“İran açıq satışa keçəcək və düşünürəm ki, bu, bazara güclü təsir göstərməyəcək”
2017-ci ildə neftin qiyməti 80-90 dollara qədər qalxacaq. Bu fikri bu gün jurnalistlərlə söhbətində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Bu zaman o, Azərbaycan dövlət büdcəsinin 2016-cı il üçün neftin bir bareli 50 dollar olaraq nəzərdə tutulan proqnozlarını “normal” adlandırıb.
“2016-cı ildə ehtiyatlı olmaq lazımdır. Əvvəlki təmayüllərə baxsaq, görünür ki, neft bir neçə il bahalaşıb, sonra bir neçə il ucuzlaşıb. Ən azından, son 20 ildə belə olur”, – deyə Abdullayev bildirib.
SOCAR prezidenti İranın nüvə proqramı üzrə danışıqlardakı irəliləyişin neft qiymətlərinə təsir etməyəcəyi barədə fikir bildirib.
“İran neft istehsalını dayandırmamışdı, onun neftini ucuz qiymətə alırdılar. İndi isə İran açıq satışa keçəcək və düşünürəm ki, bu, bazara güclü təsir göstərməyəcək”, deyən Abdullayev əlavə edib ki, bu, onun “subyektiv fikridir”.
Abdullayev deyib ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) iştirakı aktuallaşır: ”
TANAP
hal-hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa satmaq olar. Hal-hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra
TANAP
-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün
TANAP
-dan başqa bir alternativ yoxdur”.
SOCAR prezidentinin neftin qiyməti ilə söylədiklərini Meydan TV-yə şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, dunyanın tanınmış şirkətləri – Exxon, bp və Lukoil – rəhbərləri bu il həm Davos İqtisadi Forumunda çıxış edərkən, həm də ondan sonra mətbuata verdikləri açıqlamalarında bildirmişdilər ki, yaxın 2 ildə, yəni 2015 və 2016-ci illərdə dünya bazarında neftin qiymətləri aşağı həddə olacaq və bazar özünü bu qiymətlərə kökləməlidir. Aşağı qiymət deyərkən onlar 50-65 dollar arasındakı qiyməti nəzərdə tuturdular. Bu baxımdan qiymətin artımını enerji mərkəzləri 2017-ci ildən proqnoz edirlər. Ancaq qiymətin 80-90 dollar arasında olacağını daha məqbul sayırlar. Məhz buna görə də bir sıra təhlilçilər və hətta OPEK-ə daxil olan ölkələrin enerji nazirləri belə daha çox o mövqedən çıxış edirlər ki, neft bundan sonra uzun müddət 100 dollar həddini keçməyəcək.
“Əslində qlobal bazar üçün 90 dollar həddi həm istehsalçılar üçün, həm də alıcılar üçün çox münasib bir ortaq qiymətdir. Ona görə də 2011-2014-cü illərdə neftin orta qiymətinin 100-110 dollar arasında dəyişdiyi vaxt bildirilirdi ki, bu real bazar qiyməti deyil, bir sıra amillərdən doğan KÖPÜKdür, ona görə də onun “partlaması” neftin birdən-birə qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxartdı. Təbii ki, bazarda qiymətlərin bərqərar olması üçün müəyyən vaxt lazımdır, həmçinin dünyada gedən siyasi proseslər də həmin zamana öz təsirini göstərir”,- mərkəz rəhbəri belə deyib.