Son 1 il: Azərbaycan qadını haradadır?

Rəsmi sahibkarlıq subyektlərinin ən yaxşı halda 20 faizi qadınlardır

Source: meydan.tv

''Statistika da xanımların iqtisadi həyatda üzləşdiyi ciddi sorunları gizlədə bilmir''


Erkən evlilik, erkən fəsadlar

Erkən nikah, məcburi evlilik, döyülmə, söyülmə, təhqir edilmə, zorakılıq, gender bərabərsizliyi – bunlar Azərbaycan qadınının problemlərindən bir qismidir. Statistika və rəsmi qurumların hesabatları son illər ölkədə qadınlara qarşı vəziyyətin yaxşılaşdığını söyləyir. Bəs reallıq nə deyir?

Azərbaycanda son 10 il ərzində 18 yaşı tamam olmadan ərə verilmiş təxminən 28 000 qız var.


Rəsmi statistika

ya görə, 2007-2017-ci illərdə Azərbaycanda 28 000 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.


17 yaşında ərə getmiş Vəfa

deyir ki, o ailə həyatı barədə həm məlumatsız, həm də hazırlıqsız olub. O düşünürdü ki, ər evi onu ağır təsərrüfat işlərindən və yoxsulluğun gətirdiyi problemlərdən azad edəcək.

Lakin gözlədiyi kimi alınmadı. Kasıblıq ər evinədək onu kölgə kimi izlədi.

“Atam evində hər gün sahələrə alağa gedirdim. Düşünürdüm ki, müvəqqətidir, ailə qurandan sonra mənə ərim baxacaq, bir də belə ağır işlər görməyəcəm. Ancaq belə olmadı”, Vəfa deyir.

İmişli rayon sakini Vəfa Hümbətova ərə getdiyi ildəcə hamilə qalıb. Bu da onun üçün gözlənilməz olub:

“Uşağı xəstəxanada verdilər qucağıma. İnanın, özümü ana kimi hiss edə bilmirdim. İçimdə sevinc yox, kədər vardı. Camaat ana olduğuna sevinirdi. Mən isə ailəni xərcə saldığıma görə üzülürdüm. Fikirləşə-fikirləşə qalmışdım ki, necə böyüdəcəm, ehtiyaclarını necə ödəyəcəm… Elə bil Allah məni cəzalandırdı. İki ay sonra uşağın bədəni yara tökdü, öldü. Sonradan dedilər ki, həkimə aparsaydın, belə olmazdı”.

21 yaşlı Gülmirə Məmmədova da ilk hamiləliyini ağır keçirib. 18 yaşında ərə getmiş Gülmirə İmişlinin Bəcirəvan kəndindəndir. Deyir ki, əslində kənd yeri üçün 18 yaş o qədər də erkən sayılmır. Amma özü üçün çox erkən idi:

“Uşaq idim, çox şeyi bilmirdim. Ən azından fikirləşirdim ki, yaxşı evim-eşiyim olacaq. Mən də hər gün bişirib-düşürəcəm. Oyun kimi baxırdım evlənməyə. Sonra gələn kimi hamilə qaldım. Hamiləlik əsl zülm idi. Sonradan dedilər ki, bədən cavan olub, yetişdirə bilmirmiş”.

image_from_ios (3).jpg
zorakılıq

İlk doğuşundan cəmi dörd ay sonra məlum olub ki, Gülmirə yenə hamilədir. Lakin bədəni bu hamiləliyə tab gətirməyib, uşaq ana bətnində tələf olub. Xəstəxanada özü də ölümdən qayıdıb.

“8 aylıq uşaq bətnimdə öldü. Günlərlə bunu bilmədən yaşamışam. Məni huşsuz vəziyyətdə xəstəxanaya çatdıranda zəhərlənmə qanıma keçmişdi. Bəxtim gətirdi sadəcə. Ölümdən qayıtdım” – deyə, Gülmirə bildirir.

“Erkən nikah, erkən hamiləlik, erkən doğuş həqiqətən təhlükəlidir. Erkən yaşda dünyaya uşaq gətirmək həm ananın, həm də uşağın səhhətində problemlərin yaranmasına səbəb olur. Çox vaxt ana və ya uşaq ölümü ilə nəticələnir. Üstəlik, gənc qadınlar ana olmanın məsuliyyətini dərk etmədiklərindən həmin uşağın gələcəyi üçün də problem yaranır”, Şəhla İsmayıl, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri bu fikirdədir.

