Jurnalist Aynur İmranova 1 saylı İnzibati-İqtisad Məhkəməsinin hakimi Elçin Məmmədova açıq məktub yazıb. Meydan TV məktubu olduğu kimi dərc edir:
“Cənab hakim!
Bu gün Apellyasiya Məhkəməsində öyrəndim ki, verdiyiniz qərarda işin mahiyyəti üzrə baxılmadığını, bizim iddianı sübut edə bilmədiyimizi yazmısız. Bu, həm də aylarla sizin işi təxirə salmanızdan sonra verilən bir qərar idi. Hansı ki, siz aylar ərzində qarşı tərəfi bir dəfə də olsun məhkəmə iclasına gətirə bilmədiniz, sizin göndərdiyiniz çağırışlara baş prokurorluq məhəl qoymurdu. Sizin özünüz müstəntiqlə dəfələrlə danışanda mənim ölkədən çıxışımın bağlanmasının səbəbləri barədə danışmısız, həm də vəkilimlə mənim yanımda. Amma sizin qərarınıza görə mən bu qadağanın olmasını sübut edə bilməmişəm. Mən sübut etməliydimmi? Yoxsa siz Baş Prokurorluğun mənim iddiama cavab olaraq iştirakını təmin edib, belə bir iddianın olub-olmadığın yoxlamalıydız?
Bu işlə bərabər siz mənim iki iddiamda da proseslərdə hakimlik eləmədiniz, rəsmən mənim qarşı tərəfim oldunuz. Gömrük Komitəsinə qarşı qanunsuz şəxsi baxışın keçirilməsi ilə bağlı iddiama baxış zamanı rəsmən məni susdurmağa, qarşı tərəfin vəkilinə məsələni məntiqli əsaslandırmaq üçün fikir verməyə başladınız.
Mən anlayıram ki, ölkədən çıxışımın bağlanması sizin işiniz deyil. Heç sərhəddə təhqiredici şəkildə şəxsi baxışa məruz qalmağım da. Amma siz bütün bu proseslər ərzində qarşı tərəfi müdafiə eləmək üçün o qədər dondan-dona girdiz ki, mən artıq sizin imkanınız olsa, bu qərarları qəbul edənlərə xoş olsun deyə məni öldürməyə belə hazır olduğunuzu düşünürdüm. Siz bir dəfə vicdanla oturub düşünsəydiniz anlayardınız ki, mən sizin övladlarınızın, ailənizin, elə həm də sizin gələcəyiniz üçün mübarizə apardığımdan bu qədər təzyiqə məruz qalıram. Sizin əzizlərinizin haqqının yeyildiyini yazdığım üçün və ya məsələn, gələcəkdə sizin məhkəmənin sədrinin günahı üzündən onu yox, sizi həbs eləməsinlər deyə. Qulluq etdiyiniz sistem üçün siz istifadəyə yararlı olduğunuz müddətdə varsınız. Sonra isə elə kənara atacaqlar ki, sanki heç belə adam olmayıb. Başa düşürsüz? Yox, bunları düşünmək əvəzinə siz utanmadan iki sözü bir araya gətirə bilməyən Gömrük Komitəsinin vəkilinə məsələni necə əsaslandıracağını başa salırdız.
Amma bütün bunlar necə gülməli görünürdü, təsəvvür belə edə bilməzsiniz. Sizin mənim və vəkilimin üstünə səsinizi qaldıraraq, suallara cavab verə bilməyən Gömrük Xidmətinin əməkdaşına yardım etməniz tam bir teatr idi. Bəli, təəssüf ki, bu ölkədə irəli getməyin yolu artistlikdən, məddahlıqdan, adamlıq qürurununu ayaqlar altına atmaqdan gedir. Yəqin ki, bu ölkədən çıxışların bağlanması ilə bağlı siyasi işləri sizə verməklə, mütləq mükafatınızı verərlər. Əmin olun verəcəklər. Siz də bir qadının “qərarını” necə oxudum, höküməti haqlı çıxardım deyə, o mükafatı yaxanıza taxıb, gərilə-gərilə gəzərsiz. Rəhmətlik Xəlil Rza yazırdı:
Düşmən axmaq deyil… tanıyır, tapır,
Diriykən ömrünü bitirmişləri.
Xalq üçün düşməndən daha qorxulu,
Milli simasını itirmişləri.
Çin verir onlara, hələ pul basır,
Bərkidir satqınlar şəbəkəsini.
Birinin döşündən medal da asır,
Ört–basdır edərək qan ləkəsini.
