”Sovetski” sakini: ”Dövlətə də, məmurlara da inanmıram”

“Həyətdə gördüyünüz bütün bu mülk bu kişinindir. (Babasının divarda asılı fotosunu göstərir). 1969-cu ildə rəhmətə gedib. Babamdır – Heybət Məmmədov. İndi ondan qalan mülkdə kimlər yaşayırsa, zülm çəkirlər”, -“Sovetski” sakini Zaur Məmmədov deyir.

Məmmədovlar “Sovetski” adlanan ərazinin Mirzəağa Əliyev küçəsində yaşayan geniş ailədir. Evləri qədimi və dar olduğundan ərazinin söküləcəyi, əvəzində kompensasiya ödənəcəyi xəbəri əvvəlcə onları sevindirir. Sonradan isə Heybət babanın bu evlərdə yaşamayan digər nəvələri də vərəsəlik iddiası ilə məhkəməyə müraciət edirlər. Belə olduqda, köçürülmə komissiyası ödənişi məhkəmədən sonra edəcəyini, evlərin isə indi sökülməli olduğunu deyir.

“Komissiyadan dedilər ki, sizə ödəniş etməmiz üçün məhkəmə bitməlidir. İndi ya kirayə çıxıb gözləyin, ya da pulunuzun yarısını verək, yarısında banka yatıraq. Görürük ki, heç biri sərf etmir. Mənim evimə 17 000 manat pul ödəyəcəklərini deyirlər. Onun da yarısını versələr, mən o pula haradan ev tapım? Kirayə də çıxsaq, bilinmir ki, sonradan bizim pulumuzu verəcəklər, yoxsa yox?!”-Billurə Məmmədova danışır.

“Hamısı – İcra Hakimiyyəti də bilir ki, bizim iş məhkəmədədir. Məhkəməni tamamlayandan sonra biz bilərik də, nədir, nə deyil. Pulumuzu əlimizə alandan sonra. Yenə yay olsa, küçələrdə də qala bilərik. Bu yağışda mən yara gedim? Qazları kəsiblər. Axı hökumət bilir ki, bizim evimiz hələ sökülməyib. Yaşayış ola-ola, işığımızı, qazımızı kəsirlər. 3 gündür burada əsirik soyuqdan”, -Yaqut Məmmədova deyir.

Sakinlər köçürülmə komissiyası ilə razılaşmır. Onlar deyirlər ki, kirayə çıxsalar, sonradan pullarının ödənilməsinə inanmırlar.

“Görürəm ki, mənim pulumu vermirlər. Deyirlər, sən çıx, əziyyət çək. Ancaq mən yolumu çəkim, prezidentin yanında sözümü deyim. Belə-belə şeylərə baxanda inamsızlıq yaranır. Dövlətə də, məmurlara da, hər şeyə inamsızlığım yaranıb mənim. Nəinki, banka. İnanmıram da. Vətəndaşa inansınlar. Mən qarantiya verirəm ki, məhkəmədə uduzsam, həmin məbləği qarşı tərəfə ödəyəcəm. Onların qarantiyasına mən inanmıram”, -Zaur Məmmədov deyir.

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rüfət Mərdanov “Sovetski” sakinlərinin köçürülməsi ilə bağlı bütün problemlərin komissiyanın öhdəliyində olduğunu deyib. Köçürülmə komissiyasından bildirilib ki, vətəndaşların verdiyi təklif barədə komissiya üzvləri düşünüb qərar verəcək: “Hər bir halda komissiya nə deyirsə, onunla razılaşmalıdırlar”.

Ana səhifəVideo”Sovetski” sakini: ”Dövlətə də, məmurlara da inanmıram”