Çoxdandır yazmaq istəyirəm, özümdə çək-çevir edirəm, indi də görürəm ki, yazının zehində qurulan konstruksiyası yazının özündən maraqlı olur. Yazan adamların lənətidir. Hələ bunun korrekt olmaq, doğru başa düşülmək kimi ekstra gərginlikləri də varsa, yazıya başlamazdan əvvəl gərək bir baş sanballı Banqla həsbi-hal edəsən.
Demişdim etiraflar olacaq, deyəsən böyük danışmışdım. Çoxlarına aydın olan, zaman-zaman dilə gətirilən şeylərdir. Söhbəti uzatmıram – yazıçının, sənətçinin siyasiləşməsi, yəni
bu qədər
siyasiləşməsi, tənəzzülə aparır. Qorkinin dünya ədəbiyyatındakı yerini danan yoxdur, amma bunun da bizə dəxli yoxdur.
Yaxşı başlasaq da boynumuza alaq ki, tələsdik. Siyasi mübarizəyə girişib partiyalaşmaq, partizanlaşmaq üçün heç bir ciddi səbəb yox idi. Əlbəttə, Elmar Hüseynovun 2005-də öldürülməsindən sonra, ağlı başında olan hər kəs qarşıdakı illərdə ölkədə hansı xəttin yeridiləcəyini anlamışdı. Əmri kimin verməyi – Rusiya, CIA, İlham Əliyev, Ramiz Mehdiyev, masonlar – ikinci dərəcəli məsələdir. Bu qorxunc qətl İlham Əliyevin prezident olduğu ölkədə baş vermişdi.
Biabırçı hadisə çox adamı radikallaşdırdı. Xatırlayarsınız, Alatoran jurnalı sərt bəyanat yaydı, ondan sonra da sənətçi dostların siyasi məzmunlu yazıları çoxaldı. Mərhum Elmarın xanımı ilə azərbaycan və rus dillərində qəzetlər buraxdıq, ağzımıza gələni yazdıq. Hər yazıdan sonra dostlar bir-birindən “qorxmursan?” soruşur, yüz qramın ardından sualı da unudurdular. Siyasi ritorikanın intensivliyinə paralel alkaşlıq da mövqelərini gücləndirirdi.
O gündən sonra hər şey çox siyasi oldu.
Bu gün düşünürəm ki, qətldən hiddətlənən sənətçilər nifrətlərini dilə gətirib işlərinə davam da edə bilərdilər. Bu qətlin ağırlığı altında siyasi fəaliyyətə atılmaq şərt deyildi. Çoxumuz atıldıq deyə, siyasət bədii yaradıcılığa nüfuz etdi. Ambisiyalarımızın başında dayanan, dayanmalı olan çağdaş formaların tətbiqi, kültürdə islah fəaliyyəti, həyacanın estetik paylaşımı – hamısı bu və digər formada siyasi məzmunla dolduruldu. Onlar bizi öz karmalarının əsiri etdilər. Deməli hisslərimizə nəzarəti əldən buraxdıq. Hətta fərz etsək ki, Braxman dünyadan uzaq olduğu kimi Atman da vücuddan uzaqdır, ayrıdır, bütün hallarda vücudun hərəkətinə heç nə mane olmur. Amma Gita deyir ki, insanlar müxtəlif temperamentlərə malikdir. Bu yaxınlarda oxumuşam, araşdırıb baxa bilərsiniz. Bəzi adamlar fəaliyyətdən uzaq olmağa meyllidirlər. Bəziləri isə xidmətə meyllidirlər, ona görə də, öz fərdi varoluş qanunlarına müvafiq hərəkət etməlidirlər.
Zaman da göstərdi ki, siyasiləşmək bolşevikləşməkdir. Bu nostaljinin zərərləri haqda mənə “dur” deyənlər də vardı, dinləmirdim. Sənətçi, onu narahat edən şeylər haqqında ucadan danışmaq haqqını özündə saxlayaraq, siyasiləşmədən də yarada bilər. Bu ki, çox sadədir. Strateji missiyanın birinci və çətin etapı olan kültürün nomenklatur əsirlikdən qurtarılması, yeni estetik dəyərlərin propaqandası, yəni kobud desək
ifşa
ciddi surətdə zəiflədi, bütün diskurs siyasi müstəvi üzərində quruldu. Bu da ən çox hakimiyyətə yaradı – sənətçilərin profanasiyasına nail oldular.
