Natiq Cavadlı
Özünə Müzəffər Ali Baş Komandan dedizdirən prezident bu cür zəif alternativlərlə yarışı necə rəva bilir?
7 fevral növbədənkənar Prezident seçkilərinə 1 aydan da az zaman qalır. Artıq namizədlər məlumdur. 20 ildir ölkəyə rəhbərlik edən İlham Əliyevlə seçki yarışına başlayan deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyevdir.
Adları çəkilən deputatlardan üçü partiya rəhbəridir, Fazil Mustafa Böyük Quruluş, Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi, Razi Nurullayev Milli Cəbhənin.
Onların arasında BAXCP sədri Qüdrət Həsənquliyev son 20 ildə keçirilən bütün prezident seçkilərində iştirak edib və onun topladığı ümumi səslər 7.79 faiz civarındadır. Məsələn, MSK-nın məlumatına görə, Qüdrət Həsənquliyev 2003-cü il seçkilərində 0.50 faiz (12071), 2008-ci il seçkilərində 2.28 faiz (83037), 2013-cü ildə 1,99 faiz, (73586), nəhayət, sonuncu 2018-ci il seçkilərində 3.02 faiz (119 311) səs toplayıb.
Maraqlı məqam BAXCP sədrinin 2018-ci il seçkilərində partiyası olmayan Zahid Orucdan da az səs toplamasıdır. Yəni MSK-nın nəticələrinə əsaslansaq, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “ana müxalifət”dir.
Deputat Zahid Oruc ilk dəfə 2013-cü il Prezident seçkilərində iştirak edib və rəsmi məlumatda onun 1,45 faiz (53717) səs topladığı qeyd olunub. Növbəti 2018-ci il seçkilərində Zahid Oruc 3.12 faiz (122 956) səs toplamaqla seçki yarışına qatılan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu (3.03), BAXCP sədri Qüdrət Həsənquliyevi (3.02), Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəni (1.38), Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyevi (1.17) və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevi (0.78) geridə qoyub. Beləliklə, Z.Orucun 2 seçkidə topladığı ümumu səs 4.57 faizdir. Və bu dəfəki seçkilərə də qatılan Zahid Orucun sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələrində İlham Əliyev həmişə ən yüksək reytinqli siyasətçi kimi göstərilib. Bəs bunu bilə-bilə mərkəz sədri niyə üçüncü dəfədir seçkilərdə iştirak edir? Hər halda bu suala onun özü cavab verə bilər.
Digər namizədlər Fazil Mustafa və Razi Nurullayev isə 2-ci dəfədir Prezident seçkilərinə qatılırlar. Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 2008-ci il seçkilərində 2.47 faiz (89985), Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə 2018-ci ildə 0,74 faizlə (29.229) 8 namizəd arasında sonuncu nəticəni göstərib.
Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev də ikinci dəfədir Prezident seçkilərində iştirak edir. Fuad Əliyev ilk dəfə 2008-ci il seçkilərinə qatılarkən Liberal Demokrat Partiyasının sədri olsa da, 1 faizdən də az səs toplayıb (0.78 faiz). Maraqlıdır ki, namizədliyinin qeydə alınması üçün MSK-ya 40 min imza təhvil verən F.Əliyev 28 min 423 nəfər səs almışdı. Bu cür əcaiblik Azərbaycan seçkilərində adi haldır.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə gəlincə, keçmiş AMİP-çi ilk dəfədir dövlət başçısı seçkisi yarışında özünü sınayır. Dediyinə görə, 2003-cü ildə namizədliyini irəli sürsə də, MSK onu qeydə almayıb.
Beləliklə, 7 fevral növbədənkənar Prezident seçkilərinə qatılan namizədlərin əvvəlki seçkilərdə topladığı səslər ümumilikdə 16,35 faizdir. Bu isə İlham Əliyevin təkcə 2003-cü il Prezident seçkilərində topladığından (76.84 faiz) 6 dəfə azdır. Sual yaranır, 20 il əvvəlki dövrlə müqayisədə qat-qat güclü olan və Qarabağ problemini həll edən Əliyevlə yarışa girənlər hansı nəticəni əsas götürüb prosesdə dividentlər qazanacaqlarını hesablayıblar? Məsələn, 2003-cü ildən bəri keçirilən bütün Prezident seçkilərində ümumi səs qazancı 7-8 faiz civarında olan və siyasi fəaliyyəti boyu hakimiyyəti dəstəkləyən Qüdrət Həsənquliyevi, əvvəlcədən nəticələrini bildiyi “seçki tamaşası”nda iştiraka hansı amillər vadar edir? Əlbəttə, Azərbaycan gerçəkliyi “axan çaya iki dəfə girmək olmur” məntiqini rədd edir.
Hətta onların ümumi səsi 20 il əvvəlki seçkilərdəki rəsmi məlumata görə ikinci və üçüncü yerləri bölüşdürən İsa Qəmbər (13.97) və Lalə Şövkətin (3.62) birgə topladıqlarından da (17.59 faiz) azdır.
Məsələyə əks aspektdən baxaq, özünə Müzəffər Ali Baş Komandan dedizdirən Prezident bu cür zəif alternativlərlə yarışı necə rəva bilir? 20 illik hakimiyyəti zamanı 4 Prezident seçkisində 70-80 faizdən çox səs aldığı elan olunan, regionun lider dövlətini yaratdığını iddia edən və nəhayət, Qarabağ probleminə son qoyduğunu deyən İlham Əliyev özünə arxayın deyilmi ki, seçki qanunvericiliyini təkmilləşdirib, 23 günlük təbliğat kampaniyasını 25 il əvvəl olduğu kimi (1998-ci il) 60 günə qaldırıb yarış təşkil etsin? Sualların axını dayanmır, lakin hakimiyyət bunları görməzdən gəlir. Zaman isə amansızdır, tarix bu cür görməzliyin əbədiyyətə qədər davam etdiyinə şahid deyil. Dialektikanın qanunauyğunluğu bir gün illərlə təkrar olunan təkrarlığı dağıdır.
Müxalif partiya sədrlərinin seçkilərdə iştiraklarına gəldikdə, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər yalnız 2003-cü ilin seçki yarışında iştirak edib. AMİP-in keçmiş sədri Etibar Məmmədov 1998 və 2003, Lalə Şövkət Hacıyeva 2003-cü il seçki yarışına qatılıblar. AXCP sədri Əli Kərimli və REAL Partiyasının sədri İlqar Məmmədov isə Prezident seçkilərinin heç birində iştirak etməyiblər.