Bəli, qan ləkəsini… O qan ki mənim xəstə olduğumu, xaricdə əməliyyata ehtiyacım olduğunu bilə-bilə mənim hüququmu bərpa eləmədiz. Hətta qərara, işi aylarla uzatmağınıza, dəfələrlə müzakirə eləməyimizə baxmayaraq, “iş mahiyyəti üzrə baxılmayıb” deyə yalan da yaza bildiz.
Açığı, mən hakim kimi sizin yerinizdə olmaq istəməzdim. Mən sizin yanınıza əsa ilə, çox xəstə vaxtlarımda da gəlmişəm. Sizin mənimlə necə qıpqırmızı, səs tonunuzu yüksəldib, hakim etikasına sığışmayan səviyyədə danışdığınızı da, ağır cinayətlərin müstəntiqi ilə necə səsinizi qısıb, fağır görkəm alaraq danışdığınızı da görmüşəm. İnanın, mən o çörəyi yeməzdim. Ac qalaram, həbs olunaram, nəhayət, ölərəm, amma bir qadına “zor göstərib”, bir kişiyə mənsəb xatirinə yarınmaq hesabına qazanılan heç nəyə yaxın durmaram. Bizim fərqimiz budur. Vicdanı susdurub hakim olmaqmı, yoxsa insanlığını, ədalət hissini itirməmək xatirinə sizin kimi şər maşınına xidmət edən birinin qarşısında məhkəməyə çıxmaqmı? Bütün hallarda ikincini seçərdim…
Siz Azərbaycan ədalətinin üz qarasısınız. O bayrağın altında siz AZƏRBAYCAN VƏTƏNDAŞINA o bayrağa da, ədalətə də sevgi aşılamalısınız. Amma tam əksini edirsiz. Sizin prosesdə olandan sonra mən nəinki hakimlərə, hətta kişilərə də nifrət etdim. Bu qədər “canfəşanlıq” nəyə lazımdır? Pul üçünmü? Mənsəb üçünmü? Yaxşı siz heç özünüzə sual vermisizmi ki, “DƏYƏRMİ”?
Həyatda nə üçünsə bu qədər düşməyə inanın ki, dəyməz.
Bu gün etdiklərinizə görə tək cəmiyyət və dövlət qarşısında yox, elə övladlarınız üçün də məsulsunuz. Gələcəkdə kimin övladı olduğunu bilsələr və bunu deməkdən çəkinsələr, xoşunuza gələrmi?
Mən ümid edirəm ki, sizin övladlarınız bir gün sizin “ədalət sərgüzəştlərinizi” oxuyub sizdən utanmayacaqlar, “kaş bizə bu yolla qazanılan çörək yedirtməyəydin” deməyəcəklər. Mən öz atama deyərdim, ondan utandığım üçün də həyatımdan çıxarardım. Hətta ədalət anlayışı olmayan, insan haqqına hörmət eləməyən, mənsəb üçün bu qədər düşən bir “hakim”in qızı olduğum üçün intihar da edərdim. Min şükür ki, belə bir atam olmayıb.
Mən ümid edirəm ki, siz bundan sonra qəbul edəcəyiniz qərarlarda iki dəfə düşünəcəksiz. Hər şeyin müvəqqəti olmasını nəzərə alacaq, ən azı gözü çıxmış məmurlardan ibrət götürəcəksiniz. Heç olmasa onu nəzərə alacaqsız ki, ədalətsiz çıxardığınız hər qərara görə nə qədər “ah” almısız. Məsələn, mən sizə Eldar Mahmudovun, Əli İnsanovun düşdüyü vəziyyəti, axtardığı “ədaləti” dəfələrlə arzulamışam. Siz daxil olmaqla mənim bu ölkədən çıxışıma qadağanın saxlanmasında “əməyi olan” hər kəsə uzun illər bağlı qapılar arxasında qalmağı da diləmişəm. Bəlkə mən beynimdəki şişin mənə verdiyi yaddaş problemi üzündən sizin və “ağalarınızın” mənə elədiklərini nə vaxtsa unudacağam. Amma mən çox ümid edirəm ki, bütün bunları İlahi Ədalət sahibi olan Allah tərəfindən unudulmayacaq. Mən sizi xatırlamasam da, siz məni bağlı qapılar arxasında uzun illər xatırlayacaqsız. Belə… Başqa heç nə demirəm. Sizə – insan və hakim adına vurduğunuz ləkələr üçün cavabdehlik daşıyacağınız bir gələcək arzu edirəm…”