SMDTM sədrinin şikayəti təmin olunmadı

Məhkəmə qərardadı onunla əsaslandırıb ki, şikayət edilən yoxlama aktı inzibati akt hesab edilə bilməz və o A.Məmmədli üçün hüquq və vəzifələr yaratmır

Source:


Məhkəmə qərardadı onunla əsaslandırıb ki, şikayət edilən yoxlama aktı inzibati akt hesab edilə bilməz və o A.Məmmədli üçün hüquq və vəzifələr yaratmır

Sentyabrın 2-də saat 17:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin QHT-lərə Dövlət Dəstəyi Şurasına, Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (BİİM) çıxardığı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Məhkəmə prosesində A. Məmmədlinin özü iştirak etməsə də, onun vəkili Elçin Sadıqov iştirak edib. Vergilər Nazirliyinin nümayəndəsi məhkəməyə sənədlər təqdim edib ki, A. Məmmədliyə heç bir əlavə vergi hesablanmayıb və onun vergi borcu yoxdur. Nazirliyin nümayəndəsi bu barədə A. Məmmədlinin şəxsi hesab vərəqəsindən təsdiq edilmiş  çıxarışı da məhkəməyə təqdim edib.

Məhkəmə 1 saylı BİİM-in çıxardığı qərarı qüvvədə saxlayıb və qərara gəlib ki, yoxlama aktı heç bir hüquqi nəticə yarada bilməz, buna görə də  həmin akt inzibatı prosessual qaydada mübahisələndirmək mümkün deyil.

İyunun 18-də 1 saylı BİİM-in hakim Şərafət Məmmədovanın sədrliyi ilə A.Məmmədlinin QHT-lərə Dövlət Dəstəyi Şurasına, Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiası üzrə proses keçirilib. İddiaçı Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşlarının birgə iştirakı ilə hazırlanmış yoxlama aktının etibarsız sayılmasını istəyib, amma məhkəmə onun iddiasını təmin etməmişdi.

Bundan sonra A.Məmmədli həmin qərardan apellyasıya şikayəti verib. İddiaçı cavabdeh Vergilər Nazirliyi Yanında Vergi Auditi Departamentinə, Maliyyə Nazirliyi və Qeyri Hökümət Təşkilatlarında Dövlət Dəstəyi Fonduna qarşı onların mütəxəssis tərəfindən tərtib edilən 07.02.2014-cü il tarixli “yoxlama” aktının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.  1 saylı BİİM-nin 18 iyun 2014-cü il tarixli qərardadı ilə iddia qeyri mümkün hesab edilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırıb ki, şikayət edilən yoxlama aktı inzibati akt hesab edilə bilməz və o A.Məmmədli üçün hüquq və vəzifələr yaratmır. Aşağıda göstərilənlərə qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

Belə ki, həmin işlə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin təşəbbüsü ilə Məmmədli Anar Asəf oğlunda, “Könüllülərin beynəlxalq əməkdaşlığı” İctimai Birliyində və Süleymanlı Bəşir də Vergilər Nazirliyi Yanında Vergi Auditi Departamenti nümayəndəsi (Rəfail Ağayev), AR Vergilər Naziriliyinin nümayəndələrinin (Sabir Məmmədov) və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mühasibinin (Tofiq Həsənov) iştirakı ilə qanunvericilikdə nəzərdə tutulmayan yoxlama keçirilmiş 07.02.2014-cü il tarixdə yoxlama yekunlaşdırılaraq eyni tarixli qanunvericilikdə nəzərdə tutulmayan yoxlama aktı tərtib edilmişdir. Həmin yoxlama aktı ilə A.Məmmədliyə 19535,33 (on doqquz min beş yüz otuz beş manat, 33 qəpik) ƏDV qismində əlavə vergi hesablanmış və 9767,66 (doqquz min yeddi yüz altmış yeddi manat, 66 qəpik) maliyyə sanksiyası hesablanmışdır. Həmin akt cinayət işi üzrə sübut kimi qəbul edilərək A.Məmmədliyə qarşı ittiham irəli sürülməsinə əsas vermişdir. Konkret halda yoxlama aktı iddiaçıya münasibətdə hüquq və vəzifələr yaratmış və həmin aktda göstərilənlər əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə məhkum olunub.

A. Məmmədlinin vəkili Bakı Apellyasıya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verəcək.

A.Məmmədli, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov məhkum olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

Ana səhifəXəbərlərSMDTM sədrinin şikayəti təmin olunmadı