Şəhid atasının məzlum görünüşlü fotosu sosial şəbəkələrdə xeyli paylaşıldı. Hamının yazığı gəldi. Çünki görünüşündən və oğlunun cəbhədə xidmət etməsindən bilinir ki, kasıbdır, məhz kasıb olduğuna görə də oğlu cəbhə bölgəsinə düşüb və ölüb. Kasıb olmasa, oğlu ölməzdi. Bəlkə də fikirləşir ki, vaxtilə qaz vurub, qazan doldursa idi, oğlu da indi sağ olardı. Çarəsizlik, xüsusən də, övladının həyatını xilas edə bilməmə çarəsizliyi bir valideyn üçün ən ağır situasiyadır yəqin.
Bunlar aydın məsələdir. Mənə maraqlı olan xalqı söyən, 10 milyonun hər birinin yaxasından tutub “Niyə demokratik deyilik, niyə cırıq şalvar geyinənlərə pis baxırsan, niyə saçını başqa cür daramırsan, niyə mentalitetə sadiqsən…?” demək istəyən adamların mövqeyidir. Bu məzlum, fağır, öz övladını belə qoruya bilməyən adamdan aktivist, inqilabçı, sosial və siyasi dissident olmağı necə gözləyə bilirsiniz? Qətiyyən onu demək istəmirəm ki, bizim xalq demokratiya qura bilməz. Xalq – kütlə olaraq, hamısını eləyə bilərik, amma kütlənin edəcəyi işi fərddən gözləmək məntiqsizdir axı.
Elə bil, bir ekskavator batıb palçığa, onu çıxarmaq üçün texnika yoxdur. İnsanlar məcburdur, kəndiri bağlayıb özləri dartsınlar. Tutaq ki, 1000 nəfər lazımdır. Ekskavatorun yanında 2000 nəfər var, amma kimsə onları təşkilatlandırıb kəndirə qoşmalıdır. Bunu hər kəs başa düşür, 1 nəfər isə yaxınlaşır həmin o 2000 nəfərdən birinə, deyir:
“Niyə kəndiri dartmırsan? Xəcalət çəkirsən heç? Övladının üzünə necə baxacan?” O isə buna başa sala bilmir ki, mən təkbaşına kəndiri dartmaqla nəsə olan deyil. Sən də 2000 nəfərin hamısını beləcə tək-tək kəndirə qoşa bilməzsən. Sənin elə bir ideyan, çıxışın, təqdimatın olmalıdır ki, biz 2000 nəfər olaraq hamılıqla, yaxud heç olmasa 1000 nəfər düşək sənin dalına, kəndirdən yapışaq, ekskavator da çıxsın. Hər kəsi tək-tək başa salmaq çox zaman alar, o qədər zaman ki, ekskavatorun dəmirləri çürüyər. Həm də sən 500-cü adama çatanda 1-ci və ya 96-cı adam fikrini dəyişə bilər, çünki səndən başqa biri də var ki, ekskavatorun palçıqda qalmasını istəyir və əlində səndən qat-qat çox təbliğat vasitəsi olaraq insanlara başa salır ki, kəndir-zad boş şeydir. Üstəgəl, həmin bu adamdan hər kəs qorxur, çünki əlində böyük güc var. Bu şəraitdə sənin 1 nəfəri danlaman nə xeyir verəcək?
Dəfələrlə şahidi olmuşam ki, azərbaycanlılar azacıq çətin vəziyyət qarşısında özlərini necə itirirlər. Başqa hansı xalqda bu var, bilmirəm, amma biz, demək olar ki, heç vaxt kapitalizm, individualizm, liberalizm görməyən, feodal dəyənəyindən sovet faşizminə birbaşa adlayan insanlar olaraq, həmişə gözüqıpıq olmuşuq. Bundan başqa, biz inkişaf edən, dinamik cəmiyyətdə yaşamamışıq. Feodalizmdə sabitlikdir, feodalın, kəndlinin yeri bilinir, yüzillərlə kimsə nəyisə dəyişmir. SSRİ-də isə insanların özlərinin fərdi təşəbbüsləri qadağan idi, onsuz da buna gərək görmürdülər, dövlət hər şeyi təmin edirdi. İşləməmək qanun pozuntusu sayılırdı. İşi də dövlət verirdi, məcbur işləməli idin. Sosial təminatlar anormal dərəcədə çox olduğundan insanlar adətən çətin, çıxılmaz vəziyyətə düşmürdülər. Ona görə də hərbi xidmətdə, həbsdə bir-birlərinə qarşı olmazın işgəncələr verirdilər.
Çünki hərbi xidmət, həbs elə şəraitdir ki, orada insanlar artıq çətin, bəzən çıxılmaz vəziyyətə düşürlər. Sovet insanı isə bu şəraitlərdə özünü necə aparacağını qətiyyən bilmirdi. Nəticədə vəhşi instinktlər işə düşürdü, cəngəllik qanunları tətbiq olunurdu. Dedovşina, “oğru aləmi” bu instinktlərin işə düşməsinin nəticəsidir.
Tariximiz, təəssüf ki, belə gətirib, biz məzlum, başıaşağı fərdlərdən ibarət toplumuq, çətin vəziyyətdə nə edəcəyimizi bilmirik. Amma bu, nə ayrı-ayrı hər bir fərdin təqsiridir, nə də bizim kütlə (xalq) olaraq demokratik, azad cəmiyyət qura bilməyəcəyimizin sübutu. Hazırda inkişaf etmiş topluma malik demokratik, liberal cəmiyyətlər də belə qurulub. Bu məzlum, əzilən insanlar vicdanlı insanların idarə etdiyi rejim quraraq, toplumun da maariflənməsini, cəsarətlənməsini təmin ediblər. Heç kim fransızları, hollandları, ingilisləri tutub tək-tək maarifləndirməyib, siyasi rejim nədirsə, xalq da o olub. Əksi isə doğru deyil, “xalq nədirsə, siyasi rejim odur” yanlış yanaşmadır.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.