Siyasi şərhçi: Əvvəllər məğlub dövlət ritorikası vardı, indi isə Bakı şərtlər qoyur

“ Düzdür, ayrı-ayrı rayonlar hələ işğal altında qalır”

Source: google.az


"Azərbaycan birgəyaşayış formaları təklif edir, alınacaq-alınmayacaq, bunu gələcək göstərəcək”

“Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında belə

deyib

.

Nazir Ceyhun Bayramov QDİƏT-in yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmasını vurğulayıb.

Ceyhun Bayramovun sözlərin görə, 10 noyabr üçtərəfli bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı: “Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər”.

Xarici işlər nazirinin dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoyulması barədə bəyanatını Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, Azərbaycan hərbi yolla əldə edə biləcəyini maksimum şəkildə gerçəkləşdirib.

85290.jpg
Rauf Mirqədirov

“Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına nail olub, hətta Şuşa və Hadrut rayonlarını azad edib. Düzdür, ayrı-ayrı rayonlar hələ işğal altında qalır. Amma Azərbaycan dinc danışıqlardakı situasiyanı öz xeyrinə dəyişə bilib və nəticədə şərtlər qoymaq imkanını qazanıb. Əgər müharibədən əvvəl ərazilər əvəzinə status formulu ortaya çıxmışdısa, artıq ərazilər azad edildiyi üçün statusun ondan asılı olması aradan qalxıb. Yəni Azərbaycan birgəyaşayışın müxtəlif formalarını təklif edə bilər. Bir cəhəti nəzərə almaq lazımdır ki, Azərbaycan özünü qalib dövlət kimi hiss etdiyindən onun ritorikasının dəyişilməsi vaxtıdır. Əvvəllər məğlub dövlət ritorikası, revanş var idi, bu, “biz ərazilərimizi hərbi yolla azad edəcəyik” deyə səsləndirilirdi. Hazırda torpaqların bir hissəsi azad olundu və Qarabağda erməni icmasının qalmasının hələlik ən azı alternativ olmadığını nəzərə aldıqda, Bakı ritorikanı dəyişir. Əsas məqsəd də Azərbaycan birgəyaşayışı təmin etmək üçün hər şeyə hazır olduğunu göstərir. Birgəyaşayış formalarını təklif edir, alınacaq-alınmayacaq, bunu gələcək göstərəcək”, – bildirib.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətSiyasi şərhçi: Əvvəllər məğlub dövlət ritorikası vardı, indi isə Bakı şərtlər qoyur