Əllərində Heydər Əliyev və prezidentin şəkillərini tutan etirazçılar, “İlham kömək et” şuraları səsləndirərək prezidentdən yardım istəyiblər.
“Ulu öndər Heydər Əliyevin qoyduğu qanunlara əməl etmirlər. Hər mülkiyyətçinin öz razılığı ilə olmalıdır”- deyə etirazçılardan biri deyir.
Digər etirazçı isə bildirir ki, evlərini ölçməyə gələnlər kompensasiya məbləğl haqda da onlara lazımi məlumat vermirlər:
“Gəlirlər, ölçürlər və deyirlər qol çək. Mən nəyə qol çəkim? Niyə qol çəkməliyəm? Nə ölçdüyünü belə bilmirəm. Soruşuram ki, neçə kvadrat metrdir? Bizə məlumat vermirlər. Deyirlər ki, bizim buna ixtiyarımız yoxdur. Bəs sizin mənim evimə girib, evimi ölçməyə ixtiyarınız var?!”.
“Mənim tələbim odur ki, mənə normal pul verilsin, men ev ala bilim. Yoxsa ki, kvadratına 1500 manat verirler, bu pulla gedib Şamaxı yolundan alım evi? 63 ildir ki, burda doğulub, burda böyümüşəm. İndi hara gedim?” deyə digər aksiyaçı sual edir.
Etirazçıların suallarını cavablamaq üçün aksiyaya Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov gəlib. O sakinləri əmin etməyə çalışırdı ki, onların tələbləri yerinə yetiriləcək və razılıq olmadan heç kim evindən çıxarıla bilməz. Lakin sakinlər İH nümayəndəsinin şifahi vədlərinə inanmadıqlarını bildirirlər. Onlar haqqlarını tələb etmək üçün təşkilat komitəsi yatamağı düşünürlər.
Yasamal rayon İH-nin yaydığı məlumata əsasən “Sovetski”də söküntü işləri bir neçə mərhələli aparılacaq. İlkin mərhələdə metronun “Nizami” stansiyasından Dövlət Statistika Idarəsinə qədər olan ərazi söküləcək. Söküntüyə Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Abdulla Şaiq və Zərgərpalan küçələrindəki mənzillər başlanılacaq. Ilkin olaraq mənzillərin hər kvadrat metrinə görə sakinlərə 1500 manat təklif olunub.
Cavid Abdullayev
Meydan TV