Siyavuş Novruzov: Şəhid ailələri və qazilərin kommunal borcları ləğv olunmalıdır

” Bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”.

Source: google.az


Deputatlar onların problemlərindən danışıb

“Şəhid ailələri və qazilərin kommunal borcları ləğv olunmalıdır”.

Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov bu təkliflə çıxış edib.

O bildirib ki, onların arasında mənzil şəraiti yaxşı olmayanlar var:

“Məsələnin mahiyyəti sırf maddiyata yönəldilməməlidir. Maddiyyatı onların igidliklərindən yuxarı tutmamalıyıq. Onlar Vətənin ərazi bütövlüyünü təmin edib, 30 ildir qəlbimizdə olan yaranı sağaldıb. Onların bəzisi hətta gizlincə avtobusa minib müharibəyə yollanıb. Onlar ora gedəndə sabah veriləcək pensiyanı düşünməyiblər. Biz dərsliklərimizə bu qəhrəmanlıqları salmalıyıq. Gələcək nəsilə maddiyyatı deyil, qəhrəmanlıqları aşılamalıyıq. Doğrudur, onlar ən yaxşı şəraitə layiqdirlər, onların sosial təminatı həll olunmalıdır, amma igidliklərini də unutdurmamalıyıq”.

Deputat Qarabağ veteranlarına verilən müavinətin artırılmasını təklif edib:

“Bu müavinət 50 manatdan 80 manata qaldırılıb. Lakin qiymətlərdə dəyişiklik olduğu üçün veteranlara verilən müavinət də artmalıdır. Bu vəsait heç olmasa, 150-180 manat həcmində verilə bilər”.

S.Novruzov əlavə edib ki, işğaldan azad olmuş ərazilər ən qısa müddətdə bərpa edilməlidir: “Ermənilər orada olan boşluqdan istifadə edib, hələ də ərazilərdə hücumlar təşkil edir, oraları minalayırlar. Hansısa şəhərin, rayonun, kəndin problemi 1 il gözləyə bilər. Amma işğaldan azad olunmuş əraziləri tez zamanda bərpa etməli, insanları öz yurd-yuvalarına köçürməliyik”.

Siyavuş Novruzov
Siyavuş Novruzov


“Qarabağ qazilərinin müavinət almasında olan problemlər həll edilməyib”

Deputat Tahir Kərimli Qarabağ qazilərinin maddi problemlərindən danışaraq bildirib ki, onların bəzilərinin müavinət almasında olan problemlər hələ də həll olunmayıb:

“Qarabağ qaziləri banklara inanıb, kənd təsərrüfatı texnikası almaq üçün pul köçürüblər, sonra bu aqrolizinq ləğv olundu, onlara heç bir kənd təsərrüfatı texnikası da verilmədi”.

O, hərbçilərin əməkhaqqının və siyasi partiyalara ayrılan vəsaitlərin də artırılmasını təklif edib.

Deputat Quba-Şamaxı yolu, Ağsu yolları ilə bağlı məsələnin də həllini tapmalı olduğunu bildirib.

T.Kərimli hər rayonda şəhidlər muzeyi yaradılmasını və şəhidlər xiyabanlarının Qalibiyyət, Zəfər memorialına çevrilməsini təklif edib.

1559315261_81.jpg
Tahir Kərimli


“Əmək qabiliyyətini itirən hərbçilərin maaşı 100 faiz verilməlidir”

Deputat Məlahət İbrahimqızı İkinci Qarabağ müharibəsində sağlamlığını, əmək qabiliyyətini itirən hərbi qulluqçuların maaşının 85 faizinin ödənildiyini deyərək, xarici ölkələrdə bunun 100 faiz verildiyini bildirib.

O, hökumət üzvlərindən bu məsələnin nəzərə alınmasını istəyib:

“Bu gün Vətən müharibəsində yaralananlar hospitalda yatırlar. Onlara verilən epikriz əsasında qulluq etdiyi hərbi hissəyə getməli, yenidən qayıtmalıdırlar. Burdan həmin hərbi hissələrə getmək bu hərbçilər üçün çox çətindir. Bu, bir neçə nazirliyin arasında olan məsələdir. Prosedurun asanlaşdırılmasını təklif edirəm. Digər tərəfdən, nazir Sahil Babayev dedi ki, müxtəlif bölgələrdə reabilitasiya mərkəzləri açılıb. Gələcəkdə Qarabağda da belə reabilitasiya mərkəzlərinin tikilməsi, Vətən müharibəsində iştirak edən şəhid və qazi ailələri üçün pulsuz olsa, yaxşı olardı”.

Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı


“Əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”

Deputat Soltan Məmmədov isə səhiyyə sistemini tənqid edən həmkarlarını diqqətli olmağa çağırıb: “Bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Həkimlərimizin fədakarlığı, vətəndaşlarımızın hökumətimizin həyata keçirdiyi siyasətə dəstək olması nəticəsində vəziyyət düzgün idarə olunur. Dövlətin səhiyyə siyasətini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyi, icbari tibbi sığortanın tətbiqini təmin edən Dövlət Agentliyi və tibbi xidmətlərin təşkilinə məsul TƏBİB-in birgə səyləri səhiyyə sahəsində qarşıda duran bütün vəzifələri uğurla icra etməyə imkan yaradacaq. Bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”.

Ötən iclasda deputat Qüdrət Həsənquliyev TƏBİB-in özünü doğrultmadığı üçün insanların nifrətini qazandığını bildirib və ləğv edilərək səlahiyyətlərin Səhiyyə Nazirliyinə qayratılmasının vacib olduğunu bildirmişdi.

Ana səhifəSosialSiyavuş Novruzov: Şəhid ailələri və qazilərin kommunal borcları ləğv olunmalıdır