“Sənətçi ölkənin siyasi səhnəsindən nə qədər uzaq olsa, o qədər yaxşıdır” demirəm. Sənətçi siyasi institutlara nə qədər uzaq, nə qədər yaxın olacağına özü qərar verir. Lakin bizim ölkənin siyasi səhnəsində oynanan oyunların, qoyulan tamaşaların səviyyəsi çox aşağıdır, iqtidarlı-müxalifətli – hamısı bir yerdə böyük bir kolxozu xatırladırlar. Bu kolxozun içində seçkidən seçkiyə səs verəcəyin fiqur varsa, lap yaxşı. Yoxdursa, ondan da yaxşı. Simpatiya duyduğun bir siyasi liderin olması təbiidir. Hətta arada-sırada görüşüb, səmimi ortamda kəklikotulu dana basdırması da yemək olar. Amma bundan o tərəfə getmək, siyasiləri bu qədər müzakirə etmək, yazmaq nəyə lazımdır? Dəqiq bildiyim odur ki, bəzilərimiz üçün İsa Qəmbər bir intellektual kimi dəyərlidir. Onun siyasi liderliyi, partiyanın kursu, obiri partiyalarla münasibətləri, partiya başqanının Anara münasibəti, hətta Anarın özü – bunlar bizim mövzularımız olmamalıdır. İlk növbədə öz payıma deyirəm. Dostlar da götürmək istəyirlərsə, buyursunlar.
Belə sözlərdən sonra, bəzi adamlarda “Axı mən sənə demişdim” eyforiyasının yaranması qaçılmazdır. “Yaranmasın” deyə bilmərəm. “Axı mən sənə demişdim” deyənləri iki qrupa bölürəm – əclaflara və yaxşı insanlara. Əclaflar sevinməsinlər – onların bilməyi ilə, mənim bilməyim arasında böyük fərq var. Görməklə baxmaq arasındakı fərq qədər.
Bayaqdan beynimdə fırlanır, otuz beş yaşı adlamış oxucularımdan bir söz soruşmaq istəyirəm. Uşaqlığımda, təxminən 88-89-cu illərdə, Retro verilişində Ayaz Salayev bir film göstərmişdi. Çox güman ki, ABŞ istehsalı idi. Hərbi litseydə oxuyan kursantlar, kadetlər üsyan qaldırırlar, nəyəsə etiraz edirlər. Finalda litseyi mühasirəyə alan polislərmi, yoxsa xüsusi təyinatlılarmı kadetlərin bəzilərini güllələyirlər. O vaxt bu film başımı xarab eləmişdi. Adını bilsəm baxaram yenə. Ayazın özündən soruşmaq hər dəfə yaddan çıxırdı. Heç inanmıram onun da yadında qalsın. Filmi tanıyan varsa, zəhmət olmasa
alekper.aliyev
@gmail.com
ünvanına yazsın. Öncədən təşəkkür edirəm.
Niyə belə siyasiləşdik?
Yaradıcılıqda siyasətin yerini müzakirəyə açmaq istəmirəm. Bizdəki palitraya baxaq – ölkəni qlamur-feodal hökumət, ya da bəzilərinin deyişi ilə “maariflənməmiş monarxiya” idarə edir, ona müxalif olan qüvvə də göz qabağındadır. Yan mövzu kimi bu siyasi qazanın içindən nəsə çıxarmaq, hətta ilhamlanmaq olar. Yəqin ki, olar. Amma onu götürüb yaradıcılığın, mövcudluğun mərkəzinə qoymaq, bu qədər irəli getmək lazım deyildi.
Desəm ki, siyasi məzmunlu çağırışlardan sonra oxucularımızın sayı artdı, o da doğru olmaz. Hətta tam əksi olmuşdu. Siyasət bizə, biz siyasətə bulaşmazdan əvvəl, bizə etibar edən gənclərin, vətəndaşların sayı daha çox idi. Düşünən və narahat olan oxucular həndəsi proqressiyada çoxalırdılar. Alma qəzetini, Kultura.Az layihələrini xatırlayın. Alatoran jurnalı da bir yandan öz işini görürdü. Nə müxalifət tanıyan, nə iqtidar bilən məsum universitet tələbələri yadıma düşür. Alma qəzetinin redaksiyasına, bizimlə müxtəlif görüşlərə axın-axın gələn gənclik. Nə oldu bu layihələrə?
