”Solovyov kimdir ki, prezident onu qəbul edir?!”

Müxalifət liderləri rusiyalı jurnalistin açıqlamalarına Prezident Administrasiyasından cavab istəyir

Source:
foto Azərtac
foto Azərtac
foto Azərtac
foto Azərtac


Müxalifət liderləri rusiyalı jurnalistin açıqlamalarına Prezident Administrasiyasından cavab istəyir

Rusiyalı telejurnalist Vladimir Solovyovun Azərbaycan paytaxtında  prezident İlham Əliyevlə 2 saatlıq söhbəti haqda

müsahibəsi

media və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. V.Solovyov müsahibəni “Vesti.FM” radiostansiyasına verib.

İlham Əliyevin onda çox yaxşı təəssürat oyatdığını deyən jurnalistin sözlərinə görə, ancaq bu, o demək deyil ki, prezidentin mövqeyi ilə razıdır:

“Əliyev müxalifətlə mübarizəsi haqda da danışdı. “Mən xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət cılızlaşıb”. Mən soruşdum: “Niyə bu qədər adamı həbs etmisiniz?” “Bizim ölkəmiz elədir ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq, hər yan partlayacaq”,-deyə o, cavab verdi”.

İlham Əliyev jurnalistə daha sonra bildirib: “Mən başa düşdüm ki, ABŞ-a biz kasıb və zəif kimi lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır və biz pis oluruq. Odur ki, mən bütün stereotipləri sındırmaq və bizim Avropa olmadığımızı göstərmək qərarına gəldim, prezidentlik müddətilə bağlı referendum keçirdim”.

“Ən azı Prezident Administrasiyasının mətbuat xidməti səviyyəsində münasibət bildirilməlidir”

Müsavat Partiyasının başqanı Arif Hacılı Vladimir Solovyovun müsahibəsini Meydan TV-yə şərh edərkən jurnalistin yalan danışdığına ümid etdiyini deyib:

 “Əgər Solovyov doğru danışırsa, belə çıxır ki, İlham Əliyev Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun olaraq fəaliyyət göstərmir. Solovyovun dediklərindən aydın olur ki, Əliyev Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına, Müstəqillik Aktına uyğun olmayan bir fəaliyyət göstərir. Jurnalistin müsahibəsindən aydın olur ki, Əliyev nə Qarabağda olan separatçı rejimi, nə Sarkisyanı, nə də Azərbaycan ərazilərini işğal etmiş qüvvələri düşmən sayır. Amerika və Qərbə qarşıdır, Avrasiya Birliyinə üzv olmağa meyllidir. Onun düşmən hesab etdiyi adamlar isə SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov və Azərbaycan müxalifətidir. Təbii ki, bunlar çox ciddi açıqlamalardır”.

Arif Hacılı, foto: Meydan TV

Müsavat başqanı deyir ki, İlham Əliyevin Solovyovun açıqlamalarına təkzib verəcəyini gözləməsə də, ən azı Prezident Administrasiyasının mətbuat xidməti səviyyəsində münasibət bildirilməlidir:

“Çünki Rusiya jurnalisti Azərbaycan rəhbərinin xarici siyasət məsələləri barədə açıqlamalarına fikir bildirir. Bu fikirlər nəinki Azərbaycanın qanunları, bütövlükdə dövlət üçün milli təhlükəsizlik problemləri yarada bilər”.

“Azərbaycanda hansı müxalifətçinin xaricdən maliyyələşməsi haqda bircə fakt var?”

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, Rusiya jurnalisti Vladimir Solovyovun dedikləri rəsmən təkzib edilməyəcəksə, bu, söhbət yox, skandaldır, İlham Əliyevin özünüifşasıdır:

“Solovyov deyir ki, İlham Əliyev bir şəxsin yalnız 2 dəfə prezident seçilə biləcəyinə qoyulmuş limiti götürmək üçün Konstitusiyanı dəyişdirəndə də (2009 mart), həyat yoldaşını Birinci vitse-prezident təyin edəndə də əsas məqsədi bu ölkənin Avropa olmadığını, bizim onlar (yәni, demokratik cәmiyyәtlәr) kimi olmadığımızı nümayiş etdirmәk olub. Təqribən onu çatdırıb ki, bura Avropa olmadığından o da istədiyini edə bilər və edir. Solovyovun dediyinə görə, bütün söhbət boyu erməni liderlər haqda nəzakətlə danışan İlham Əliyev müxalifəti də xaricdən maliyyələşməkdə ittiham edib. Deyib ki, xaricdən gələn maliyyə kanallarına nəzarət edən kimi müxalifət zəifləyib, marginallaşıb. Təbii ki, bu söhbət də yalandır. Azərbaycanda hansı müxalifətçinin xaricdən maliyyələşməsi haqda bircə fakt var? Müxalifəti zəiflədiblәrsә, niyə ölkədə bu gün də 150 nəfərdən artıq siyasi məhbus var? Niyə, məsələn, elə həmin Ermənistanda olduğu kimi Azərbaycanda da müxalifətin şəhərin mərkəzində mitinq və yürüşlər keçirməsindən qorxurlar? Niyə cәsarәr edib, müxalifətin hətta qapalı stadionda belə öz mitinqini bazar günü, maneəsiz keçirməsinə imkan vermirlәr? Beynəlxalq münasibətlərdən diplomu olan İlham Əliyev Solovyovla 2 saatlıq söhbətdə “balanslaşdırılmış” dediklәri xarici siyasətlәrini dә büküb atıb zibil qutusuna. Necə səmimi olubsa, ABŞ-ı sevmədiyini dərhal Putinin dostuna çatdırıb. ABŞ-ın Azərbaycanı zəif və kasıb görmək istədiyindən danışıb, korrupsiya araşdırmalarından şikayətlənib, üstəlik, məhz Putinə arxayın olduğunu, Putinin heç vaxt satmayacağına inandığını ifadə edib. Gördünüz, Rusiyanın Ermənistana bağışladığı milyardlarla dollarlıq silahlar, Ermənistanı rəsmən öz hərbi himayəsinə alması, bizim torpaqları işğal etməsi və işğalda saxlaması belə, İlham Əliyevi ABŞ-dan qaynaqlanan korrupsiya araşdırmaları qədər incitməyib”.

