Rauf Vəlixanov şirkətdəki ayrı-seçkilikdən narazıdır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin əməkdaşı, Birinci Qarabağ müharibəsi veteranı Rauf Vəlixanov şirkətdə ixtisarların aparılması, o cümlədən məvaciblərin hesablanması zamanı işçilər arasında ayrı-seçkilik edilməsindən narazıdır.
R.Vəlixanov MeydanTV-yə bildirib ki, 30 ilə yaxındır neft sahəsində çalışır.
“Əvvəllər Qum adasında çalışırdım, 2021-ci ildə bizim idarəni oradan çıxardılar. Dəniz şəraitindən köçürüldüyümüz üçün mən və mənimlə işləyən fəhlələrin maaşı təxminən 250-350 manat arası azaldıldı. Məsələn, mən 830 manat maaş alırdım, indi 600 manat alıram. Digər fəhlələr 500-550 manat maaş alırlar. Trestin yüksək vəzifəli əməkdaşlarının məvacibi isə dəfələrlə artıqdır”,- Vəlixanov deyib.
Şikayətçi söyləyib ki, şirkətdə imtahanlar keçirilib, ixtisarlar aparılıb:
“Fəhlələr heç bilmirlər ki, kompüterdən necə istifadə edilir. Axı, fəhlənin kompüterlə nə işi var? Mən rusdilli olduğumdan imtahan suallarının tərcümə edilməsini istədim, amma razılaşmadılar. Sonra pandemiyanın pik vaxtına görə işçilərin çoxu evə göndərildi, maaşın yalnız üçdə ikisini ödədilər”.
Vəlixanov qeyd edib ki, ötən ilin fevralında onları təkrar işə çağırıblar. Mayda isə bildiriblər ki, imtahanlardan keçə bilməyənlər ixtisara salınırlar:
“Bəziləri proqrama qoşuldu, aşağı maaşla başqa iş təkliflərini qəbul etdi. Kimisi də məvacibin 5 misli ödənilməklə işdən çıxarıldı. Mən isə nə proqrama qoşuldum, nə də işdən çıxdım. Baxmayaraq ki, 20-25 dəfə trestə çağıraraq sənədi imzalamaq üçün təzyiq göstərdilər, amma bildirdim ki, müharibə veteranı kimi işdən çıxara bilməzlər”.
Vəlixanovun sözlərinə görə, birotaqlı, şəraitsiz evdə yaşayır: “Sosial şəbəkədə şirkətdə baş verənlər haqqında danışdım. Nəhayət, 5 aydan sonra məndən əl çəkdilər. Dedilər ki, bir nəfər var, təqaüdə gedəcək, onun yerinə məni ştata salacaqlar. İki ildir mənə məzuniyyət vermirlər, deyirlər ki, sən ştatda deyilsən, sənin adın ləğv olunmuş idarədə gedir. Guya bizə yaxşılıq edirlər, ləğv olunmuş idarənin əməkdaşı kimi işdə saxlayıblar”.
Şikayətçi onu da söyləyib ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkət əməkdaşlarının əməkhaqqlarının 20 faiz artırılması məqsədilə əmr imzalayıb, amma onun məvacibi artırılmır:
“Dedilər ki, ştatda olmadığınız üçün maaş artımı sizə aid deyil. Çünki idarəmiz ləğv olunub. Halbuki işləyirik, iş saatları, iş şəraiti dəyişməyib. Axı, ləğv olunmuş idarənin işçiləri necə ola bilər? Niyə bütün əməkdaşların maaşı qalxır, amma bizim maaşlar artırlmır? Bu suallara hələ də cavab ala bilmirik. Bundan əlavə, 30 ildən artıq işləyən fəhlə peşakar sayılmır, çünki peşəkarlığa görə əlavə ödəniş edilir. Ancaq öz yaxın adamlarına peşəkar kimi əlavələr ödənilir. Fəhləyə pul verməyə əlləri gəlmir”.
ARDNŞ-dən isə Meydan TV-yə Rauf Vəlixanov adlı əməkdaşın onlara rəsmi müraciət etmədiyini, məsələdən xəbərsiz olduqlarını deyiblər.