Bizə cızılan çərçivə vardı, onun içində qala bilmədik. Sanki ölkədə qırmızı xətti olmayan media varmış da, biz çox rahatlıqla qapı çırpa bilərmişik. Bu xətt (prezidentin, ailəsinin, ola bilsin bir-iki irikaliberli məmurun tənqidə qapalı olması) bizə çox böyük bir faciə kimi göründü. Nəticədə acığa düşüb ağzımıza gələni yazdıq, bunu qəhrəmanlıq bildik (qəhrəmanlıq faktını şübhə altına almıram, eləcə konstatasiya edirəm), üsyan bayraqlarını qaldırdıq. Bu dəyərli fürsəti əldən verdik. Sonra da anladıq ki, Alma qəzeti və Kultura.Az kimi layihələr sən demə Asim Mollazadədən başqa bu ölkədə heç kəsə lazım deyilmiş. Nə qapılar döyüldü, kimlərə ağız açıldı – cavab bir oldu – “Kültür müxalifəti? İslah, lüstrasiya, ifşa? Yox! Olmaz!”.
Dalğa gənclər hərəkatının projesi olan Alma qəzeti tarixi rolunu oynadı, arxivə gömüldü. Xoşbəxtlikdən Kultura.Az-ın Azərbaycan versiyası etibarlı əllərdədir, bu baxımdan hamı rahat ola bilər – Kultura.az simasını itirməyəcək. Amma rusdilli versiya birdəfəlik məhv olub getdi. Bu auditoriya içərisində, keçən yazımda təsvir etdiyim bu qrup önəmli yerlərdən birini tuturdu: “Bakının bər-bəzəkli plazalarında, banklarda, sığorta şirkətlərində, neft sənayesində yayda sərin, qışda isti ofislərdə yüksək və orta maaşla işləyən, Park Bulvarda Argentinasayağı steyk, yanında artişok yeyən, gecə klublarında Mafiya oynayan, korporativ gecələrdə “Пошлю его на… небо за звездочкой…» mahnısına rəqs edən, ağ Lexuslarda gəzən bahalı qızlar və oğlanlar.“
And olsun lağ eləmirəm. Bu təbəqə rusdilli intellektual kadromuz qədər bizim üçün dəyərli idi. Kultura.Az-ın məqalələri dəfələrlə rusdilli elitanın toplaşdığı forumlarda müzakirəyə çıxarılıb, qan su yerinə axıb. Hardadır bu gün Alma`nın, Kultura.Az-ın oxucuları?
Azərbaycanda iki seçimin var – ya İlhamı söyəcəksən, ya İlhamı sevəcəksən. “Allahınız bilər, özünüz bilərsiniz” deyib kənara çəkilsən, olacaqsan satqın ya da satqınlığa namizəd. İnsanları belə bir çətin seçim qarşısında qoyub kompleksə saldıq. Çoxu məyus oldular, kənara çəkildilər, axı bizdən gözlədikləri bu deyildi. Kultura.Az-ın rusdilli auditoriyası mənim və bir neçə yazarımızın artıq açıq-aşkar, ad çəkərək hökumət nümayəndələri ilə qarşıdurmaya keçməsindən sonra bizdən uzaqlaşdılar. Gəlin boynumuza alaq ki, vaxtı ilə konformist dediyimiz bu adamlar çox haqlı imişlər. Müasir incəsənət, kontrkultura, akademik mətnlər, təhlillər hara, müxalifət-iqtidar qarşıdurmasında alətə çevrilmək hara? Halbuki bizim ilk gündən reputasiyamız var idi. O sərt, ağır yazılar yazılmasaydı da, portalın başı dik olacaqdı. Biz heç zaman yaltaq olmadıq, siyasi rəhbərliyin sifarişlərini yerinə yetirmədik, bunu bizdən tələb edən də olmadı.
Dediyim kimi, özümüz siyasiləşməklə qalmadıq. Bizə inanan, şeirimizi, hekayəmizi, publisistikamızı oxuyan-izləyən gəncliyi də siyasiləşdirdik. Dalğa-çı, Ol-çu gənclərə öz alovlu yazılarımızla, hisslərini coşduran çıxışlarımızla təsir etdik. Müxalifətlə o gənclər arasında körpü rolunu oynadıq. Dalğa gənclər hərəkatını, Ol hərəkatını siyasi olmamaqda ittiham etdik. Çıxardığımız “şən maarifçi” söhbəti ilə onları mənəvi terrora məruz qoyduq, bəziləri üçün həbsxanaya aparan yolu açdıq. Bizim zəif tərəfimiz fəthullahçı bicliyimizin olmamasıdır.
