Qurum siyasi şəraiti son 10 ildə ən qeyri-demokratik dövr adlandırıb
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərini müşahidə edə bilməyəcək. Qurumun yaydığı bəyanatda deyilir ki, hazırkı şəraitdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı siyasi şərait son 10 ildə ən qeyri-demokratik dövrə təsadüf edir.
SMDT bildirir ki, mövcud problemlərlə bağlı hazırda ölkədə demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir siyasi mühit mövcud deyil: “SMDT siyasi sifariş əsasında dövlət qeydiyyatına alınmayıb, onunla partnyor olmuş QHT-lərin bank hesablarına həbs qoyulub və xüsusi olaraq siyasi hakimiyyətin repressiyaları nəticəsində seçkilərin müşahidəsini həyata keçirmək mümkünsüz hala salınıb. Bu səbəbdən SMDT bələdiyyə seçkilərində müşahidəçilik həyata keçirə bilməyəcəyini bəyan edir. SMDT həmçinin hesab edir ki, yaranmış siyasi şəraitdə keçirilən seçkilər demokratik, azad və ədalətli seçki hesab edilə bilməz”.
SMDT mövcud siyasi vəziyyətin dəyişməsi və demokratik, azad və ədalətli seçkinin keçirilməsi üçün aşağıdakı təkliflər irəli sürür.
- Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusları kimi tanınan şəxslər dərhal azad edilsin.
- Vətəndaş Cəmiyyətinin üzvlərinə, jurnalistlərə, siyasi fəallara qarşı məhkəmə işləri, digər təzyiq və təqiblər dayandırılsın.
- Azərbaycan hökuməti Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə yerinə yetirsin, vətəndaşların ifadə, sərbəst toplaşmaq, birləşmək azadlıqlarına və mülkiyyət hüquqlarına hörmətlə yanaşsın.
- Seçki qanunvericiliyinə yerli və beynəlxalq təşkilatların, o cümlədən ATƏT/DTİHB və Avropa Şurasının tövsiyələrinə uyğun düzəlişlər edilsin.
- QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən mürtəce düzəlişlər aradan qaldırılsın və QHT-lərə qarşı basqılara son qoyulsun.
- Yerli seçki müşahidəçilərin seçkiləri müşahidə etmələrinə imkan yaradılsın, SMDT sədri A.Məmmədli və sədr müavini B.Süleymanlı azad edilsin.
- Xarici QHT-lərin ölkədə fəaliyyət göstərmələrinə imkan verilsin.
SMDT Azərbaycanda azad ədalətli və şəffaf seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. SMDT 1 dekabr 2008-ci ildə, qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) bazası əsasında təsis olunub.