Siyasi məhbusların qəzet problemi hələ də həll olunmayıb

13 saylı cəzaçəkmə müəssisəsinə işıq, qaz, su fasilələrlə verilir

Source:


13 saylı cəzaçəkmə müəssisəsinə işıq, qaz, su fasilələrlə verilir

Aprelin 12-də ailə üzvləri Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli ilə görüşüblər. Bu haqda Meydan TV-yə A.Məmmədlinin ailə üzvləri məlumat verib.

Onların sözlərinə görə, A.Məmmədlinin əhval-ruhiyyəsi yaxşıdır, dostlarına salam göndərib.

Ailə üzvlərinin dediyinə görə, Anar Məmmədli bildirib ki, ona və 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər siyasi məhbusların qəzet problemı hələ də həll olunmayıb. Belə ki, xeyli müddətdir ki, ordakı siyasi məhbuslara verilən qəzetlərdə onlara aid olan və siyasi xarakterli yazılar kəsilərək götürülür.

Məlumatda bildirilir ki, buna etiraz olaraq 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbuslar  iki həftədir ki, qəzet oxumaqdan imtina ediblər.

Həmçinin, son vaxtlar cəzaçəkmə müəssisəsinə işıq, qaz, su fasilələrlə verilir. Buna etiraz edəndə isə, cəzaçəkmə müəssisəsinin əməkdaşları deyiblər ki, qənaət edirlər. Anar Məmmədli deyib ki, ümumiyyətlə cəzaçəkmə müəssisəsinin elektrik naqilləri xarabdır, bir az külək əsən kimi işıqlar sönür.

Anar Məmmədli 16 dekabr 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini vicdan məhbusu elan edib. Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədliyə qarşı irəli sürülən ittihamları və çıxarılan məhkəmə hokmünü siyasi xarakterli olduğunu bildirirlər və onun dərhal azad edilməsini tələb edirlər.

O, AŞPA-nin təsis etdiyi Vatslav Havel mükafatına layiq görülüb.

Ana səhifəXəbərlərSiyasi məhbusların qəzet problemi hələ də həll olunmayıb