Son müharibənin ordusu

Qurban bayramında Çeçenistan terror hücumlara məruz qalıb

Source:
Foto: Kavkazskiy Uzel
Foto: Kavkazskiy Uzel

Məqalə

“Novaya qazeta”

nın saytından dərc olunub.

Qurban Bayramı münasibətilə üç gün davam edən tətilin ilk günü, bazar ertəsi Çeçenistanda bir sıra terror hücumları baş verib. Səhər saat 10-da Şali kəndində sərhəd keçid məntəqəsində xidmət aparan polis məmurlarına iki nəfər bıçaqla hücum edib. Digər bir təcavüzkar, Mesker-yurt qəsəbəsində YPX postunun qabağında özünü partlatmaq istəyib. Digər ikisi Qroznıda propan silindrlər dolu avtomobili partlatmaq istəyib. Partlayıcı qurğu işləyib, amma zəif olub. Silindrlər salamat qalıb. Təcavüzkarlar öz avtomobilləri ilə təqibdən qaçarkən üç YPX zabitini vurublar və KİV-in dediyinə görə, polislə atışmada ölüblər.

Rəsmi mənbələr də daxil olmaqla, müxtəlif mənbələrdən yayılan məlumatlara görə, hücum edənlər azyaşlı Çeçenistan sakinləri olub. Ümumi neçə nəfər olması və onların hamısının azyaşlı olub-olmaması məlum deyil.

YPX məmurunu vuran döyüşçülərin maşınının təqibi videosu

Hücum günü də təsadüfən seçilməyib. Bu, müsəlmanların müqəddəs bayram günü idi və Çeçenistan rəhbərliyi tam tarkibdə Məkkəyə həccə getmişdi. Bu iki hal çeçen polisinin diqqətini yayındırmışdı. Və çətin ki, yeniyetmələr özləri bu cür təfərrüatları hesablaya bilsinlər.

Mövcud məlumatın analizindən görünür ki, son terror aktı – avtomobilin partladılması, təqib zamanı yol polisinə hücum, sonra da polis əməkdaşlarıyla atışma – 17 və 11 yaşlı iki oğlan tərəfindən həyata keçirilib. Belə çıxır ki, ya on bir yaşındakı uşaq yüksək sürətlə avtomobil sürüb, digəri polislə atışıb, ya da – əksinə. Bu vəziyyət böyük şübhə doğurur, yəni təcavüzkarların sayı daha çox ola bilər.

Görünən odur ki, Çeçenistan güc strukturları terror aktlarının təşkilatçısı kimi Şali kəndi rəhbərinin birinci müavini Ramzan Musayevin yeganə oğlu, on yeddi yaşındakı Maqomed Musayevi görür. Bundan əlavə, 20 avqust axşamı, televiziya kanalı Qroznıy Tv-nin instagram səhifəsində Ramzan Musayevin Çeçenistanın daxili işlər nazirinin birinci müavini Apti Alaudinovanın qarşısında oğlundan imtina etdiyini bildirdiyi və “oğlunu əməkdaşlığa cəlb edənləri və terrorizm və ekstremizm yolunu tutanları” lənətlədiyi video ortaya çıxıb.

Yəni üç ay ərzində Çeçenistanda ikinci terrorçu hücumun şərtlərini müəyyənləşdirmək əvəzinə, Daxili İşlər Nazirliyinin əməliyyat işləri üzrə məsul müavini, təcavüzkarların qohumlarının dalınca qaçır və artıq Çeçenistan üçün adət halına gələn bir şeyi yerinə yetirmələrini tələb edir.

Solda – Çeçenistan Daxili İşlər Nazirliyinin birinci müavini Apti Alaudinov, sağda – Maqomed Musayevin atası

