Sosial dövlətçilik, neo-bolşevizm və çaş-baş qalmış Azərbaycan solçuluğu

Neobolşevik dövlət özünü əsas və ya tək çarə olaraq görür.

Source:

Bir müddət əvvəl iki siyasət adamı və intellektual, Erkin Qədirli və Murad Həsənli Bakı nəqliyyatının özəlləşdirilməsi və xaricilərə verilməsi ilə bağlı ciddi “face-debat” etdilər. Aydındır ki, ideoloji debat idi, ancaq hansı ideologiyalara söykənirdi? ReAL-çı Erkin bəy azad bazarın tərəfdarı və sağçı, Murad bəy solçu olduğu üçünmü bu debat yarandı? Bəlli deyil.

Hər şeydən əvvəl onu deyim ki, Fransada kollektiv nəqliyyatın əsas hissəsi Veolia adlanan bir qrup tərəfindən, bir qismi isə Keolis adlanan digər bir şirkət tərəfindən idarə olunur. Sadəcə, bu qrupların girə bilmədiyi dəmiryolları və Paris nəqliyyatı dövlət müəssisələrinin əlindədir.  Fransa solçular üçün ciddi bir ilham qaynağıdır.. Ölkədəki avtobanların böyük hissəsi ödənişlidir və Eiffage, Vinci, ASF kimi şirkətlərə aiddirlər. Nəqliyyatın idarəetməsi rentabellidirsə, dövlət onu əldə saxlamağı üstünlük deyil, ayıb kimi görür. Dövlətin məqsədi mənfəət deyildir. Buna görə də Bakı nəqliyyatı ilə bağlı debatlarda “hər şey dövlətin” məntiqi ilə danışan solçuların hansı tip solçulardan olduğunu ayırd etməliyik.

 Solçularla sağçılar arasında əsas ayrılma nöqtələrindən biri dövlətin iqtisadiyyatdakı yeri ilə bağlıdır, bu bəllidir. Solçu siyasi baxışın dəstəklədiyi  çoxsaylı iqtisadi sistemdən sadəcə ikisi dişədəyərdir və sınaqdan çıxa bilib. Biri hamımızın bəyəndiyi sosial-rifah iqtisadiyyatıdır ki, Qitə Avropasında tətbiq olunur. Digəri, Sinqapurda və Çində nümunəvi şəkildə tətbiq olunan dövlət kapitalizmi (State capitalism) və ya neo-bolşevizmdir (Avropa kommunistləri Leninizm haqqında “bu da kapitalizmdir, sadəcə burada kapitalist rolunda idarəçilərdir” deyirdilər). Məlumdur ki, hər iki sistem sərbəst bazar iqtisadiyyatına reaksiya olaraq yaranıb. Ancaq, bu sistemlərin öz aralarındakı fərq “free market”-(azad bazar) ilə olandan daha böyükdür.