Erkən nikahların sayının çox olmasına gəlincə, Şəhla İsmayıl hesab edir ki, burda yoxsulluq və təhsilsizlik böyük rol oynayır.

“Təhsilsiz və yoxsul ailələrdə bu fenomenin baş verməsi ehtimalı təhsilli və təminatlı ailələrdən bir neçə dəfə çoxdur”.


Zorakılığa məruz qalan qadınlar

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin təkcə 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb. Onlardan 35-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır. Məişət zəminində baş verən cinayətlər nəticəsində 112 qadın özünü öldürüb. Onlardan 11 nəfəri azyaşlı qızlardır.

Bundan əlavə, 2010-2016 -cı illərdə 765 qadın qətlə yetirilib. Bu, yalnız əldə edilə bilən rəqəmlərdir.

Rəsmi statistikaya görə, 2010-cu ildə 89, 2011-ci ildə 59, 2012-ci ildə 114, 2013-cü ildə 93, 2014-cü ildə 94, 2015-ci ildə 66, 2016-cı ildə isə 121 qadın intihar edib.

“Məişət zorakılığı” ilə bağlı qanunun fəaliyyət planı 7 ildir təsdiqlənmir. Ekspertlər düşünürlər ki, planın tətbiq edilməsi də bir çıxış yoludur.

image_from_ios (2).jpg
intihar

Ailədaxili zorakılıq qurbanlarındandır Nazilə Musayeva. 39 yaşı var. Körpə olanda valideynləri internata verib. Övladı olmayan ailə götürüb, incidib. Deyir, gözünün biri görmədiyi üçün onu heç vaxt övlad kimi qəbul etməyiblər. Həyatını zəhər edib, döyüb, ən ağır işlərdə çalışdırıb, sonra da 300 manat qarşılığında evli kişiyə satıblar. Həmin kişi də onu illərlə işlədib, qazandığı pulunu əlindən alıb, istismar edib. Sonra da övladı ilə birgə küçəyə atıb. İllərlə küçələrdə, parklarda yaşamaqdan indi 3 ağır xəstəlikdən əziyyət çəkir. Bu da onun sözləridir:

“Deyirlər e, alnına tək olmaq yazılıbsa, sənin taleyini heç nə dəyişə bilməz. Valideynlərinin istəmədiyi adamam mən. Atıblar. İndi mən durub analığımdan, atalığımdan necə inciyim ki, niyə məni sevmədiniz. Yaxud həyat yoldaşımdan nə gözləyim? Heç kimdən incimirəm. İndi ölürəm və övladımın mənim taleyimi yaşamasını heç istəmirəm"…

Səadət Rəhimova da zorakılıq qurbanıdı . İmişlidəki 4 otaqlı, təmirsiz mənzilində 5 uşağı ilə birgə yaşayır. Həyat yoldaşı 7 ay öncə həbs edilib, 10 il cəza alıb. Həbs edilmə səbəbinə gəlincə, o, Səadəti çiynindən baltalayıb, azmış kimi bıçaqla üzünə zərbə vurub.

39 yaşlı İmişli sakini o günləri xatırlayanda hələ də əl-ayağının əsdiyini söyləyir:

“İşləmirdi, 5 uşağa baxa bilmirdik. Elə olurdu günlərlə ac yatırdıq. Bezdim, bir gün evə gələndə dilləndim ki, belə olmaz, bir iş tap, çalış, evə pul gətir. Əsəbiləşdi, baltanı götürüb cumdu üstümə. Boyun nahiyəmə xəsarət yetirdi. Ürəyi soyumadı, bıçaqla üzümə də zərbə vurdu”.

Aidə Dadaşova da məişət zorakılığı qurbanlarındandır. Masallı rayon sakini olan Aidə Dadaşova yanvarın 10-da əri Rövşən Dadaşov tərəfindən qətlə yetirilib.

2017-ci ilin sonlarında qadın iki məktəbli uşağı ilə birlikdə Masallıdan Bakıya qaçmış və “Təmiz Dünya” İctimai Birliyinin sığınacağında məskunlaşmışdı.