Aydındır ki, bu video yalnız bir məqsədlə lentə alınıb – respublika başçısı Ramzan Kadırovun önündə hesabat verə bilmək üçün. Terrorçu yeraltına qarşı mübarizədə kollektiv məsuliyyət prinsipinin istifadəsi çeçenlərə məxsus deyil. Lakin elə məhz Əhməd Kadırov, sonra da oğlu bu metodu Çeçenistanda əsas mübarizə metodlarından birinə çevirdi. Bu cür yanaşmalar hələ “klassik” meşə yeraltısının mövcudluğu və onların “sosial bazaya” sahib olduğu vaxtlarda necəsə işləyirdi — məsələn, girov götürə bildikləri qohumları vardı və beləliklə, döyüşçüləri təslim olmağa məcbur etmək mümkün idi. Ancaq Çeçenistanda “meşədəkilər” tərəfindən həyata keçirilən son terror hücumu 2014-cü ilin dekabrında (Qroznıya hücum) baş verib. O vaxtdan bəri Yaxın Şərqdəki hadisələrin təsiri ilə Şimali Qafqaz və Çeçenistan da daxil olmaqla, bütün dünyada terrorizmin ideologiyası və formaları kəskin şəkildə dəyişdi. Terrorizm inkişaf etdi və modernləşdi, amma təəssüf ki, bu dəyişiklikləri Çeçenistanda hiss etmədilər və buna hazır deyildilər.

Çeçenistanda anti-terror qüvvələrinin əsasını çeçen polisi təşkil edir. Bura daxil olmaq çox bahalı olduğundan, polis idarələrinin ştatları tamamlanmış deyil. Bir çox çeçen polisinin nəinki ali təhsili, heç tam hüquqlu orta təhsili yoxdur – onlar heç rus dilində də danışa bilmirlər. Çeçen Daxili İşlər Nazirliyində əsas diqqət hər polis şöbəsində çevik reaksiya qrupları kimi güc bölmələrinin hazırlığına yönəldilib. Onlar parlaq təchiz olunub (adətən öz hesablarına) və bunu internetdə onlarla videoda görə bilərsiniz.

Rayon şöbələrinin qayğıkeş başçıları daima düzülüş nümayişləri təşkil edir. Bu nümayişlərdə tabeliklərində olanların formalarını və təchizatlarını eynilə Ramzan Kadırovu yamsılalayaraq düzəldirlər.

Bütün bunlar rayon şöbəsinin müdirinin instagramında effektiv bir foto ilə göstərilir. Çeçen polis xidməti isə çox xüsusi bir şəkildə təşkil olunub və bu xidməti tənzimləyən Rusiya normativ sənədlərindən çox uzaqdır. Yaxın vaxtlarda, Qroznının mərkəzində pravoslav kilsəsinə olan hücumlar kimi konkret bir vəziyyətə gəldikdə, eyni çevik reaksiya qrupları – Əhməd Kadırov adına patrul polisi, SOBR “Terek”, hətta yerli “milli qvardiya” – hadisə yerinə artıq ediləsi bir şey qalmadığı vaxtda gəlirlər. Və yerli jurnalistlərin kameraları qarşısında öz bacarıqlarını nümayiş etdirməyə başlayırlar. Məsələ ondan ibarətdir ki, bu bacarıqlar (hətta onlara malik olsan da) ənənəvi olaraq meşə bandit qruplarını məhv etməyə yönəlik xüsusi əməliyyatlar üçün əlverişlidir.

Çeçenistanda mövcud terrorizmin profilaktikası məqsədilə məntəqə məmurları, kənd başçıları və terrorçuların qohumları məsuliyyətə cəlb olunur – adətən hadisədən sonra. Terrorun yeni növü, əl altında olan şeylərdən istifadə edən fərdi, gözlənilməz hücumlar – həqiqətən potensial terroristin ailəsinin və yaxın ətrafının köməyi olmadan qarşısı alına bilməz. Amma bu yerdə əhalinin polislə əməkdaşlığı yalnız polisdən dəhşət dərəcədə qorxmadığı hallarda baş tutur. Misal üçün, müsəlman qaçqınlara qarşı düşmən mövqeyində duran ultra-mühafizəkar Avstriyada polis və çeçen diasporasının qarşısına ortaq İŞİD (Rusiyada qadağan edilən təşkilat) təhlükəsi çıxdı. Çeçen ailələri yaxınlarının davranışlarının onlarda qorxu yaratması haqda polisi operativ şəkildə məlumatlandırır. Və yaxud uşaqlarının evi tərk etdiyi və bunu İŞİD təbliğatı altında etdikləri ilə bağlı əsaslı hesab etdikləri şübhələrini dilə gətirirlər. Şengen sərhədini keçməyə cəhd edərkən qaçaqlar dərhal nəzarətə alınır. Hətta yaxın Şərqə gedənlər və etdikləri dəhşətli axmaqlığı başa düşənlər arasından geri qaytarılanlar da olub. Bəli, hamısı istintaqdan keçib, məhkəmələri olub, həbsxanaya giriblər (müddətlər az olub). Ancaq hamısı sağ qalıb.

