“Sovetski” sakinləri pul almadan razılığa gəlir


“Sovetski” sakinləri hər gün Yasamal rayon İcra Hakimiyyətinin nəzdində yaradılan xüsusi komissiyaya gələrək, onlara evlərinin hər kvadrat metr üçün təklif olunan 1500 manata razılıqlarını rəsmiləşdirirlər. Lakin hələlik onlara vəd edilən bu və daşınma xərclərini də verən yoxdur.

Dövlət rəsmiləri “Sovetski” sakinlərinin razılığa gəldiyini bildirirlər. Bir müddət öncə Yasamal rayon icra başçısı İbrahim Mehdiyev mətbuata sakinlərin 1500 manatı alıb evlərini təhvil verdiklərini deyib. “Sovetski” sakinlərini qəbul edən komissiyada isə vəziyyət fərqlidir.

“Nə deyirlər, onunla da razılaşırıq. Mənim evim 30 kvadrat metrdi, gəlmişik razılıq kağızına qol çəkək, razılıq bildirəndən sonra sənədlər hazınanacaq” – deyə, “Sovetski” sakinlərindən biri könülsüz suallarımızı cavablayır.

Sakinlərdən biri bildirdi ki, digərləri də razılaşdığı üçün az pula qane olmağa məcburdular. O, həmçinin ehtiyat edir ki, bu 1500 manata da razılaşmasalar evlərini uçurub sonrada daha az pul verə bilərlər:

“Yəni acın toxdan xəbəri olmayacaq. Kimsə böyük kvadrat metrə normal pul alacaq, məmnun olacaq ondan. Kimsə də onun oduna yanacaq. Heç nə ala bilməyəcək. Basin kimi evləri üçürub, 2 min manat verəndə getmədilər, 1500 manata çıxdılar sonradan. Bizdə də belə olacaq da”.

Sakinlər deyir ki, onlara vəd olunan köçürülmə pulu verilmir. Əşyaların daşınması üçün 400 manat veriləcəyi deyilsə də, dövlət rəsmiləri bu pulu verməkdən imtina ediblər. Onlara Maliyyə Nazirliyinin bu xərci nəzərdə tutmadığını bildirirlər. Amma bu şərtlərlə də köçməyə razı olan sakinlər var.

“Hələ bizə nə verəcəklərini deməyiblər. Mənim evim sənəddə 30 kvadrat metrdir, hələlik kvadratı 1500 manatdan deyiblər”-deyən “Sovetski” sakini, “bu bəs sizə sərf edəcəkmi?” sualını belə cavablayır:

“Sərf etməyib, nə edəcək?”.

Komissiyada razılığa gələn sakinlərin evləri 30 kvadrat metrdən az deyil. Sahəsi az olan evlərin sakinlərinə burada rast gəlmədik.

Ana səhifəVideo“Sovetski” sakinləri pul almadan razılığa gəlir