Məişət zorakılığının qurbanı kimi Meydan TV-yə danışan qadının sözlərinə görə, yeniyetmə ikən ərə verilib, daim əri tərəfindən şiddət görüb oynayır.

“Təhsilsiz və yoxsul ailələrdə bu fenomenin baş verməsi ehtimalı təhsilli və təminatlı ailələrdən bir neçə dəfə çoxdur”.


“Hamilə vaxtı məni aparıb gəzdiyi qadının yanında döyüb”

Qadın deyirdi ki, dəfələrlə polisə şikayət etsə də, yenidən ərinin yanına göndərilib.

Ailədaxili zorakılığa məruz qalan qadınların başlarına gələnləri sosial şəbəkələr vasitəsilə ictimailəşdirməsi halları çoxalıb. Son dövrlər əsasən də ictimai şəxslər bu problemlərlə üzləşdiklərini deyirlər və bu da, geniş müzakirə mövzusuna çevrilir. Müzakirələrdən belə aydın olur ki, şiddətə məruz qalan qadınlar psixoloji və maddi dəstəklə bağlı problem də yaşayırlar.

Bir müddət əvvəl bu problemlə gənc fəal Pərvanə Qurbanlı qarşılaşmışdı. O, həyat yoldaşı, jurnalist Anar Gəraylının şiddətinə məruz qalması faktını sosial şəbəkələr vasitəsilə ictimailəşdirmişdi.

Daha sonra isə yazar Kəramət Böyükçölün xanımı, jurnalist Çinarə Soltanova da həyat yoldaşının ona qarşı şiddətini ictimailəşdirmişdi.

Bu hekayələrin hər biri geniş ictimai müzakirəyə səbəb olmuşdu. Müzakirələrdən belə aydın olur ki, şiddətə məruz qalan qadınlar psixoloji və maddi dəstəklə bağlı problem də yaşayırlar.

Bütün bunlardan sonra jurnalist Səmra Sədrəddinli, yazar Günel Mövlud və ictimai fəal Günay Mustafayeva Azərbaycanda şiddətə məruz qalan və köməksiz olan qadınlara yardım kampaniyasına başlatdılar. Onlar yardım üçün təşəbbüs qrupu yaradıblar. Məqsəd qadınlara hüquqi, psixoloji və s. yardımlar etməkdir.

Aksiyaya Avropada və Azərbaycanda yaşayan azərbaycanlılar qatılıb. Onlar kampaniyaya dəstək üçün hər ay ortaq hesaba göndərilən pulun köməyi ilə ailədaxili şiddətlə üzləşən qadınlara dəstək olacaqlar.

Aksiyaya təkcə maddi yox, pulsuz hüquqi yardım, mühasibatlıq, həmçinin evsiz qalanlara könüllü olaraq öz evini təklif etməklə dəstək olanlar da var.

Dünyada hər 3 qadından biri ömründə heç olmasa, bir dəfə zorakılığaməruz qalıb. Hazırda dünyada təxminən 3,8 milyarddan çox qadın yaşayır. Deməli, hazırda yaşayan qadınlardan azı 1 milyard 270 milyona yaxını zorakılığa məruz qalıb.


Azərbaycanın vəzifəli qadınları

Dünya Bankı “Qadınlar, Biznes və Hüquq 2019: İslahatların 10 ili” adlı hesabat açıqlayıb. Hesabat çərçivəsində hazırlanan indeks qadının işə başlayandan pensiya alanadək iş həyatını, onun həyatının hər bir dönəmində təmin olunduğu hüquqi qorumaları öyrənib. İndeks 187 ölkə üzrə 10 illik bir müddət səkkiz indikatoru əhatələyir.

Son 10 ildə indeksin ölçüldüyü sahələr üzrə ciddi irəliləyişin əldə olunduğu vurğulanır. Bu müddət ərzində qlobal orta göstərici 70-dən 75-ə qalıb. 131 ölkədə qanunlara qadınların iqtisadi iştirakını yaxşılaşdırmağı hədəfləyən 274 islahat aparılıb. 35 ölkədə iş yerində cinsi qısnamaya qarşı hüquqi qaydalar tətbiq olunub və bu, 10 il öncəyə baxanda 2 milyarddan artıq qadının qorunması deməkdir.

