Orta təhsilli işçidən bu cür suallara cavab istəmək elə işdən çıxarmaq deməkdir
Dövlət Neft Şirkətində (SOCAR) attestasiya keçirilib və iştirak edənlərin əksəriyyəti təqdim olunan suallardan narazı qalıb. İmtahanlardan keçə bilməyənlər isə işsiz qalacaqlar.
Bu barədə attestasiyada iştirak edən şirkət əməkdaşlarından bir neçəsi Meydan TV-yə danışıb. İşdən çıxarılma səbəbindən adının açıqlanmasını istəməyən işçilərdən biri deyib ki, 15 ilə yaxındır çilingər vəzifəsində çalışır, son attestasiyada ona verilən sualların çoxu fizikadan olub:
“Hətta mühəndislər belə o sualları çətinliklə cavablandıra bilər. Dedilər ki, kitabxanalarda dərslik var, sualların cavabın öyrənməliymişəm. Axı fizika mənim nəyimə lazımdır? Sualları internetdən tapa bilmədim. 54 yaşım var, bu yaşdan sonra haradan iş tapacam?”
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı attestasiyada iştirak edənlərin narazılıqlarını şərh edib. Onun sözlərinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə edilən razılığa əsasən, Azərbaycan mayın 1-dən gündəlik 718 min barel yox, 554 min barel neft istehsal edir. Proses 2022-ci ilin aprelinə qədər davam etməlidir. “SOCAR və “Azneft" İstehsalat Birliyinin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. İşlənmədə olan yataqlarda 5700-ə qədər quyu istismar olunur. Hasilatı aşağı salınması üçün SOCAR 2000-dək neft quyusunu bağlamalı olacaq. Nəticədə 3000-ə qədər neftçi işsiz qala bilər”,-Qəhrəmanlı söyləyib.
Mayın 1-dən etibarən hasilatın azaldılmasını təmin etmək məqsədilə bir sıra neft yataqların (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan Bibiheybət; Lökbatan-Puta-Quşxana, Şabandağ-Şubanı-Yasamal-Atəşgah, Korgöz-Qızıltəpə-Şonqar, Qaradağ, Qalmaz, Umbaki, Tərsdəllər, Qala, Buzovna-Maştağa) fəaliyyəti dayandırılıb. Neft yataqlarının fəaliyyətinin dayandırılması nəticəsində işsiz qalan insanların məşğulluğunun təmin edilməsilə bağlı 24 aprel tarixli “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun müəyyən edilməsi üzrə” əmr imzalanıb.
“Həmin əmrin araşdırılması zamanı bu qənaətə gəldik ki, tərtib olunmuş əmrin bir çox bəndi ölkənin əmək qanunvericiliyinə ziddir. Həmin əmrə əsasən neft yataqlarının bağlanması nəticəsində işsiz qalan işçilərin bilikləri imtahan vasitəsilə qiymətləndiriləcək, testdən keçən işçilər proqrama cəlb olunacaq və onlar üçün iş axtarılacaq. Tesdən keçə bilməyən işçilər isə işdən azad olunacaq. Bu əmrin reallaşdırılması nəticəsində çoxlu sayda insanın işsiz qalma ehtimalı var”, – hüquq müdafiəçisi deyib.
SOCAR 17 yanvar, 2014-cü il tarixində ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmrlə Proqram təsdiq edib, proqramın müddəti 2022-ci ilin aprelinədək uzadılıb.
“Hansı ki, 2014-cü ildə aparılan ixtisarlar vaxtı proqramdan bəhrələnən işçi olmadı, əksinə çoxlu sayda işçiyə 5 aylıq kompensasiya verərək onunla “Razılaşma “sənədi imzalandı. Bu sənədə qol çəkmiş işçi gələcəkdə SOCAR və onun tərəfdaş olduğu şirkətlərdə elan edilmiş vakant yerlərə müsabiqədə iştirak edə bilməz”, – Mirvari Qəhrəmanlı vurğulayıb.
Onun sözlərinə görə, hazırda proqram daha da“təkmilləşdirilib”. Belə ki, bu proqrama o işçilər qoşula biləcək ki, onlar SOCAR-n, ölkənin Əmək Məcəlləsinə zidd olaraq aparılan imtahanlarından uğurla çıxa bilsinlər. Qəhrəmanlı deyib ki, imtahanlar ölkənin əmək qanunvericiliyi ilə tənzimlənmir. İmtahan suallarının 80 faizi işçinin ixtisasına və təhsilinə uyğun deyil. Bi isə məqsədyönlü hesab edilir. Təbii ki,imtahan verə bilməyən işçilər ixtisar olunacaq.
Təşkilat rəhbəri bildirib ki, işçilər Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir test imtahanlarına cəlb oluna bilməzlər və onların qiymətləndirilməsi test imtahanları ilə deyil, əmək münasibətlərində olduqları müddətdə əmək naliyyətlərinə və peşəkarlıqlarına görə qiymətləndirilməlidir. Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. İşçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
Müəssisələrdə iş həcminin azalması, müəssisələrin ləğvi zamanı, struktur dəyişikliyi, optimallaşdırma, layihələrin başa çatması, iş və ya xidmətlərin azalması ilə əlaqədar yaranan boşdayanma halları Əmək Məcəlləsinin 169-cu maddəsi ilə tənzim edilə bilməz. Əmək Məcəlləsində “Boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi haqqında” əmrinə əsasən boşdayanma tətbiq olunan müəssisə və təşkilatlarda işçilərin qiymətləndirilməsi məqsədilə onların test imtahanlarından keçirilməsi nəzrədə tutulmayıb.
Sosial şəbəkələrdə də attestasiyada verilən suallara etirazlar edilib. “Ali təhsilim var, fəhlə kimi çalışan işçiyə verilən “Konduktometr” , “ Termoanemometr” , “Rotametr üzgəcinin tarazlıq bərabərliyi” ifadələri ilə tanış deyiləm. Həmin bu ifadələr barəsində kiçik bir təsəvvürü belə olmayan bir insanın bu sualları cavablandıra bilməsi nə dərəcədə mümkündür?”,-suallardan narazı qalanlardan biri yazıb.
Digəri isə yazıb ki, orta təhsilli işçidən bu cür suallara cavab istəmək elə işdən çıxarmaq deməkdir. Qəhrəmanlı deyib ki, onun özünə də çoxsaylı müraciətlər edilib:
“Biri yazıb ki, nasos qurğularının maşinistlərinə aid olan sualların yarıdan çoxu fizika, dərin quyular və neftə aiddir. Bilmirəm nasosla 20-30 il işləyən insana bu sualları niyə tətbiq edirlər?”
SOCAR-dan isə ixtisarlarla bağlı deyilənlərin həqiqət olmadığını deməklə kifayətləniblər.