Çeçenistanda terrorizmlə mübarizə keçən əsrdən bəri aparılır. Müasir terrorçuluq təhdidlərinə qarşı durmaq üçün, gücdən çox beyinə ehtiyacımız var.

Çeçenistanda terrorla mübarizədə “beyin mərkəzi” Daxili İşlər Nazirliyi deyil, respublikanın FSB (Federal Təhlükəsizlik Xidməti) idarəsidir. Və heç bir terror aktı ona qarşı iddia qaldırmaq üçün səbəb olmur. Elə bil heç yoxdur. Bundan əlavə, bu şöbə çeçen polisini zəruri əməliyyat məlumatı ilə təmin edir.

Elə FSB-nin Çeçenistan Respublikası üzrə verdiyi əməliyyat məlumatları ilə 2016-cı ilin dekabr ayında Qroznı, Kurçaloevski və Şalinski rayonlarında kütləvi həbslər başlamışdı. Bu həbslər ən azı 27 nəfərin öldürülməsilə ilə nəticələndi. Bu barədə “Novaya qazeta” bir neçə dəfə yazıb – və bu hadisə bizə göstərir ki, “yeni” terrorizmə qarşı mübarizədə köhnə üsullar indi necə təsirsizdir.

Bu “əməliyyat məlumatı” 2016-cı ilin dekabrında Qroznıya olan hücuma cavab olaraq ortaya çıxıb. Bu hücum ilk dəfə respublikada müasir İŞİD terrorizmini nümayiş etdirdi.

Kadırovun rəhbərlik etdiyi Çeçen təhlükəsizlik qüvvələri baş verən hadisələrə köhnə üsullarla reaksiya verdi: ən kiçik təhdidə qarşı belə kütləvi həbslərlə mübarizə aparmağa başladı. Çeçenistanın bir çox regionunda antiterror əməliyyatları həyata keçirildi, respublikanın bütün güc strukturlarını televiziya kameralarının önünə göndərdilər. Yetkinlik yaşına çatmayanlar da daxil olmaqla çox sayda Çeçenistan vətəndaşı saxlanıldı. “Novaya Qazeta”, Şali və Kurçaloevski rayonlarında saxlanılan 67 nəfərin məlumatlarını göstərən standartlaşdırılmış polis cədvəllərindən birini dərc etdi. Əlbəttə ki, belə cədvəllər daha çox idi. Daxili İşlər Nazirliyinin Qroznı və ətraf bölgələrdəki bütün bölmələri və şöbələri saxlanınlanlarla dolmuşdu. Bu qədər çox sayda insanı idarə etmək çətindir və şəhərin Daxili İşlər İdarəsində bir ay içərisində iki fövqəladə hal baş verib. Hər iki halda, saxlanılanlar polislərin avtomatlarını ələ keçirib və onları güllələyiblər.

Birincidən sonra, 2016-cı ilin sonunda Kadırov hətta Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin nazir müavini Apti Alaudinovu qovub. Lakin bu məlumatlar ictimailəşdikdə Alaudinov vəzifəsinə geri qayıdıb, baxmayaraq ki, Kadırovun yaxın dostu olan Vahit Umayev onun ofisində artıq rahatca yerləşmişdi.

Çeçenistanda bu cür kütləvi həbslər nadir hallarda rəsmiləşdirilir. Ancaq qeyd etmək lazımdır ki, Çeçenistan FSB zabitləri bütün məhbuslarla operativ formada işləyib, sonra isə əldə etdikləri məlumatları Çeçenistan Ekstremizmlə Mübarizə Mərkəzinə ötürüblər. Bu əməliyyat nəticəsində bəzi saxlanılanları “qanuniləşdiriblər” və onlara qarşı cinayət işi açıblar. Lakin ən azı 27 nəfər öldürülüb. Aydındır ki, bu mühakiməsiz edam bir növ “radikal akt” idi. Heç nə ilə bəraət qazandırmaq olmayan. Bizdə olan məlumata görə, yanvar ayında Əhməd Kadırov adına polis bölməsinin patrul xidməti ərazisində saxlanılan və öldürülənlərdən heç bir FSB-ni həqiqətən təhlükəli terrorist olaraq maraqlandırmayıb.

