Siyavuş Novruzov: Hərdən Türkiyəyə baxıb coşursuz

Çiynimizə taxta-şalban götürüb daşımalıyıq ki, biz işləyirik?

Source:
Siyavuş Novruzov


Çiynimizə taxta-şalban götürüb daşımalıyıq ki, biz işləyirik?

“Milli Məclis işləmirsə, o zaman niyə buradan əmək haqqı, mükafat alırsan? Milli Məclisin funksiyası qanun qəbul etməkdir”.

Bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında deyib.

Deputat həmkarlarını hədəfə alıb. O, son zamanlar bəzi deputatların mətbuatda “Milli Məclis işləmir”, – deməsinə münasibət bildirib:

“Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkə iqtisadiyyatının inkişafı, vergilərin, maliyyə sisteminin tənzimlənməsi ilə bağlıdır. İndi biz nə edək? Çiynimizə taxta-şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik? Deputatlar nə dediklərinə diqqət etməlidirlər. Biri deyir ki, komanda dəyişməlidir. Sən kimsən ki, komanda dəyişəsən? Komanda cənab prezidentin komandasıdır. Onun nəticəsində bu gün Azərbaycanda nə qədər layihələr həyata keçirilir, regionlarımız inkişaf edir, ölkəmiz yenidən qurulub, tikilib. Bunu deyənlər onların birinin funksiyasını yerinə yetirə bilər? Əgər edə bilmirsənsə, iki gün mətbuat səhifələrində qalmaqdan ötrü belə fikirlər irəli sürmək hansı məntiqə sığır?”

Hər kəs öz oturduğu stula hörmət etməlidir

Deputat əlavə edib ki, Azərbaycan parlamentli respublika deyil: “Hərdən Türkiyəyə baxıb coşursuz. Biz prezidentli respublikayıq. Bizim borcumuz qanunları qəbul edib, onlara nəzarət etməkdir. Biz icranın funksiyasını yerinə yetirməməliyik. İcra funksiyasını yerinə yetirəni Azərbaycan prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal həmin vəzifədən azad edilir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hətta bəziləri haqqında həbs-qətimkan tədbirləri görülüb. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Bununla bağlı qurumlar var ki, onlar bununla məşğul olur. İndi kiminsə kimdən xoşu gəlmirsə və xahiş yerinə yetirmirsə, bu, o demək deyil ki, biz bu məsələləri bu cür qaldırmalıyıq. Hər kəsin özünün funksiyası var. Bizim funksiyamız da qanun qəbul etməkdir. Parlamentin üzvləri beynəlxalq təşkilatlarda, başqa-başqa insanlara, eləcə də ermənilərə qarşı mübarizə aparırlar. Bundan başqa daha nə etməlidirlər? Bu baxımdan düşünürəm ki, çıxış edən hər kəs öz oturduğu stula hörmət etməlidir”.

Siyavuş Novruzov qeyd edib ki, hələ də bir sıra siyasi partiyalar maliyyə hesabatları vermir: “Baxmayaraq ki, onların kifayət qədər cangüdənləri, maşınları var. Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək lazımdır.

Bir məsələni də qeyd etmək istəyirəm. Axşamlar xaricdən telefonlarımıza zənglər gəlir. İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var. Ziyafət Əsgərovdan komitə sədri kimi xahiş edirik ki, bu məsələ araşdırılsın”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Hərdən Türkiyəyə baxıb coşursuz