22 ölkə qadınların işləməsinə qadağanı qaldırıb. 13 ölkədə isə eyni dəyərli işə görə bərabər maaş təyin edən qanun qəbul olunub.

Azərbaycanın göstəricisi 78,75-dir. Qonşulardan Gürcüstanın indeksi 79,38, Ermənistanın 83,13, Rusiyanın 73,13, İranınkı 31,25-dir.

image_from_ios.jpg
foto

Son 10 ildə Avropa və Orta Asiyada 47 islahatın aparıldığı, onların çoxunun pensiyayla bağlı olduğu vurğulanır. Bu indikator üzrə islahat aparan ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Amma Azərbaycanda aparıcı vəzifələrdə çalışan qadınların sayı azdır. Ölkənin birinci Vitse-prezidenti Mehriban Əliyevadır. Qadın nazir yoxdur. Bir neçə xanım nazir müavini və müşaviri vəzifəsində çalışır.

Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadədir. Bir də Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1990-cı ildə Milli Məclisdə qadın deputatlar ümumi sayın 4,3 faizini, 2000-ci ildə 10,7 faizini təşkil edirdisə, bu gün ölkə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

Komitə bildirir ki, diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2018-ci ildə 7,4 faizədək artıb. Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

İqtisadçı Rövşən Ağayev deyir ki, qadınların cəmiyyət həyatında fəal olması üçün onların iqtisadi fəallığı, yüksək təhsil səviyyəsi, biznes təşəbbüskarlığı çox önəmlidir:

“Təəssüf ki, bizim hətta gerçəkliklərdən yoxsul rəsmi statistikamız belə xanımların iqtisadi həyatda üzləşdiyi ciddi sorunları gizlədə bilmir. Əmək qabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. Əmək qabiliyyətli yaşında olub müxtəlif səbəblərdən (ev işləri, erkən pensiya, təhsil, əlillik və s.) işləməyən hər 100 nəfərdən 66 nəfəri qadınlar, 34 nəfəri kişilərdir”.

İqtisadçı deyir ki, iqtisadi cəhətdən qeyri-fəal olan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən xanımların təxminən 45 faizi (630 min nəfər) "evdar" statusu olanlardır:

“İqtisadiyat üzrə qadınların rəsmi məvacibləri kişilərin maaşlarının təxminən yarısına bərabərdir. Bütün məşğul qadınlarımızın 14 faizi, kişilərin 20 faizi ali təhsillidir. Hər 1000 nəfər hesabı ilə kənd yerlərində universitet təhsili olan qadınların sayı şəhərlərə nisbətən 2 dəfə aşağıdır. Qadın işsizlərin sayı kişilərə nisbətən 40 faiz çoxdur”.

R.Ağayev deyir ki, şəhər yerlərində işsiz qadınların hər nəfərindən 64 nəfəri 29 yaşdan aşağı olan gənc xanımlardır.

Kənd yerlərində məşğul hesab edilən hər 100 qadından ən azı 75 nəfəri ağır əl əməyinə əsaslanan aqrar sektorda, cəmi 25 nəfəri qeyri-kənd təsərrüfatı işlərində çalşır:

“Ümumilikdə isə iqtisasiyyat üzrə çalışan hər 100 qadından təxminən 60 nəfəri ixtisassız və ya az ixtisas tələb edən sahələrdə – aqrar və ticarət sahəsində çalışır. Bütün iqtisadi fəal qadınların cəmi 25 faizi rəsmi əmək müqaviləsi əsasında çalışır. Yəni ən yaxşı halda hər 100 qadından 25 nəfərinin ona pensiya hüququ, xəstəlik və analıqla bağlı, istirahət üçün məzuniyyət hüququ qazandıracaq sosial sığorta sistemi ilə əhatələnib. Rəsmi sahibkarlıq subyektlərinin ən yaxşı halda 20 faizi qadınlardır. Bütün bunlar ciddi problemdir və həll etmək üçün əlimizdən gələni etməliyik”.

Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulan 139 min körpənin 46,6 faizi qız uşaqları olub.

Ana səhifəXəbərlərSon 1 il: Azərbaycan qadını haradadır?