Yay aylarında dizdən yuxarı, qısa şalvarlar əsl can rahatlığıdır. Dilimizdə «şortik» sözünün qarşılığı olmadığı üçün, icazə verin, elə «şortik» yazım. Rahat, yüngül, eyni zamanda dəbli və qəşəng görünən şortikləri sevirəm. Məncə ağlı başında, rahatlığı sevən, ayaqlarının gözəlliyindən narahatlığı olmayan hər bir qadın, elə kişi də bu paltarı rahat geyinə bilər və geyinməyi istəyər. Dəfələrlə tanış oğlanlardan eşitmişəm ki: «kaş biz də şortik geyinə biləydik!» deyib, bu paltarın həsrətini çəkirlər.
Amma maraqlıdı ki, bizim xalqın bu qısa, balaca, əl boyda parça qırığı ilə ayrı bir düşmənçiliyi var. Bizdə şortik geyim məsələsi deyil, əxlaq məsələsidi. Bir növ namus-qeyrətin (qeyrətsizliyin), ismətin (ismətsizliyin), abırın (abırsızlığın) göstəricisidi. Sən oxumuş adam ola bilərsən, danışığın, tərbiyən, hərəkətlərin qaydasında ola bilər. Amma əynində şortik varsa, bu müsbət keyfiyyətlərin heç biri ilə özünə bəraət qazandıra bilməzsən. Sən şortik geyinmisən, deməli, əxlaqsızsan, abırsızsan, vəssalam!
İş o yerə çatıb ki, bu sadə geyim tərzi barədə sosial şəbəkələrdə statuslar yazılır, müzakirələr açılır, əlibaltalı, ağzıköpüklü qardaş və bacılar ora aqressiv-aqressiv şərhlər yazır, şortik geyinənləri lənətləyir, söyür, təhqir edir. Müzakirənin adı çox konkret olur; Şortik geyinənlərə necə baxırsız?
Məsələ sosial şəbəkələrdəki müzakirələrlə, aqressiya ilə bitsəydi, dərd yenə yarıydı. Nəzərə alın ki, şortik geyinməklə siz təkcə narazı baxışlar, sözatmalar, fitlər, müxtəlif çağırışlarla üzləşmirsiz. Şortik geyinmək əsl təhlükədir. Yəni, bildiyiniz, əməlli-başlı fiziki təhlükə.
İcazənizlə, öz təcrübəmi paylaşıram. Kifayət qədər şəxsi məsələdir, amma ictimaiyyətin sadə bir paltara nə qədər aqressiv yanaşdığının və dözümsüzlüyünün göstəricisidir.
Mən şortik geyinməyi sevirəm. Həm mənə yaraşır, həm özümü rahat hiss edirəm, həm də bu tərz məsələsidir. Yay aylarında şortiki daha çox geyinirəm və işimlə əlaqədar bir çox yerlərə getməli oluram. Düzdü, şəhərin mərkəzində bu elə də çox aqressiya doğurmur. Burda söz atanlar olur, nəsə deyənlər olur, amma əsl aqressiyanı, qınağı, təhqiramiz yanaşmanı hiss eləmirsən. Vay odu ki, əynində şortiklə şəhər mərkəzindən bir az kənara çıxasan.
Bir dəfə 20 yanvar metrosundan çıxıb, 3-cü mikrorayon tərəfə getməli idim. Təxminən iyun ya da iyul ayı idi. Əynimdə uzunqol köynək və şortik vardı. Nə üzümdə makiyaj, nə ayağımda hündürdaban ayaqqabı. Heç nə, ancaq şortik.
Qəfildən bütün 20 yanvar həndəvərini maşın siqnallarının səsi bürüdü. Ordan-burdan müxtəlif atmacalar, çağırışlar, təhqiramiz sözlər eşitməyə başladım. Yol boyu düzülən satıcılar, yol keçənlər dönüb mənə baxmağı, nəsə deməyi özlərinə borc bildilər. Bir neçə maşın hətta yeridiymim səki ilə yanaşı sürməyə və məni dəvət etməyə başladı.
Başımı aşağı saldım ki, heç kimə fikir verməyim. Tez burdan uzaqlaşmaq istəyirdim, amma hara? Qarşıdakı adamlar onlardan da aqressiv, onlardan da vəhşi olurdu. Gedəcəyim ünvana çatana qədər minlərlə təhqir, minlərlə söz eşitdim, hətta ya arxamca, ya da elə düz üzümə qarşı tüpürənlər də oldu. Sanki məni böyük bir əxlaqsızlıq üstündə yaxalayıb, insanların arasına çıxarmışdılar ki, hərə öz nifrətini bilirsin, göstərsin.
Amma hələ bu da axırı deyildi. Cavab vermədiyimi, başımı aşağı salmağımı görən kişilərdən bir-ikisi yaxınlaşdı. Mən gözümü açmamış qəfildən mənə dəyən zərbələri hiss elədim. Onlar əməlli-başlı məni vurmağa başladılar. Ətrafdakılardan heç kim yaxınlaşıb, mənə kömək eləmək isiəmədi. Qara, bığlı, qarınlı, qızıldiş kişilər, yekə-yekə qadınlar hırıldaya-hırıldaya bu mənzərəyə baxır və hərdən məni söyməyi də unutmurdular. O kişilərin əlindən necə çıxdım, mənə kim kömək elədi – yadımda deyil. Bircə bunu bilirəm ki, sonradan müraciət elədiyim polis də günahı mənim özümdə gördü. Yəni, belə çıxdı ki, mən şortik geyinməklə insanları məni döyməyə təhrik eləmişəm.
Bircə paltar, balaca bir şortik bəs elədi ki, mən bu ölkədə insanların, xüsusilə kişilərin əsl üzünü görüm. Onların necə qəddar, necə rəhmsiz, vəhşi olduqlarını başa düşüm. Təkcə kişilər deyil. Dəfələrlə məni şortikdə görən qadınlardan da söyüş, təhqir eşitmişəm. Onların sadəcə gücləri çatmayıb. Yoxsa yaxınlaşıb döymək də istəyərdilər.
Bu onların əxlaq anlayışıdır. Şortikdən qısa əxlaq anlayışı. Amma bu heç əxlaq da deyil axı. 20 yanvarda tək, köməksiz, başını aşağı salıb yeriyən şortikli qızı döyməyi kişilik sayanlar heç vaxt bahalı maşında, onların yanından saymazyana ötən, maşını az qala onların üstünə sürən mini ətəkli, şortikli qadına yaxınlaşmağa cəsarət eləməzlər. Çünki çox gözəl bilirlər ki, o qadınların arxasında dayanan kişilər bu qeyrətli qardaşları nə günə qoyar. Onların gücü, əxlaqı ancaq köməksiz insanları görəndə özünü büruzə verir.