“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, yoxsa qadağalar toplusu?

Foto: Milli Məclis

Yeni layihədəki bəzii müddəalar narazılıqla qarşılanıb

Milli Məclis, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən siyasi partiya ləğv ediləcək.

Siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı da 1000-dən 10 000-ə qədər artırılır.

Bu müddəalar Milli Məclisdə müzakirəyə çıxarılacaq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

6 fəsildən, 30 maddədən ibarət layihədə vurğulanır ki, siyasi partiyaların hər biri ən azı 20 il Azərbaycanda yaşayan 200 nəfər tərəfindən təsis edilə bilər.

Bir müddət əvvəl 10 partiya sədri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdi. Partiya sədrləri müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyini vurğulamışdı.

Həmin partiyalar arasında hakim YAP ilə bərabər Xalq, Vətəndaş və İnkişaf partiyalarının adları da yer alıb.

“Sahibə Qafarova təklflərimizi istəmişdi”

Xalq Partiyasının sədri Pənah Hüseyn Meydan TV-yə müsahibəsində deyib ki, onlara Milli Məclisin sədri Sahibə Qafarova müraciət edərək təkliflərini istəyib:

“Biz də konseptual şəkildə təkliflərimizi göndərdik. Əsas mövqeyimiz o idi ki, Konstitusiyada müvafiq dəyişiklik olana qədər yeni qanun qəbul etmək doğru deyil. Yəni əvvəlcə proporsional seçki sistemi bərpa olunmalıdır. Yox, əgər yeni qanun olacaqsa, Milli Məclisdə müzakirədən əvvəl ictimai müzakirəyə çıxarılsın. Bizim təkliflər paketində qeyd olunan müddəalar yoxdur”.

Pənah Hüseyn
Pənah Hüseyn, Foto: Meydan TV

“Ümumiyyətlə, hesab edirik ki, partiyaların konstitusion statusu yüksəldilməli, bunun üçün Konstitusiyaya siyasi partiyalar haqqında müddəa (lar) müstəqil, ayrıca maddələr şəklində təsbit olunmalıdır”,-deyə P.Hüseyn əlavə edib.

“Proporsional seçki sistemi bərpa olunsun”

Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin müavini Zaur Mahiroğlu da Meydan TV-yə təkliflər paketini çoxdan Milli Məclisə təqdim etdiklərini deyib. Z.Mahiroğlu məlum təklifdən xəbərsiz olduğunu söyləyib:

Zaur Mahiroğlunun şəxsi arxivindən

“Bizim təkliflər paketində elə bir müddəa yoxdur. Əvvəla, biz seçkilər dövründə partiyaların seçki qərargahları ilə təmin olunmasını istəyirik. İkincisi, proporsional seçki sistemi bərpa olunsun”. “Həmçinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların “Müxalifət fraksiyası” yaratmaq hüququ təmin edilsin. Dördüncüsü, partiyanın qeydə alınması üçün azı 1000 üzvü olmalıdır şərti saxlanılsın. Həmçinin, partiyalara dövlət büdcəsindən maliyyələşən KİV-də və televiziya kanallarında çıxışlarına təminat verilməsi və başqa təkliflər yer alıb”, – deyə Zaur Mahiroğlu bildirib.

“Seçkilərdə iştirak hüquqdur, vəzifə deyil”

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə açıqlamasında deyib ki, yeni layihədə əks olunan partiyanın seçkilərdə iştirakı haqda müddəa tamamilə anti-demokratikdir.

Müsavat başqanı həmin müddəanın partiyalara qarşı yönəldiyi qənaətindədir:

“Azərbaycanda seçkiöncəsi durum anti-demokratikdir, demokratik seçkilərin keçirilməsi üçün uyğun seçki qanunvericiliyi də yoxdur. Nəhayət, seçki administrasiyasının tam şəkildə hakimiyyətin nəzarətində olması və başqa amillər bir çox partiyaya seçkilərdə iştirak imkanı vermir”. “Həmçinin, partiyaların seçkiləri boykot etmək hüququ da onların siyasi proseslərdə iştirakını təsdiq edən amillərdəndir. Ona görə də partiyanı seçkilərdə iştirakı boykot etdiyi üçün ləğv etmək absurd və anti-demokratikdir. Məsələ ondadır ki, seçkilərdə iştirak hüquqdur, vəzifə deyil. Seçiciləri boykota çağırmağın özü də seçki prosesinə siyasi təsir deməkdir”.

Arif Hacılı
Foto: Meydan TV

Arif Hacılı hesab edir ki, partiyaların məqsədi yalnız seçkilərdə iştirak etmək deyil:

“Partiyalar seçkilərdə iştirak etmədən də siyasi proseslərə təsir etmək imkanına malikdirlər. Onlar fikirlərini ictimailəşdirməklə cəmiyyətə bir sıra təkliflərini verə bilərlər”.

