“İllərdir, narazılıq edirik, şikayət məktubları yazırıq, baxan yoxdur”
Lerik rayonunun Siyov kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri şikayətçidir. Onlar məktəbin təmirsiz, şəraitsiz olduğunu, uşaqlarının buna görə əziyyət çəkdiyini söyləyirlər. Dediklərinə görə, xüsusən də qış aylarında vəziyyət daha acınacaqlı hal alır.
“Məktəbin pəncərə və qapıları bərbad vəziyyətdədir. Otaqlar odun sobası ilə isidilsə də, külək əsəndə sinif otaqlarının açıq hissələrindən içəri keçir. Yağış yağanda, qar əriyəndə, su sinif otaqlarına damır. Stullar, partalar bərbad vəziyyətdədir. İllərdir, narazılıq edirik, şikayət məktubları yazırıq, baxan yoxdur”, – deyə valideylər Meydan TV-yə bildirir.
Məktəbin direktor müavini Gülağa Həsənov Meydan TV-yə söyləyir ki, təhsil ocağı təmirsiz olsa da, davamiyyətinə görə rayon üzrə ikinci yerdədir:
“Məktəbimizdən hər il 10-12 şagird universitetlərə qəbul olur. Təmirə gəlincə, aidiyyatı qurumlara müraciət olunub. Hətta Prezident Adminstrasiyasından da gəlib baxıblar. Planlaşdırılıb, bu ilin sonuna kimi məktəbin tikintisi nəzərdə tutulub”.
Direktor müavinin sözlərinə görə, məktəb binası 1982-1983-cü ildə inşa olunub. Əvvəllər ibtidai təhsil üçün nəzərdə tutulub:
“Sonradan məktəb onbirillik oldu, otaqlar genişləndirildi. Hazırda məktəbdə 134 nəfər şagird təhsil alır. Məktəbdə bütün ixtisaslar üzrə 24 müəllim fəaliyyət göstərir. Məktəb tikilsə, çox yaxşı olar”.
“Ümumiyyətlə, pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq. Məktəbimiz rəqabətdə olan təhsil ocağıdır. Təhsil yüksək səviyyədə tədris olunur. Bina məsələsi həll olunsa, təhsilin səviyyəsi daha da yüksəlmiş olacaq. Maddi bazamız, şəraitimiz düzəlsə, daha yaxşı olardı. Sinif otaqlarını odun peçi ilə isidirik. Odun dövlət tərəfindən verilir. Gələcəkdə kombi sistemi olsa, daha yaxşı olardı”, – deyə, məktəbin fizika müəllimi Vüsal Bayramov əlavə edir Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bilal Heydərov Meydan TV əməkdaşı ilə söhbətində bildirib ki, ötənilki zəlzələdən sonra məktəb binası daha təhlükəli vəziyyətə düşüb:
“Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etdik. FHN-nin nümayəndələr gəlib, məktəbə baxış keçirdilər. Bundan başqa, Təhsil Nazirliyindən nümayəndə İH-də olub, baçşı ilə görüşüb, bildirilib ki, artıq layihə hazırdır, 2019-cu ildə məktəbin tikintisinə başlanılacaq. Yəni bizi 100 faiz əmin ediblər”.
Lerik rayonu Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev Meydan TV-yə açıqlamasında Lerik rayonu ərazisində 10 modul məktəbin inşa edildiyini söyləyir.
“Həmin məktəblərin bəziləri artıq istifadəyə verilib. Lerik Rayon İcra Hakimiyyəti rayonda mövcud olan bütün müəssisələr, o cümlədən tədris ocaqları ilə daim maraqlanır və lazımi köməkliyi göstərir. Bu yaxınlarda Siyov kənd məktəbinin tikintisnə başlanılacaq. Mən təhsil şöbəsinin müdiri olaraq çalışıram ki, təkcə Siyov deyil, Lerik rayonu ərazisində qəzalı vəziyyətdə olan digər kənd məktəbləri inşa və bərpa olunsun”.