SOCAR-ın optimallaşdırma siyasətinin “qurbanları” iş gözləyir

Foto: By Nurlan Mammadzada/Shutterstock

Təklif olunan işi qəbul etməyənlər poqramdan uzaqlaşdırılır

“Dövlət Neft Şirkətində optimallaşdırma tədbirləri ilə bağlı ixtisara salınaraq proqrama qoşulduğum müddətdən 10 aya yaxın müddət keçib. Artıq iki dəfə iş təklif edilib, onu da təklif edilən vəzifə və məvacib səbəbindən imtina etmişəm. Ali təhsilli mühəndisəm, amma orta təhsilli işçilərin çalışdığı sahələrdə iş təklifi var, o da müvəqqəti əmək müqaviləsi bağlamaqla az maaş ödənilir”.

Bunu Meydan TV-yə SOCAR-ın adının açıqlanmasını istəməyən keçmiş əməkdaşı deyib. Bildirib ki, 22 il neft sahəsində çalışıb, indi də ümidlə yenidən işlə təmin olunacağını gözləyir. Buna görə də proqram başa çatmadan şikayət etməkdən ehtiyat edir. İş tapa bilmədiyindən hələlik Sumqayıt -20 Yanvar istiqaməti üzrə sərnişin daşımaqla ailəsini dolandırır. Dediyinə görə, bu sahəyə girmək də ona ucuz başa gəlməyib, taksi işlətmək üçün maşını kreditə götürüb, onun reysə çıxmasına kömək edən tanışına “hörmət” edib.

2014-cü ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması barədə əmr imzalayıb. Əmrdə göstərilir ki, bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq idarəetmə strukturunda müəyyən dəyişikliklər aparılır. Bu dəyişikliklərsə bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olub. İxtisara düşən işçi könüllü proqrama qoşulur, 1 il müddətdə əməkhaqqının 50 faizini alır. İşçi şirkətin təqdim etdiyi 3 vakansiyadan, eyni zamanda pulsuz səhiyyə xidmətindən yaralana bilər. 3 vakansiyadan imtina edən işçi işlə təmin edilmir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, Siyəzəndə yaşayan insanlara Sumqayitda, “Azəriqaz” İstehsalat Birliyində iş təklif olunub. Hər gün 8 saat Sumqayıtda işləyib, axşam Siyəzənə qayıtmaqla çalışmalıdırlar.

“Sumqayıtla Siyəzən arasındakı məsafə 80 kilometrdir. Bu insanlar hər gün işə gedib-gəlmək üçün 160 km məsafə qət etməlidirlər. Belə şikayətlər çoxdur”, – Qəhrəmanlı bildirib.

Müraciətə cavab məktubu

Şikayətçilərdən biri Mehriban Əhmədovadır. O, 1983-cü ildən Siyəzən 3 saylı Texnoloji Nəqliyyat idarəsində çalışıb. Ona 2021-ci ilin iyulundan ixtisara salındığı barədə bildiriş verilib və proqrama qoşulub. Əhmədova hazırda Siyəzəndə yaşayır. Onun həyat yoldaşı Valeh Əhmədov Kompleks Qazma İşləri Trestinin Qaradağ bölümündə maşınıst vəzifəsində çalışıb. Birinci Qarabağ döyüşlərində könüllü iştirak edib. 1994-cü il fevral ayının 9-da döyüşdə sinəsindən yaralanıb. 2021-ci ilin may ayında ixtisar olunub.

Mehriban Əhmədova müxtəlif qurumlara, eləcə də mediaya şikayətlər ünvanlayıb. Onun şikayəti bir neçə dəfə işıqlandırılsa da, həllini tapmayıb.

Mirvari Qəhrəmanlı isə deyir ki, həmin şəxslər təklif olunan işi qəbul etməzsə, yenidən iş təklif olunmayacaq. Məsələ ilə bağlı deputatlara və digər aidiyyatı qurumlara müraciət edilsə də, şikayətlər SOCAR-a yönləndirilir.

SOCAR isə məsafəni nəzərə almadan iş təklif edildiyini, lakin həmin şəxslər tərəfindən qəbul edilmədiyini deməklə kifayətlənir.

SOCAR-dan Meydan TV-yə bildirilib ki, Dövlət Neft Şirkətindəki (ARDNŞ) optimallaşdırma tədbirləri ilə əlaqədar olaraq indiyədək 1674 işçi ixtisara düşüb, işini itirənlərin 522-si Bakı şəhəri və Abşeron rayonunun payına düşür.

Mehriban Əhmədovaya gəlincə, “Toplum.tv”-nin  sorğusuna cavab olaraq qurumdan deyilib ki, o, reytinq qiymətləndirmə sıralamasına əsasən, 54.5 nəticə ilə 4 nəfər anbardar heyəti arasında 3-cü yerdə qərarlaşıb və həmin peşə üzrə 1 ştat vahidi olduğuna görə, idarədə ən yüksək nəticəyə malik 1 işçi saxlanılıb. Valeh Əhmədov isə 69.5 nəticə ilə 21 nəfər qazma qurğusunun maşinist heyəti üzrə 21-ci yerdə qərarlaşıb və həmin peşə üzrə 13 ştat vahidi olduğuna görə, ən yüksək nəticəyə malik işçilər (13 nəfər) saxlanılıb.

Ana səhifəSosialSOCAR-ın optimallaşdırma siyasətinin “qurbanları” iş gözləyir