Saxlanılanlara qarşı cinayət işi Rusiya qanunlarına zidd olaraq başlanıb və araşdırılıb. Bütün bu hallarda FSB-nin Çeçenistan üzrə istinadları eynidir. Bütün bu hallarda ittihamlar bir-birinin eynisidir — “evin qabağında skamyada oturub Suriyaya getmək və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq niyyətini ifadə ediblər”. Çeçenistanda insanların terrorist qruplara necə qoşulduğu, İŞİD ideoloqlarının təsiri altına necə düşdükləri, terror hücumlarının necə planlaşdırıldığı barədə cinayət işində heç bir məlumat yoxdur. Əslində, orada şübhəlilərin “səmimi etirafları” istisna olmaqla, heç bir şey yoxdur.

Bu cinayət işlərinə baxdıqda görünür ki, nə Çeçenistan FSB-sinin, nə də Respublika Daxili İşlər Nazirliyinin yeni bir təhlükə haqda və bununla necə mübarizə aparılacağı barədə heç bir təsəvvürləri yoxdur.

Qroznıya dekabr hücumundan sonra məhbuslarla iş lotereya kimi idi. Kiməsə mənfi düşdü, kiməsə – Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir maddəsi, kiməsə də – “müsbət”. Bu işarələr polis cədvəllərində olan işarələrdir: “mənfi” ilə qeyd olunanlar məhv edildi, “müsbət”lə qeyd olunanlar evə qayıtdılar.

Belələri əksəriyyəti təşkil edirdi: bölmənin ərazisində bir neçə gündən bir neçə həftəyədək saxlanıldıqdan sonra sərbəst buraxıldılar. Yaxınlarının azad buraxılması üçün daha çox pul verə bilən ailələrin üzvləri daha şanslı idi.

“Yanvar məhbusları” arasında bazar ertəsi hücumunun təşkilatçısı olduğundan şübhələnilən 16 yaşlı Maqomed Musayev də var idi. “Novaya Qazeta”da dərc edilən cədvəldə Musayev 48-ci sıradadır. Eyni yerdə – fotoşəkili, doğum tarixi və yaşayış yeri, habelə Darqayev Sidik adlı birisinin dəstəsinə üzv olduğu ilə bağlı məlumat da qeyd olunub.

2017-ci ilin yanvar ayında saxlanılan 67 Çeçenistan sakininin qeyd olunduğu fotocədvəl “Novaya Qazeta”
2017-ci ilin yanvar ayında saxlanılan 67 Çeçenistan sakininin qeyd olunduğu fotocədvəl “Novaya Qazeta”

Bu, bir bandit qruplaşmasıdırmı və həqiqətən də mövcud olubmu – böyük sirrdir. Mövcud olmaması da istisna edilmir. Amma çox güman ki, Maqomed Musayev bu səbəbdən azadlığa buraxılmayıb. Heç həbs edildiyi vaxt azyaşlı olduğuna görə də yox. Lakin ona görə ki, atası Ramzan Musayevin ciddi vəzifəsi var və övladını xilas etmək üçün pul ödəyə bilərdi.

İndi, bir il sonra, Çeçen təhlükəsizlik işçilərinin fikrincə, Maqomed Musayev polislərə qarşı bir sıra intihar hücumlarının təşkilatçısı olub. Bıçaqlar və kustar üsulla hazırlanmış partlayıcı qurğularla bu uşaqlar sadəcə öldürmək üçün yox, həm də ölmək üçün yola çıxıblar.

Niyə? Təəssüf ki, biz bunu heç vaxt bilməyəcəyik. Çünki Rusiyada terrorizmlə mübarizə edənlər nə anlamaq, nə də qarşısını almaq istəmir.

Ana səhifəXəbərlərSon müharibənin ordusu