Təbii, solçu olunca ikisindən də tərəf görünmək sərbəst bazarı pisləmək üçün daha çox arqument verir. Fəqət bu təhlükəlidir. Diqqət etməliyik ki, rifah iqtisadiyyatının dinamosu yenə də bazar və özəl təşəbbüsdür. Sadəcə bazarın təmin edə bilməyəcəyi ehtiyaclar və doğurduğu xəsarətləri yox etmək üçün dövlət iqtisadiyyatda iştirakçı olur.  Bu iştirak şübhəsiz ki, bazarın işləyişinə təsir edir, ancaq dövlət bazarda deyil, bazara paralel fəaliyyət göstərir. Beləcə dövlət maraqlı tərəf deyil, ictimai marağı qoruyan tərəf kimi iştirak edir və bazar öz mahiyyətini itirmir.  Neo-bolşevizmdə isə iqtisadiyyatın əsas dinamosu elə dövlətin özüdür. Dövlət bazarın içində oyunçudur. Daha dəqiq desək, dövlət müəssisələri (“State-owned enterprises” ; Qeyd edək ki, məsələ sadəcə “ownership”, yəni yiyəliyin dövlətə aid olması ilə bitmir, dövlət idarəçilikdə çox aktivdir).  Misal üçün Çinin ChinaMobile-ı, Rusiyanın Qazpromu, Braziliyanın Petrobras-ı, Səudiyyənin Saudi Basic İndustries-i və s. Bu iqtisadiyyatların lokomotivi, “milli çempionlar” adlanan bu müəssisələrdir.  Sistemin effekt verdiyi doğru olsa da, xəsarətləri də diqqətə alınmalıdır. Çində iqtisadi artım ötən 30 ildə ortalama 9.5 % olubdur. Bu möcüzəvidir. Di gəl ki, ölkədə 150 ən böyük çinli şirkətin ən əsas hissədarı dövlətdir. Ölkə birjasındakı şirkətlərin bazar dəyərlərinin birlikdə payı bazardakı bütün şirkətlərin cəmi bazar dəyərinə 80%-dir. Eyni göstərici  digər neobolşevik iqtisadiyyat olan Rusiyada 62%-dir. Iki ən böyük şirkət ChinaMobile və China National Petroleum Corporation-gəlirləri birlikdə 150 ən yaxşı özəl şirkətin cəmi gəlirindən çoxdur. Bu “çempionlar” yüzyaşlı Qərb divlərinə dünyada meydan oxuyur və bunu mənsub olduğu ölkənin sisteminə, dövlət kapitalizminə borcludurlar. Dünyada 250 ən böyük kontraktor şirkətin 22-si çinlidir və Top 25 siyahıda da beləsi 4-dür və bu amerikanlardan çoxdur.  Təkcə  China State Construction Engineering Corporation 2009-cu ildə 100 ölkədə 5000 iri kontrakt imzalayıb. Synohydro şirkəti dünyada su elektrik stansiyaları inşası bazarının yarısını əlində tutur. Bütün bunları bazara söykənən bir iqtisadiyyatla bu qədər qısa bir vaxtda etmək olmayacaqdı və dövlət kapitalizminin uğurunu etiraf etmək lazımdır.

Bəs bizə bu sistem lazımdırmı? İndi başlayaq sistemin pislərini sadalamağa.