“Siyasi meydanı tamamilə qapatmaq niyyətindədirlər”

Siyasi icmalçı Azər Qasımlı Meydan TV-yə bildirib ki, layihənin bu məzmunda qəbul edilməsi biabırçılıq olar:

“Yeni layihə onu deməyə əsas verir ki, Azərbaycanda partiya yaratmaq və siyasi fəaliyyətlə məşğul olmaq meydanı tamamilə daralır. Avtoritar rejim bu cür qanunun qəbulu ilə sivil mübarizənin qarşısından çəkilmiş olur və avtoritar sistem daha da möhkəmləndirilir”.

Azər Qasımlının sözlərinə görə, hakimiyyət belə bir layihəylə yeni nəslin siyasətə gəlməsinin qarşısını almaq niyyəti güdür:

“Daha əvvəlki konfiqurasiyanın saxlanılmasını istəyirlər. Özləri üçün 5-6 üzvü olmayan partiyaları qeydiyyatdan keçiriblər, onlardan başqa da partiyaların olmasında maraqlı deyillər. Beləliklə, siyasi meydanı tamamilə qapatmaq niyyətindədirlər”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Necə yəni 20 il Azərbaycanda yaşayan adamlar partiya yarada bilər? Belə çıxır ki, xaricdə təhsil alıb qayıdan adam partiya təsisçisi ola bilməz? Yaxud üzvlərin sayını 10 min nəfərə niyə qaldırırlar? Qeydiyyatdan keçən istənilən siyasi partiyanı təftiş etsən, heç min üzvü yoxdur, hələ 10 mini kənara qoyaq”, – Azər Qasımlı deyib.

O, YAP-ı bu siyahıya daxil etmir, deyir ki, hakim partiya inzibati resurslar hesabına idarə olunur: “Həm də hər hansı vətəndaş partiya üzvü olmaya bilər, amma dəstək verər. İndiki dünyada bu, önəmlidir. Əslində, min üzvlüyü aşağıya endirmək lazım idi”.

Sentyabrın sonunda layihənin müzakirəsi keçiriləcək

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli “Qafqazinfo“ya yeni layihənin müzakirələr üçün açıq olduğunu deyib. Onun sözlərinə görə, sentyabrın sonunda qanunun ilk geniş ictimai dinləməsinin keçirilməsi planlaşdırılır:

“Bu prosesdə siyasi partiyaların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin fikirlərini bir daha öyrənmək mümkün olacaq. Təbii ki, bu cür şəffaf yanaşma qanun layihəsinin daha da təkmilləşməsinə mühüm töhfə olacaq”.

Komitə sədri yeni layihənin hansı zərurətdən irəli gəlməsi barədə suala belə cavab verib:

Əli Hüseynli
Əli Hüseynli. Foto: Report.az

“Ötən dövr ərzində müxtəlif vaxtlarda “Siyasi partiyalar haqqında” qanuna 70-dək əlavələr və dəyişikliklər edilib. Amma 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyev tərəfindən bəyan edilmiş yenidənqurma kontekstində siyasi və demokratik islahatlar, o cümlədən yeni siyasi konfiqurasiyanın formalaşması xüsusi yer tutub. Xüsusən də, 2020-ci il Vətən müharibəsi gedişində bu islahatların nəticəsi olaraq müasir, müstəqil dövlət quruculuğuna xas olan siyasi münasibətlər formalaşıb. Həmçinin, qlobal dünyada baş verən proseslər fonunda müasir dünya təcrübəsinə əsaslanan müstəqil dövlət quruculuğunun gələcəyi ilə bağlı təsəvvürlər ölkədə siyasi dialoqun, siyasi plüralizmin və ümumiyyətlə siyasi islahatların daha da dərinləşməsindən xəbər verir. Bütün bu faktorlar “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu zəruri edir”.

“Bu layihəni yazanların məntiqinə mat qalmamaq mümkün deyil”

Hüquqşünas Ələsgər Məmmədli də qanun layihəsində nəzərdə tutulan müddəalarla razılaşmır. Bu barədə öz “Facebook” hesabında yazan hüquqşünas deyir ki, layihənin təqdimatına dair xəbərin ilk cümləsini oxuyandan sonra davamını oxumağa ehtiyac qalmır:

“Layihədə yazıblar ki, siyasi partiya təsisçisi olmaq üçün sıravi təsisçilər azı son 20 ili Azərbaycanda daimi yaşayan şəxslər olmalıdır.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli, Foto: AFU

Bu layihəni yazanların məntiqinə mat qalmamaq mümkün deyil. Azərbaycan Konstitusiyasının 100-cü maddəsi bu ölkəni bütünlüklə əmanət etdiyimiz prezidentin cəmi 10 il Azərbaycanda daimi yaşamasını tələb edir. Amma bir partiyanın 200 təsisçisinin hər birindən 20 il”.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib. Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasət“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, yoxsa qadağalar toplusu?