SMDT-nin iki əməkdaşına qarşı yeni ittihamlar…

Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı ittihamlar ağırlaşdırılıb.

Source:

Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı ittihamlar ağırlaşdırılıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı başlanan istintaq işi yekunlaşıb. Mərkəzin iki əməkdaşına verilən ittihamlar isə artırılıb. Mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya 5 maddə ilə ittiham irəli sürülüb. O, 179.3.2. mənimsəmə və ya israf etmə (külli miqdarda törədildikdə), 192.2.2 külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma, 213.1. xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə, 313- vəzifə saxtakarlığı maddələri ilə ittiham olunur. Bu barədə B.Süleymanlının vəkili Əlibaba Rzayev Meydan TV-yə məlumat verib. O deyib ki, 3 maddə üzrə istintaqa cəlb olunan B.Süleymanlı indi 5 maddə ilə ittiham olunur.

“Mənimsəmə və vəzifə saxtakarlığı maddələri əlavə edilib. İstintaq materialları ilə tam tanış deyilik. Maddələr ümumi əsaslandırılıb, xüsusi izah olunmayıb. Bu maddələri əsaslı hesab etmirik. Bayramdan sonra iş materialları ilə tanış olacağıq. Bundan sonra vəsatətlərimiz olacaq”.

Vəkil bildirib ki, B.Sülyemanlının indiki dövrdə həbs təhlükəsi yoxdur.

İcraçı direktor Bəşir Süleymanlı Meydan TV- yə bildirib ki, o, bu maddələrlə özünü təqsirli bilmir.

Mərkəzin digər əməkdaşı Elnur Məmmədova əlavə 4 maddə ilə ittiham irəli sürülüb. O, 179 (mənimsəmə və ya israf etmə) maddənin bir neçə bəndi üzrə ittiham olunur. E.Məmmədov Meydan Tv-yə deyib ki, özünü bu maddələr üzrə təqsirli bilmir.

“Hər hansısa cinayət əməlinə yol verməmişəm. Bunu ifadəmdə də yazmışam”.


Sevinc Vaqifqızı

Ana səhifəXəbərlərSMDT-nin iki əməkdaşına qarşı yeni ittihamlar…