Son üç ayda bir sərhəd kəndində iki müki yaralı

Tovuzun Əlibəyli kəndində bu il artıq iki mülki vətəndaş yaralanıb. Kəndin atəşə məruz qaldığı son olayda bir mülki və bir hərbiçi yaralanıb.

Source:


Tovuzun Əlibəyli kəndində bu il artıq iki mülki vətəndaş yaralanıb. Kəndin atəşə məruz qaldığı son olayda bir mülki və bir hərbiçi yaralanıb.

Bu haqda məlumatı Meydan TV-yə Tovuzun Əlibəyli kənd sakini Sahib Quliyev verib. Onun sözlərinə görə, martın 27-də saat 22.30-dan başlayaraq kənd Ermənistan ordusu tərəfindən üç saat güclü atəşə məruz qalıb. Nəticədə kənd sakini, 1969-cu il təvəllüdlü Elman Qoca oğlu Tağıyev ombasından güllə yarası alıb. O rayon xəstəxanasına yerləşdirilib. Atışma zamanı Azərbaycan ordusunun bir əsgərinin də ayağından yaralandığı deyilir. Təxminən 15 gün öncə də atəşkəsin pozulması nəticəsində kənddə bir qadın dizindən güllə yarası alıbmış.

Milli Məclisdə Tovuz seçicilərini təmsil edən Qənirə Paşayeva öz Facebook səhifəsində Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi pozmasına və nəticədə bir nəfər mülki vətəndaşın yaralanmasına münasibət bildirib. Deputat yazıb ki, Ermənistan silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər: “Gecə demək olar ki yata bilməmişik. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını, sonra isə kənd sakini Etibar Tağıyev qardaşımızın evini, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq, özəlliklə axşam saatlarında. Çünki o zamanlar bütün ailə evdə olur. Ermənistanın silahlı qüvvələrinin xisləti bundan ibarətdir”. Deputatın sözlərinə görə, Etibar Tağıyevin məktəb yaşlı 3 uşağı və ailəsinin yaşadıqları çox ağır hadisədir və çox şükr ki, onlar ciddi bir xəsarətlər almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara ciddi təsir edib. İnşallah bir daha nə onlar, nə də digər ailələrimiz belə hadisələr yaşamasın. Ermənistan dövləti və onun silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi”. Q.Paşayeva ATƏT-nin Minski Qrupunu da tənqid edib: “ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi… Çox təəssüf… Bu insanlar isə onlardan ən azı etiraz səslərini ucaldan açıqlamalar gözləyirlər”.

Ana səhifəXəbərlərSon üç ayda bir sərhəd kəndində iki müki yaralı