Kəndlilər deyir ki, bir az külək əsən kimi işıq sönür, telefon işləmir
“Televizorda Bakının, rayonların inkişafı ilə bağlı xəbərləri izləyirik. Görəsən, bizim kənddəki vəziyyətdən telekanalların xəbəri varmı? Problemlərimizlə bağlı ara-sıra mətbuata şikayət edirik, söz verirlər, sonra unudulur”.
Bunu Meydan TV-yə Astaranın Şiyəkəran kəndinin sakinləri bildiriblər. Onların sözlərinə görə, kənddə yaşayış şəraitinin nə vaxtsa düzələcəyinə ümidləri qalmayıb. Bir qədər imkanı olanlar kənddən köçüblər. İmkansız ailələr isə problemlərin içərisində ömür sürürlər.
“Yollar bərbad vəziyyətdədir, işıq dirəkləri qəzalıdır. Bir balaca külək əsən kimi işıq sönür, telefon işləmir. Hava pisləşən kimi mağazalarda ərzaq qalmır, çünki hamı alıb ehtiyat saxlayır”,-kənd sakinlərindən Azad Məmmədov deyib.
Azad Məmmədov bildirib ki, o da çoxu kimi dolanışıq üzündən Bakıya kirayəyə köçüb. Kənddə yaşayan doğmaları ilə tez-tez əlaqə yarada bilmir.
“Kəndə gedəndə şam, dərman, bir az da ərzaq alıb aparıram. Dolanışıq çətindir. Doğrudur, Bakıda da çətinlik çəkirik, amma heç olmasa dərman, şam tapılır, millət yola, telefonlara görə əziyyət çəkmir”,-Azad deyib.
Kənd sakinləri deyirlər ki, yağışlı havalarda yollar keçilməz olur, yayda isə toz-torpaqdan hərəkət edə bilmirlər:
“Yaşlı valideynlərim kənddədir, nə yanıma gətirə bilirəm, nə də gedib kənddə çalışmağa iş yoxdur. Əkin-biçindən də pul çıxmır. Kəndlər batır, tədbir görən də yoxdur”.
Digər kənd sakinləri deyiblər ki, problemləri o qədər çoxdur, hansını sadalayacaqlarını bilmirlər. Kəndlərdə vəziyyət çətindir, əkinlə məşğul olanlar da güclə dolana bilirlər. Halbuki, kəndin təbiəti gözəldir, turist cəlb etmək olar.
Ötən il kənd sakinləri orta məktəbin yarımçıq qalmış təmir işlərindən şikayətçi idilər.
Rəsmi mənbələrə görə, kəndin 5 min əhalisi var. Kənd çəltikçiliklə məşhurdur. Amma sakinlər deyirlər ki, düyüdən də qazanmaq çətinləşib.
Astara Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, yollarla bağlı məlumatlıdırlar. Kəndin Çəton məhəlləsində, o cümlədən digər ərazilərdəki yollarda çox yaxın zamanda təmir işlərinə başlanılacaq.