Sovet vaxtının «Sovetskisi»…
Uşaq vaxtı eşitdiyim söhbətlərdən yadımda qalıb. Sovet vaxtı «Sovetski» adlanan məhəllənin əyalət adamlarında, xüsusilə də əyalət oğlanlarında bir xofu varmış. Onların arzular şəhəri olan Bakıda ayaq basmaqdan çəkindikləri tək yer «Sovetski» məhəlləsi imiş. Ağızdan-ağıza ötürülən söhbətlərdə bu məhəllənin cavanlarının, kişilərinin məhəlləyə girən yad, gəlmə adamlara qarşı qəzəbli münasibətləri barədə əməlli-başlı əfsanələr gəzirmiş. Yad oğlanlara bıçaq çəkmə, tində döyüb, şalvarını çıxarmaq, təhqir və aşağılamaq mənasında təsbeh vurmaq, məhəllənin balaca oğlan uşaqlarının vasitəsilə yad adamları «tələyə» salmaq…
Sonuncuyla bağlı absurd, mənasız, olduqca axmaq bir hadisə də eşitmişdim. Demə, «Sovetski» gəncləri məhəllə uşaqlarının birinin əlinə bir torba daş verir və tapşırırmışlar ki, bu daşı məhəlləyə girən yad oğlana, kişiyə satsın. Yad adam daş almaqdan imtina edəndə (axı məhəllədən keçən adam niyə daş almalıdır, daş kimin nəyinə lazımdır?!) böyürdən çıxan cayıllar adama yaxınlaşıb, deyirmişlər:
– Qaqaş, uşağın xətrinə niyə dəyirsən, daş al deyir, sən də daş al da…
Yad adam işin fırıq olduğunu görüb, uşağa pul verir, bir torba daşı alırmış. Sonra daşı atıb getmək istəyəndə, cayıllar deyirmişlər ki:
– Qaqaş, elə şey yoxdu, pul vermisən, öz malındı, apar evinə, bizə sənin daşın lazım deyil…
Bir sözlə, belə mənasız, axmaq söhbətlər…
Amma təbii ki, məhəllə sakinlərinin anlayışında bunlar bir növ məhəllə təəssübkeşliyi, məhəllənin qeyrətini çəkmək, məhəllə qadınlarını yad kişilərdən qorumaq demək idi. uzun sözün qısası, «Sovetski» qeyrət, namus, papaq, təsbeh demək idi.
«Sovetski» – bizim günlər
İndi həmin «Sovetski» kişiləri, cayılları seçim qarşısındadır. İndi onların bir vaxtlar yad quş belə uçurmadıqları məhəlləyə buldozerli qardaşlar gəlir. Polislər gəlir, mühəndislər gəlir, əli külünglü müasir fərhadlar gəlir.
Bir vaxtlar qonşusunun şəxsi həyatını qoruyan, onun namusunu öz namusu bilən Sovetski cayılları indi həmin qonşunun haqqını qorumaq imtahanı ilə üz-üzədirlər. Əslində İlham Əliyevin Sovetski üzərində qoyduğu eksperiment psixo-sosioloji baxımdan da çox maraqlıdır. Ev şərq insanı üçün müqəddəs anlayışdır. “Evə hər adamı gətirməzlər” təfəkkürü xüsusən Sovetski sakinləri üçün pozulması yolverilməz olan qaydadır.
Amma indi o evi sökürlər. Özü də “naxalnı” – istədikləri şərtlərlə.
Bu yerdə yadıma Sovetski sakinlərinin ilk etiraz aksiyası ərəfəsində yazıb, yapışdırdıqlar vərəqələr düşdü. Orda hakimiyyətdən yeganə tələb kimi kvadrat metrə 4000 manat göstərilmişdi.
Aksiya baş tutdu, aksiyaya gələnlərin əlində isə Heydər Əliyevin şəkli vardı. Sonra sakinlərlə qapalı görüş oldu. Amma nəticədə hökümət elan etdi ki, 1500 manatdan bir qəpik də artıq kompensasiya ödənməyəcək. Kim bununla razı deyilsə, evində qala bilər. Onların evinə toxunulmayacaq.
Məsələnin ən maraqlı mərhələsi də elə bu idi. Hakimiyyət Sovetski sakinlərinə öz həmrəyliklərini göstərmək üçün şans verir.
Sovetski camaatının bundan sonra edəcəkləri göstərəcək ki, o namus, qeyrət, papağın qiyməti nədir. Və göstərəcəklər ki, onlar qeyrət, papaq, namus, yoxsa pul davası edirlər…