyә demәzlәr.

Bu gün bazara çıxıb vә bir neçә mәclisә girib, xalqı söyüb biabır elәmәyә һürriyyәti-kәlam demәzlәr. İndi özünüz baxın görün һürriyyәti-kәlam nәyә deyәrlər”

Bizim ölkədə məşhur olmağın iki yolu vardır :  Erməniləri söymək, azərbaycanlıları söymək. Birincilər haram yeyir, amma ermənilərlə bağlı dediyi ən pis kəlimə olur bunların siyasi mənada “kəlimeyi şəhadəti”, “tövbəsi”, “ibadəti”. Bütün günahları bağışlanır.

Digərləri isə onsuzda vuranı, əzəni, təhqir edəni boğazacan olan millətimizin canına yağı kəsilir. Ən pis sözləri deyir. İstər istəməz belə nəticə çıxır ki, elə bu millət bu gündə yaşamalıdır. Yəni, bu intellektuallar bu millətin bu gündə yaşamasına « fəlsəfi » yolla haqq qazandırırlar.

Deyirlər ki, söyüşə layiqdirlər.

Əfəndilər, birisi söyüşə layiq olsa belə onu söymək haqqı heç kimə verilmir. Kimsə söyülməyə layiq ola bilər. Amma, heç kim söyməyə layiq ola bilməz. Bu “imtiyaz”, yəni söymək hüququ heç kimə verilmir. Üstəlik, söymək intellektual davranış da deyil, emosional davranışdır. Neqativ emosiya! Kimə lazımdır?

Bir millətin təhqir edilməsi cinayətdir.  Bir növ antisemitizmdir, irqçilikdir. İrqçilik ilə əlaqəli Fransada 6 qanun var, onlarla dekret var. Avropanın hər yerində antisemitizm və irqçilik eyni dərəcədə kəskin cinayətdir. Çünki bu əxlaqsızlıqdır, sözün avropalı mənasında əxlaqsızlıq. Belə ki, həmin Avropada “gay”lara qarşı nifrət də əxlaqsız sayılır (homofobia). Yəni avropalı olmaq təkcə gay-lara qarşı tolerant olmaq deyil, həm də afrikanlara, yəhudilərə, romlara, müsəlmanlara qarşı da tolerant olmaqdır. Bizim bir neçə intellektual isə ya islamofobdur, ya irqçidir, afrikanları sevmir, azərbaycanlıları söyür. Belələrinin gay-lərə qarşı qeyri-tolerant olan radikal dindarlarla arasında fərq yoxdur, heç biri avropalı ola bilməz, nə müsəlmana nifrət yayan, azərbaycanlını söyən homo, nə də onu öldürməyə hazır olan radikal dindar.

Jean Paul Sartre “antisemit yəhudi deyərkən öz aləmindəki yəhudini nəzərdə tutur.  Bu da “neqr” və ya sarı da ola bilər” deyir. Dolayısıyla, bir insan anti-afrikan, antimüsəlman və antiazərbaycanlıdırsa, o antisemitlə eyni dərəcədə cinayətkardır. Bax, millətimizin bəlası buradadır: onun intellektualı ya rüşvətxor çıxır, ya da iyrənc bir rasist, qorxulu bir cinayətkar. O, “azərbaycanlı” sözünü təsəvvüründə nifrət imici yaratdığı filankəsi nəzərdə tutub işlədir. Ara yerdə adi azərbaycanlı bunu oxuyub moral əzab çəkir.

Gələk söz azadlığına. Azadlıq o zaman azğınlığa dönür ki, azad azaq olur. Azaq nədir? Azaq sözü azmaq (yolundan çıxmaq, qudurmaq) sözündən yaranır. Azğınlığı adət halına gətirmiş adama azaq deyilir. Hərçənd ki, Kaşğarinin Lügat-it-Türkündə azaq “hardan gəldiyi bəlli olmayan” kimi işlənir (səh.19), ancaq mən bilirəm ki, bu “azuq” sözünün törəməsidir və leksik üsulla yaranmayıbdır. Az-aq sözü qorx-aq sözü kimi tərəfimcə təklif edilir.

Bir “intellektual” ardıcıl olaraq bir milləti media vasitəsiylə söyərsə, cinayəti, irqçiliyi adət halına gətirərsə, yəni söz azğınlığını vərdiş edərsə onun haqqında deyəcəyimiz azaqdır, söz azağı. Üstəlik, bu tip yazarlarla əməkdaşlıq da təhlükəlidir. Bu gün Fransada hansısa bir sayt, hansısa qəzet, hansısa kitab yayım orqanı antisemit bir yazıya çıxış versə, kəskin cəzalanar, “cinayətə yardım və şərait” hökmü ilə.

Üstəlik, bir yazar yazılarını yalnız bir dildə, yalnız bir millətə dair, yalnız söyüşlərlə doldurub yazırsa, üstəlik Nobel ədəbiyyat qaliblərində olmayan lovğalığa sahibdirsə, o sadəcə qabiliyyətsizdir, istedadsızdır, asılıdır. Sartre deyir ki, yəhudilər olmasa idi, antisemitlər heç kim olardı. Mən də deyirəm ki, oturub dursunlar, belələri bu millətin ən pisinə dua eləsinlər, onların sayəsində bir neçəsi ölkədə “intellektual” sayılır.

Üstəlik kimlərsə hələ də bu tip yazıları oxuyursa, bəyənirsə və dəstəkləyirsə “Biz hələ hardayıq?” sualı uzun müddət aktual qalacaqdır.

Ana səhifəMənim FikrimcəSöz azadlığının söz azğınlığına çevrildiyi məqam