40 mərtəbəli binaya və ətrafına ümumilikdə 335 milyon dollar xərcləndiyi deyilir
Mayın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.
APA-nın məlumatına görə, prezident İlham Əliyev açılışda iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına bina barədə məlumat verib. O qeyd edib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də qoyulub.
Bina Cənubi Koreyanın «Heerim Architects&Planners Co. Ltd» şirkətinin «külək-alov» konsepsiyası əsasında inşa olunub. Tikintini Türkiyənin «TEKFEN İnşaat və Təchizat» şirkəti aparıb.
Layihə ilkin olaraq 235.4 milyon ABŞ dolları məbləğində dəyərləndirilib.
Ətrafda abadlaşdırma işlərinə əlavə 100 milyon dollara yaxın vəsait sərf olunduğu bildirilir. Mətbuatda gedən məlumatlara görə, bütünlükdə bu işlərə 335 milyon dollar pul xərclənib.
SOCAR rəsmiləri isə xərcin deyilənlərdən dəfələrlə az məbləğə başa gəldiyini vurğulayırlar.