  • Bu sistemin tətbiq olunduğu bir tək demokratik ölkə yoxdur. Necə olsun? Ən güclü iqtisadi qüvvələr dövlətin, dövlət də bəlli bir ideoloji qrupun və ya tayfa, ya da bir mafia-klanın əlindədir.
  •  Solçuların dəridən qabıqdan çıxdığı əmək hüquqları yerlərdə sürünür. İş saatı, iş standarları və əməyə verilən qiymət dözülməzdir.
  • Bu sistem korrupsiyaya çox açıqdır. Bunu Rusiyada yaxşı görsək də, OffShore hadisələrinə qədər çinlilərin nə halda olduğunu bilmirdik. Bildik.. Dövlətin idarəçiləri dəhşətli sərvətə sahib ola bilirlər (Sinqapur bu baxımdan hörmətəlayiqdir, növbəti yazıda Sinqapur möcüzəsinə ətraflı toxunulacaq)
  • İlk baxışda dövlət şirkətinin millətə aid olduğunu düşünsək də, əslində dövləti idarə edənlərə aid olduğu şübhə doğurmur. Təsadüfdürmü “böyük qonşu”nun “Russia İnc.” və Putinin “Ceo” (“Rusiya Açıq Səhmdar Cəmiyyətinin İcraçı Direktoru”) sayılması? Bütün gəlirlər dövləti idarə edənlərin əlində maddi vəsaitə çevrilir, büdcə ayıbları maskalanır, ifrat bədxərclik imkanı verir və siyasi manipuliyasiya alətinə çevrilirlər.
  • Firma siyasətlə və ya dövlət menecmentlə idarə olunur, yəni sistem nə Əli aşıdır, nə də Vəli. Məsələn, Gazpromun Rusiya strateji oyunlarındakı rolunu xatırlayaq. Bir şirkətin geostrateji oyunlarda maşa kimi istifadə olunması nə deməkdir, axı? Bu tip sistem siyasəti pulla çirkləndirir, firmaları isə siyasətlə. Firmalar pul qazanmaq yerinə siyasi oyunların fiquranı olurlar. Dövlətin də  mənfəət instinkti ilə hərəkət edən bir firmaya çevrildiyi görünür. Bu əsasən, dövlət şirkətləri və özəl şirkətlər arasında çıxan bərabərsizlikdə özünü göstərir. Çində özəl firmalar ortalama 4.9 % ilə kredit alarkən, dövlət işlətmələri 1.5% ilə kreditə əlçatdırırlar. Rəqabət məhv edilir və rəqibsizlik daxili bazarda keyfiyyəti salır. Monopol effekti doğur, sosial nəzarətin olmadığı ölkədə isə monopol ölümcül qorxuludur : ya qiymət baha, ya keyfiyyət aşağı olur.
  • Rəqibsizlik, siyasi iradədən asılılıq eyni zamanda innovasiyanı əngəlləyir. Dövlətə olan total inam idarəetmədə təmbəllik yaradır. Yaradıcı düşüncə və yeni texnologiya axtarışı sönük olur.
  • Firmalarda sərbəstlik yoxdursa, çeviklik də olmur. Tərəfdaşlıq və sinergiya imkanları dar olur ki, bu da resurs israfına səbəb olur. Çünki, ideal fürsətlər sırf müəssisənin struktruru ucbatında əldən çıxır. Bu dövlət firmaları nə etsələr də iflasdan xilas olacaqlarını bilirlər, ona görə də çox rahatdırlar. Rahatlıq isə ehmalçılığa və keyfiyyətsizliyə aparır.
  • Bu tip şirkətlərdə məhsuldarlıq öz potensialları ilə müqaisədə çox aşağıdır. Bunu OECD hesabatları təsdiq edir. Eyni işi görən iki firmadan özəl olan dövlətin olanla müqaisədə iki dəfə artıq xammal məhsuldarlığına sahibdir. Digər bir araşdırma göstərir ki, bənzər iki firmadan hissələrinin yarıdan azı dövlətə aid olanla yarıdan çox olan arasında 70% qazanc fərqi vardır (McKinsey hesabatı). Eləcə də Çində yerləşmiş Unirule İnstitute isə üzə çıxarıbdır ki, Çindəki « milli çempionlara » dövlət dəstəyi olmasa idi 2001-2009-cu illərdə hamısı ortalama 1.5%-lik xalis itki ilə üzləşərdilər. Deməli, bu firmalar ciddi resurs itirirlər.

Sistemin iqtisadiyyata verdiyi bu zərərlərlə yanaşı, siyasi zərərlərini də xatırlamaqda fayda vardır. Bu sistem dövlət funksiyasının qüdsiyyətini itirdir. İdarəçiləri bir qayda olaraq uzun illər hakimiyyətdə qalmağa sövq edir. Dövlət marağı adı altdında mülkiyyət toxunulmazlığını yox sayılır. Məhkəmələrdə siyasi iradə ilə qərarlar çıxarmaqla özəl sektora qarşı qətliam tətbiq olunur. Hər sistem korlana bilər, ancaq bu sistemin korlanmaq üçün daha geniş imkanları vardır. Səriştəsiz və təcrübəsiz dövlətlər, korrupsiyadan arınmaq istəyən bir ölkədə bu sistemin tətbiqi fəlakət olardı. Bütün istehsalçı qüvvələr dövlətindirsə, bu qüvvələrə sahib olmaq dövlətin başından keçir.. Halbuki, sərbəst bazarda varlanmaq üçün iki şey lazımdır : dövlətdən uzaq durmaq və dövlətin uzaq durması. Dövlət yalnız o halda iqtisadiyyatda rol almalıdır ki, özəl sektor o sahədə rol almaq istəmir. Çünki ya rentabelli deyil, ya çox risklidir. Rifah iqtisadiyyatında dövlət ya son, ya da alternativ çarə olaraq iqtisadiyyatda rol alır, halbuki neobolşevik dövlət özünü əsas və ya tək çarə olaraq görür.

Artıq, solçularımız seçimini konkretləşdirməlidirlər. Rifah iqtisadiyyatınımı, yoxsa neobolşevizmimi axtarırlar?

Ana səhifəMənim FikrimcəSosial dövlətçilik, neo-bolşevizm və çaş-baş qalmış Azərbaycan solçuluğu