SOCAR-ın qazma sahəsində qəza nəticəsində iki nəfər xəsarət alıb

Mirvari Qəhrəmanlı: ”Sağlam iş şəraiti yoxdur”

Source:


Mirvari Qəhrəmanlı: ”Sağlam iş şəraiti yoxdur”

“SOCAR-n Kompleks Qazma İşləri Trestinin Qaradağ-Qalmaz İstehsalat bölümünün Qaradağ sahəsində qazma işləri aparılarkən baş vermiş qəzanın səbəbi qazma borusunun düzgün qoşulmamasıdır”.

Bunu Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı noyabrın 2-də trestdə baş verən qəza ilə bağlı deyib.

Qəza nəticəsində qazma köməkçiləri 52 yaşlı Fikrət Alıkişi oğlu Gözəlov və 54 yaşlı Cavad Əlibala oğlu Ədilov xəsarət alıblar.

M.Qəhramanlı danışıb ki, işçilərin üstünə boru düşüb.

“Borunu körpüdən götürülən zaman yellənib buruğun içində ilişib. Oradan endirmək istəyəndə boru ilişdiyi yerdən və kanatdan çıxıb düşüb işçilərin üstünə”, – M.Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, komitənin ekspertləri hesab edir ki, qəzada günahkar qurğunun rəisi, onun müavini, qazma ustaları, qazmaçı və təhlükəsizlik üzrə mühəndisdir.

APA-nın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi

məlumata

əsasən, noyabrın 2-də gecə xəstəxanaya gətirilən F.Gözəlov reanimasiya şöbəsindədir. Ağır durumda olan F.Gözəlovun müalicəsi davam etdirilir:

Durumu nisbətən yaxşı olan qazma köməkçisi Cavad Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev də qəza ilə bağlı məlumatı təsdiqləyib.

Mirvari Qəhrəmanlı deyir ki, belə qəzaların səbəbi SOCAR-da mütəxəssis azlığıdır:

“SOCAR-da işə mütəxəssisdən çox qohum götürürlər. Bundan əlavə, sağlam iş şəraiti yaradılmayıb. Deyirlər, qurğular köhnədir, amma araşdırılsa görünər ki, həmin qurğuların təmiri üçün dəfələrlə vəsait ayrılıb”, – M.Qəhrəmanlı deyib.

Mirvari Qəhrəmanlı

Onun sözlərinə görə, neft daşlarında, dərin dəniz özüllərində, estakadalardakı iş şəraiti həddindən artıq təhlükəlidir.

“Sağlam iş şəraiti yoxdur. Təhlükə baş verən sahələrdə kimsə cəzalandırılmır. Ona görə ki, nə qohumdan, nə tanışdan keçə bilirlər. Odur ki, hamısı çox rahatçılıqla yerlərində oturublar və vəziyyəti düzəltmək haqqında düşünmürlər”.

SOCAR-da sonuncu, böyük qəza 2016-cı il dekabrın 15-də olmuşdu. N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşmüşdü. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilmişdi.

Ana səhifəXəbərlərSOCAR-ın qazma sahəsində qəza nəticəsində iki nəfər xəsarət alıb