”Son hadisələr gedişatın gözlənilmədən dəyişə biləcəyini göstərir”

Sülhəddin Əkbər: ”Proseslərin təhlili üçün dəqiq məlumat yoxdur”

Source:
Sülhəddin Əkbər
Sülhəddin Əkbər


Sülhəddin Əkbər: ”Proseslərin təhlili üçün dəqiq məlumat yoxdur”


Mingəçevir

şəhərindəki “Azərbaycan” İES-də iyulun 2 və 3-də baş verən partlayış ölkənin nəqliyyat sektorunu iflic vəziyyətinə salıb.

İyulun 3-ü axşamdan “Bakı Metropoliteni” fəlaiyyətini dayandırıb, dəmiryolu isə işini müəyyən qədər bərpa edə bilib. Bununla parallel olaraq Gəncə şəhərinin icra başçısı

Elmar Vəliyev

ə qarşı sui-qəsd olub. Rəsmi qurumlar icra başçısının və mühafizəçisinin hazırda xəstəxanada olduğunu bildiriblər.

Prezidentin köməkçisi Əli Həsənov Elmar Vəliyevin güllələnməsini adi kriminal adlandırıb.

Amma rəsmi yanaşmanı bölüşməyənlər də var.

Siyasi icmalçı Sülhəddin Əkbər Meydan TV-yə deyib ki, avtoritar sabitliklər kövrək olduğundan gözlənilmədən “hər şey” alt-üst olur.

“Ölkədə demokratik ictimai nəzarət sistemi olmayanda, dövlət və hakimiyyət orqanları nəzarətkənar qalır, nəticədə qanuni vəzifələrini yerinə yetirmirlər. Son iki günün hadisələri qısa zaman kəsiyində gedişatın gözlənilmədən dəyişə biləcəyini göstərir”.

O qeyd edib ki, artıq infrastruktur problemi yaranıb, Mingəçevir qəzasının təxribat olub-olmaması hələlik bəlli deyil, Gəncə icra başçısının güllələnməsi Əli Həsənovun dediyi kimi adi kriminaldır, yoxsa məqsədyönlüdürmü sualları açıq qalır.

“Çünki proseslərin təhlili üçün dəqiq məlumat yoxdur. Bütün hallarda Azərbaycanda qapalı rejim olduğundan ictimaiyyətə məhdud, yanlış və dezinformasiya verir. Hətta doğru məlumat veriləndə də, cəmiyyət inamsız olduğu üçün insanlar arxa planda nəsə axtarırlar”.

Sülhəddin Əkbər hesab edir ki, avtoritar rejimin məhdud potensialı olduğundan tükənmə gedir, ölkədə siyasi-hüquqi və sosial-iqtisadi islahatlar keçirilməsə, vəziyyət daha da ağırlaşacaq, sabitlik pozulacaq və nəzarətdən çıxacaq.

“Ona görə hakimiyyət taleyini düşünürsə, yuxarıdan islahatlara başlamalıdır, amma artıq gecikiblər. Ermənistandakı son bir neçə ayın olayları nəzərə alınsa, Azərbaycan demokratik inkişaf prosesində geri getdiyi üçün beynəlxalq nüfuzunda ciddi zərbə alıb”.

O, islahatlar deyəndə, siyasi sahədə müxalifətlə, ictimai institutlarla və cəmiyyətlə dialoqa başlamalı olduğunu vurğulayıb:

“Mövcud durum dəyərləndirilməli və siyasi yol xəritəsi hazırlanmalıdır. Siyasi institutların legitimliyi təmin olunmalıdır. Seçki qanunvericiliyi demokratik şəkildə təkmilləşdirilib və ardınca azad, ədalətli bələdiyyə, parlament, prezident seçkiləri keçirilməlidir. Bunların ardınca icra orqanlarının üzərində parlament nəzarəti gücləndirilməlidir. Bu, o deməkdir ki, parlament həqiqi şəkildə dövlət büdcəsinə nəzarət etməlidir. Konstitusiyanın birinci maddəsi real şəkildə gerçəkləşməlidir. Sadaladıqlarım olmadan islahat aparmaq qeyri-mümkündür. Çünki islahatların hüquqi bazasını qanunverici orqan hazırlayır, isra hakimiyyəti isə gerçəkləşdirir, mətbuat, QHT sektoru nəzarət edir”.

S.Əkbərin sözlərinə görə, oğul Əliyevin rəhbərlik etdiyi avtoritar rejimin dairəsi 15 ildəkindən fərqli olaraq daralıb.

“Avtoritar rejim “inkişaf” etdikcə, hakim ailə təklənir, həm öz çevrəsindən, həm ona dəstək verən siyasi qüvvələrdən və həm də xalqdan ayrılır. Heydər Əliyevin hakimiyyətindəki YAP-la oğul Əliyevin iqtidarı zamanı YAP fərqli durumdadır. Yaxud birinci Əliyevin hakimiyyəti zamanı olan iş adamlarıyla indiki iş adamları, sayları seyrəlib. Nə qədəri həbs olunub, yaxud ölkədən didərgin salınıb. Artıq hakim elitada parçalanma var və bunun önündə ailənin adamları dayanır. Deməli, avtoritar rejim öz “inkişafında” son mərhələyə qədəm qoyur”.

Onun fikrincə, bu parçalanma müxalifətin, ictimai institutların və cəmiyyətin parçalanması ilə nətəcələnəcək.

“Hakim elita daxilində parçalanma müxalifət daxilində də özünü biruzə verir. Avropada müxalif qruplar arasındakı duruma nəzər salmaq kifayətdir. Hakim elitanın Avropadakı iki qanadı bir-biriylə informasiya-təbliğat müharibəsi aparır. Eyni mənzərə son kadr tətyinatlarında, iş adamları arasında, mülkiyyət uğrunda savaşda özünü göstərir”.

Siyasi icmalçı bildirib ki, İran və Rusiya məsələsinin gündəmə gəldiyi bir zamanda Azərbaycandakı hər hansı hadisə qlobal və regional güclərin diqqət mərkəzindədir.

“Onlar arasında mübarizə hər bir ölkə uğrunda gedir, Ermənistanda, Gürcüstanda və İrandakı proseslər də eyni istiqamətdə, bir-birilə əlaqəli və paralel gedir. Ona görə Azərbaycandakı hər hansı hadisə baxımdan kənar qüvvələrin daxildəki “kalon”ları vasitəsilə hakimiyyətə təzyiqlərin olması təbiidir. Hakimiyyət də zəiflədikcə, xarici qüvvələr qarşısında güzəştə getməyə daha çox meylli olur”.

O hesab edir ki, əgər ölkəyə bir kiber hücum nəzərdə tutulubsa, bütün ölkə buna açıqdır.

“Zamanında BTC kəmərinin Türkiyə ərazisindəki hissəsi partladıldı, kompütert idarəçilik sisteminə daxil olub boruda təzyiqi artırıb belə partlayış törətmişdilər. Hələ də bunun səbəbi tam açıqlanmadı. Enerji sistemi isə daha həssas olduğundan bu infrastrukturda kiber əməliyyatlar keçirmək daha rahatdır. Azərbaycanda isə kiber müdafiə yox səviyyəsində olduğundan bu təhlükə realdır. İndiki dünyada agenti göndərib hara isə partlayıcı maddə qoymağa ehtiyac yoxdur, Avstraliyada oturub Azərbaycana kiber hücum təşkil etmək mümkündür”.

Ana səhifəAnalitika”Son hadisələr gedişatın gözlənilmədən dəyişə biləcəyini göstərir”