Əli Kərimli
Əli Kərimli

Ə.Kərimli qeyd edib ki, istənilən yarımdemokratik dövlətdə ölkә başçısının xarici jurnalistlə belə bir söhbəti onun istefası ilə nəticələnərdi:

“Bizdə isə… Bizdə elə ona görə bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin, istədiyini də danışsın. Bəli, rejim bu ölkədə nəinki müxalifətin, hətta xalqın da varlığını çoxdan hesabdan silib. Ancaq siz bugünkü susqunluğuna baxmayın, mən xalqımın bütün bunları bir yerə yazdığına və zamanı gələndə bütün bunlara görə məsuliyyət tələb edəcəyinə inanıram”.

 “Məntiqlə Putin ölkəmizin maraqlarını tam alıb, eləmi?”

 ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli də Vladimir Solovyovun müsahibəsində çox ciddi iddiaları olduğunu vurğulayıb:

“Hələ ki, Solovyovun doğru danışıb-danışmadığını deyə bilmərəm, əgər prezident, və ya onun mətbuat xidməti təkzib verməsələr, deməli, rus jurnalisti doğru danışır”.

Natiq Cəfərli daha sonra yazır:

“Solovyov, ilk növbədə, Qarabağa “Arsax” deyir, iddia edir ki, prezidentə “Arsax”a dəfələrlə getdiyini açıq deyib, hətta sual da verib ki, Lapşini tutmusuz, bəs məni niyə tutmursunuz. Ciddi iddiadır, qanun hamı üçün birdir, amma Solovyov qanunu pozduğunu desə də, prezident ona heç nə cavab verməyib. Əgər cavab veribsə, indi bu məsələyə mətbuat xidməti aydınlıq gətirsin. Bundan başqa, jurnalist işğalçı Ermənistanın zəbt etdiyi Qarabağətrafı rayonları “mübahisəli ərazilər” adlandırdığını da söylədi.

Natiq Cəfərli

Solovyov iddia edir ki, prezidentin Qərbə, ABŞ-a münasibəti çox pisdir – buna aydınlıq gətirilməlidir. Müstəqillikdən üzü bəri ölkəyə gələn hər 10 dollar investisitanın 8 dolları Qərbdən gəlib, ixracatımızın 60 faizə yaxını Qərb ölkələrinədir, nəhayət, Qərb ölkələri bu hakimiyyətin ən böyük dəstəkçisidir. Bəs o zaman prezidentin münasibəti niyə çox pisdir?  Solovyov iddia edir ki, prezident müxalifəti “saqqalı radikallar” adlandırıb. Deməli, ölkədə sivil müxalifəti metodik məhv etməyin fəsadlarını anlayıb, əsas müxalifəti dini radikal qruplar olduğunu etirafmı edib?

Solovyov iddia edir ki, prezident Putinin Azərbaycanın maraqlarını heç vaxt satmayacığını deyib. Məntiqlə Putin ölkəmizin maraqlarını tam alıb, eləmi? Çünki əvvəl almalısan ki, sonra da satıb-satmamaq haqqında qərar verəsən. Bu məsələyə də aydınlıq gətirilməlidir.

Nəhayət, Solovyov kimdir ki, prezident onu qəbul edir?! Əgər bu müsahibə olsaydı, yenə anlayardım, Solovyov dedi ki, tanışlıq görüşü idi, çəkiliş, səs yazısı olmadı. Axı o, kimdir ki, ən yüksək səviyyədə qəbul görsün?! Görün heç Putin ayrıca 2 saatını ayırıb, məsələn, jurnalust Turan İbrahimovu qəbul edərmi?!”

Ana səhifəXəbərlər”Solovyov kimdir ki, prezident onu qəbul edir?!”