Biz indi nə edək ki, müasir olmayan, ölkəni sivil menecer, CEO kimi idarə etməyən, bu feodallığı, ölkə miqyaslı kəndxudalığı özünə yaraşdıran, bütün bu gülməli şeyləri özünə rəva görən və bundan zərrə qədər narahat olmayan prezidentimiz var? Bir ucdan hamını tutub basır türməyə. Dərin düşünə bilən adamlar üçün də öz dəhlizlərindən belə bir şey sızdırıblar ki, bu həbslərin hamısı geopolitik baxımdan zəruridir. Güyamiş biz çox strateji yerdə yerləşirik, bütün ölkələrin gözü üstümüzdədir, söhbət artıq hakimiyyətdən yox bütün ölkənin təhlükəsizliyindən gedir. Yəni qardaşım, sən ağıllısan? Başa düşürsən ki, türməyə saldıqlarımın narkotik, bomba, terror, xuliqanlıq ittihamları gülməlidir? Onda buyur – “Vəziyyət çox ağırdır. Hər şeyi bilirik, hər şey nəzarətdədir, belə lazımdır. Məmləkəti xilas edirik”.
Variantlar bir yana, reallığın bir adı var – bu adam kimi gəldi türməyə salır. Ölkənin başında bu təfəkkürdə bir adam dayanıbsa, müxalifət və cəmiyyət də bu gündədirlərsə, deməli bu ölkə insanının qafasında hələ çox şeylərin dəyişməsi lazımdır. İnsanları qaza gətirib küçəyə çıxarmaq partiyanın, partiya orqanının, nə bilim liderlərin, siyasi fəalların işidir. Sənətçinin birbaşa ya da dolaylı yolla bu prosesdə yer alması yaxşı görünmür. Hələ mən siyasi səhnənin belə acınacaqlı gündə olmasını demirəm. Zaman da göstərdi ki, Dalğa GH hərəkatlar içərisində ən uzaqgörəni imiş. Rafiq Tağıya da bircə onlar sahib çıxmışdılar, yadımdadır.
Tez-tez yada saldığımız klassiklər, maarifçilər ifşa missiyasını sona qədər daşıdılar, nəticəni görməyəcəklərini bilə-bilə usanmadılar. Biz isə ölkənin və toplumun “update” olunmasını istədik müxalifətə tapşıraq. Müxalifəti iqtidara gətirək, onlar da bizim arsuzusunda olduğumuz dəyişikliyi etsinlər. Burda bir söz yada düşdü, amma yazmayacam.
Bir fəal müxalifətçinin 2005-ci ildə mənə dediyi bu sözü heç vaxt unutmaram – “Hakimiyyətə gəlsəydik bir şadlıq evi də mən götürüb işlədərdim”. Bu adam hələ bunların şeir, məqalə yazanıdır. Doğrudan da hakimiyyətə gəlsələr hətta prezident aparatında yaxşı vəzifə də tuta bilər. Amma şadlıq sarayı bütün hallarda olacaq.
Biz özümüzü Gürcüstanla səhv saldıq. Nəzərə almadıq ki, bizdə Saakaşvilinin gördüyü vacib işi görəcək adam yoxdur. Heç üfüqdə görünmür. Saakaşvili gürcülərin mentalitetini sındırdı. Onlarla məzələnirdi. Xaçapuriyə, rəqsə, dağ keçisinə, Kür çayına, Qurucu Davidə istinad etmirdi. Modernlikdən danışırdı.
Qərəz, bir ədəbiyyat adamı axırda elə əcaib hala düşür ki, qayıdıb belə bir söz deyir “Mənim siyasi liderim qüsursuzdur”. Sonra necə olursa, ağlı başına gəlir, siyasi manifestasiyadan uzaqlaşıb bir kültür layihəsinin başına keçir. Partizan olmaq istəməyən, zərərin yarısından dönən bu adama “Kəmaləddin, Kəmaləddin” deyib rişxənd etməkdən başqa əldən nə gəlir ki? Düz demirəm?
Ardı var.