Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə ölüb, 35 nəfər xəsarət alıb
Bu ilin ilk 3 ayında ölkədə 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 453 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8 faiz), ölənlərin sayı 80 nəfər (35,9 faiz), xəsarət alanların sayı 102 nəfər (18,4 faiz) azalıb.
Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 31 nəfər ölüb, 160 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 60 fakt (29 faiz), 37 nəfər (54,4 faiz), 61 nəfər (27,6 faiz) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9 faizi (155 hadisə, 52 ölüm, 183 xəsarət alan ) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3 faizi (102 hadisə, 43 ölüm, 89 xəsarət alan) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8 faizi (58 hadisə, 10 ölüm, 81 xəsarət alan) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,1 faizi (5 hadisə, 2 ölüm, 5 xəsarət alan) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,8 faizini (171) piyadaların vurulması təşkil edib. Nəticədə 64 piyada ölüb, 119-u xəsarət alıb. 5 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə ölüb, 35 nəfər xəsarət alıb.