SOCAR-ın Türkiyəyə yatırımı 18 milyard dolları aşacaq

Şirkət Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizini də almaq niyyətindədir

Source:
Foto: Sosial şəbəkə
Foto: Sosial şəbəkə


Şirkət Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizini də almaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Anadolu” Agentliyinə verdiyi açıqlamada deyib ki, şirkət olaraq Türkiyəyə və türk iqtisadiyyatına güvənirlər və iş tamamlandığında 18 milyard dolları aşan yatırımlar da bu etibarın ən böyük isbatı olacaq.

Türkiyədəki layihələrin tamamlanmasının ölkənin ən ciddi problemlərindən biri olan enerji idxalına önəmli dəstək verəcəyini vurğulayan R.Abdullayev deyib:

“Türkiyənin köklü dövlət ənənəsi, güclü demokratiya anlayışı və sürətlə böyüyən iqtisadiyyatı ilə başda bölgə olmaq üzrə, bütün dünyanın qabaqda gələn ölkələri arasında yerini alacağına inanırıq. Qısa bir müddət sonra Türkiyə, enerji körpüsü olan bir ölkə kimi dünyadakı yerini daha da gücləndirəcək”.

R.Abdullayev SOCAR-ın Türkiyə partnyoru olan “STAR” üçün əhatəli və sıx iş icra etdiklərini ifadə edib:

“Bugünə qədər 3,7 milyard dollar məbləğində xərcləmə etdiyimiz “STAR Rafineri”nin ümumi irəliləmə nisbəti yüzdə 80-ə çatdı. Maşın və avadanlıq quraşdırılması üçün lazımlı infrastrukturun qurulmasının ardından 2015-ci ilin dekabrından etibarən ağır avadanlığın alınması başlandı və 2016-cı ilin ortasında tamamlandı. 2016-cı ilin son aylarında 2017-ci il ərzində tank istehsalının, maşın və avadanlıq montajlarının davam edəcəyi, 2018-ci ildə də “STAR Rafineri”-nin xidmətə girəcəyini proqnozlaşdırırıq. Türkiyəyə yatırdığımız investisiyalar tamamlandığında, bu, 18 milyard dolları aşacaq”.

“Trans Anadolu” Təbii Qaz Boru Xətti layihəsində (TANAP) də işlərin davam etdiyini söyləyən Abdullayev əlavə edib:

““TANAP”a xarici investor cəlb etmək məqsədilə banklarla görüşlər davam edir. Hələ dəqiqləşməyib, ancaq layihəyə təxminən 4 milyard dollarlıq dəstək olacağını proqnozlaşdırırıq.

Bu baxımdan bir sıra tanınmış banklarla görüşlərimiz davam edəcək. Bundan əlavə, hələ də Azərbaycan dövlətinin TANAP-dakı hissədarı Cənub Qaz Dəhlizi Şirkətinin əlindəki 58 faizlik hissənin 8 faizini SOCAR Türkiyəyə vermək istəyi var. Bu baxımdan ortaqlarımız lazım olan təklifləri edəcəklər. Yaxınlaşan zamanda bu məsələlərin rəsmi həllinin tapılmasını gözləyəcəyik”.

“SOCAR-ın təklifini nəzərdən keçirəcəyik”

“Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizini satmaq niyyətindəyik. Yaxın günlərdə bununla bağlı rəsmi məlumatımız olacaq”.

Bu fikirləri isə “Report”un Gürcüstan bürosuna Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, korporasiyanın fəaliyyət dairəsinə Gürcüstanın bütün resursları, eləcə də qaz kəmərləri daxildir: “Korporasiyanın səhmlərini almaq üçün artıq bir neçə təklif almışıq. SOCAR şirkəti də Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizini almaq niyyətindədir. Biz bütün təklifləri, o cümlədən SOCAR-ın təklifini də dəyərləndiririk və nəzərdən keçirəcəyik”.

Ana səhifəXəbərlərSOCAR-ın Türkiyəyə yatırımı 18 milyard dolları aşacaq