Siyasi və ictimai xadimlər Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ediblər

Tofiq Yaqublu – Foto: Facebook şəxsi arxivindən

“Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər”

Siyasi və ictimai xadimlər həbsinə etiraz olaraq 38 gündür ki, aclıq aksiyası keçirən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəziyyəti ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Tofiq Yaqublunun keçirdiyi aclıq artıq 6-cı həftəsini geridə qoyur və aclığın yaratdığı fiziki-psixoloji fəsadlar onun həyatını real təhlükə altına alır.

“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur”.

“Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızı Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər”, müraciətdə deyilir.

Müraciəti  Adil Qeybulla ( həkim, professor),  Sabir Rüstəmxanlı(VHP sədri, şair), Məmməd İsmayıl (şair),  Rüstəm Behrudi (şair), Cavanşir Quliyev (bəstəkar), Qulu Məhərrəmli (jurnalist), Erkin Qədirli (deputat), Eldəniz Quliyev (kinodramaturq), Hilal Məmmədov (hüquq müdafiəçisi), Qorxmaz İbrahimli (ictimai xadim), Sərdar Cəlaloğlu (ADP sədri), Mirmahmud Mirəlioğlu (KXCP sədri) və Bahəddin Həzi (jurnalist) imzalayıb.

Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

Bu, Tofiq Yaqublunun ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Ana səhifəSiyasətSiyasi və ictimai xadimlər Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ediblər