Gözəl Bayramlı: “MSK-nın məktubunu alandan sonra hesabatı təqdim edəcəyik”
Dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 17-si Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı ilin maliyyə hesabatını verib.
Komissiya hesabatı təqdim edən partiyaların adlarını açıqlayıb.
Report-a daxil olan məlumata əsasən hakim Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Liberal, Milli Dirçəliş Hərəkatı, Vahid Azərbaycan Milli Birlik, Sosial Rifah, Sosial Demokrat Partiyası, “Milli Vəhdət”, Kommunist, Böyük Quruluş, Müsavat, Milli Demokrat, Müasir Müsavat, Demokratik Maarifçilik, “Ana Vətən”, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Vəhdət partiyaları MSK-ya hesabatlarını verib.
MSK qanunvericiliyə əsasən, siyasi partiyaların illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq təqdim etməli olduqlarını bildirib. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Nəzərdə tutulan müddət bu həftə başa çatır.
Siyahıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının adı yoxdur. Təşkilatın sədr müavini Gözəl Bayramlı Meydan TV-yə MSK-nın hər il onlara maliyyə hesabatı haqda məktub göndərdiyini, ancaq bu il hər hansı bildiriş almadıqlarını söyləyib:
“Bugünə qədər bizə məktub çatmayıb. Gözləyirik, MSK-nın məktubunu alandan sonra hesabatı təqdim edəcəyik”.