Siyasi məhbusların gözünü qırmaq siyasəti

Ölkədə siyasi məhbusların sayının artması həbs yerlərində rəhbərliyin də “qayğıları”- nın artmasına səbəb olur

Source:


Ölkədə siyasi məhbusların sayının artması həbs yerlərində rəhbərliyin də “qayğıları”- nın artmasına səbəb olur

Azərbaycanda siyasi məhbus probleminin həll olunmaması təkcə həmin məhbusların ailə üzvlərini, yaxınlarını, bütövlükdə cəmiyyəti deyil, nə qədər qəribə olsa da, onların saxlandığı həbs yerlərinin- istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin rəhbərlərini də “narahat edir”. Çünki siyasi məhbusların olduğu həbsxanalar bütün mənalarda diqqət mərkəzində olur. Onların yanına ölkənin tanınmış vəkillərindən tutmuş, Ombudsman Aparatının əməkdaşları, Ədliyə Nazirliyinin məsul şəxsləri, İctimai Komitənin üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT, BMT- nin İşgəncələr Əleyhinə Komitəsi başda olmaqla beynəlxalq qurumların nümayəndələri və s. gəlir, problemləri araşdırır, məhbusları dinləyirlər. Bu hal isə təbii ki, həbsxana rəhbərliyini heç cür qane etmir. Ona görə ki, əvvəla “çağrılmamış qonaqlar” müəssisənin çoxsaylı problemlərini görür, qeydə alır və bu problemləri bəzən aidiyyatı orqanlara çatdırırlar. Nəticədə müəssisə rəhbərinin başı ağrıyır. Digər tərəfdən isə nüfuzlu ziyarətçiləri olan məhbus ictimaiyyətlə əlaqələrini gücləndirməklə yanaşı həbs yerində də hörmətli şəxs olaraq dustaqlar tərəfindən qəbul olunur və bir çox hallarda həmin məhbusların inam, ümid yerinə çevrilirlər. Bütün bunlar isə təbii olaraq rəhbərliyin müəssisə daxilində qanunsuz hərəkətlərini yürütmək, məhbusları incitmək, korrupsiyanı çiçəkləndirməyə mane olur…

Ölkədə siyasi məhbusların sayının artması həbs yerlərində rəhbərliyin də “qayğıları”- nın artmasına səbəb olur. Heç şübhəsiz son zamanlar Azərbaycan həbsxanalarında baş verən qanunsuzluqlar, korrupsiya və işgəncə faktlarının surətlə ictimailəşməsi, bununla bağlı yerli və beynəlxalq səviyyələrdə (Məsələn, ABŞ Dövlət Departamenti, BMT- nin İşgəncələr Əleyhinə Komitəsi və s. tərəfindən) sanballı hesabatların, araşdırmaların dərc edilməsi həm də siyasi məhbuslara olan diqqətin və marağın nəticəsidir. Bütün bunlar isə hakimiyyətin, xüsusən Penitensiar Xidmətin rəhbərliyini narahat etməyə, vəziyyətdən çıxış yolu axtarmağa məcbur edir. Maraqlıdır ki, məsul şəxslər vəziyyəti düzəltmək, problemi həll etmək, necə deyərlər, aynaya baxıb eyblərini düzəltmək əvəzinə onu sındırmaqla nöqsanlardan qurtulmaq istəyirlər. Yəni həbs yerlərində olan siyasi məhbusların mümkün qədər ziyarətçilərini azaltmaq, onların vəkillərini Vəkillər Kollegiyasından uzaqlaşdırmaq, eləcə də həmin məhbusların özlərini cəmiyyətdən təcrid edib onları neytrallaşdırmaqla problem həll etmək istəyirlər.

Son zamanlar Penitensiar Xidmətin tabeliyində olan həbsxanalarda siyasi məhbuslara təzyiq etmək, işgəncə verərək onları neytrallaşdırmaq, dustaq dili ilə desək, “sındırmaq” siyasəti həyata keçirilir. Əslində etiraf etmək lazımdır ki, Azərbaycanda həbs yerlərində müəssisə rəhbərliyi tərəfindən siyasi məhbuslara qarşı həmişə çəkincəlik və hörmət olub. Yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq, ölkə rəhbərliyinin siyasi məhbusları azadlığa buraxmayaraq, əksinə onlara qarşı qisasçılıq və yersiz inadkarlıq münasibəti göstərməsi Penitensiar Xidmətin rəhbər şəxslərini də ruhlandırıb. Məhz bu siyasətdən ruhlanan “kiçik padişahlar” rəhbərlik etdikləri müəssisələrdə “əmin-amanlıq” yaratmaq, qanunsuz hərəkətlərini rahat şəkildə həyata keçirmək, digər dustaqları daha çox əzərək onların hesabına varlanmaq üçün siyasi məhbusların əlini və dilini bağlamaq, onların gözünü qırmaq üçün bəzi tədbirlər görməyə başlayıblar. Əslində bu siyasətin başlanğıcı bir neçə il öncəyə gedib çıxır, sadəcə son zamanlar qabarıq və kütləvi şəkildə özünü göstərməyə başlayıb. Xatırlayırsınızsa, 2012-ci ilin dekabrında 17 saylı CÇM-də saxlanılan siyasi məhbus Nemət Pənahlı adıçəkilən həbs yerində baş verən qanunsuzluq və korrupsiya, eləcə də məhbuslara qarşı həyata keçirilən qeyri-insani hərəkətlər, işgəncə halları ilə bağlı ictimaiyyətə müraciət etmişdi. Həmin müraciətdən sonra ona xəbərdarlıq edib əvvəlcə “kars”-a saldılar. Daha sonra isə məhkəmənin qərarı ilə onu saxlanma rejimi daha sərt olan Qobustan Qapalı Həbsxanasına göndərdilər.

Saxlandığı həbs yerlərində siyasi məhbuslara qarşı təzyiq və işgəncələr sonrakı dövrdə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Leyla Yunusa, jurnalist Araz Quliyevə, REAL sədri İlqar Məmmədova və digərlərinə qarşı həyata keçirilib. Belə ki, İntiqam Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında psixoloji təzyiqlərə məruz qalıb.

Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus həbsxanada öyrədilmiş məhbus qadınların hucumuna məruz qalıb. Daha sonra isə Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubovun zorakalığına məruz qalıb. Penitensiar Xidmətin əməkdaşı hüquq müdafiəçisinin kamerasına gəlib, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb, orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb. Bu zaman ona ”ağıllanmırsan da, sən?” deyə, bağırıb. Bundan sonra onun böyründən zərbələr endirib. Müvəkkilin saçının yolunmuş olmasını vəkillər də müşahidə ediblər.

14 saylı CÇM-də məhkum Elşad Babayevin döyülərək işgəncə ilə ölümünə dustaqların etirazından sonra jurnalist, siyasi məhbus Araz Quliyev bir qrup məhbusla birlikdə “Tubzon” deyilən yerə aparılaraq vəhşicəsinə döyülüb və bir ay ailə üzvləri ilə görüşə buraxılmayıb.

2 saylı CÇM-də saxlanılan REAL Hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədov bir neçə dəfə vəkili vasitəsilə ona qarşı təxribatın hazırlandığını ictimaiyyətə çatdırmışdı. Daha sonra isə Məmmədovu müəssisə rəisinin otağında, rəisin müşayiəti ilə döymüş və cərimə təcridxanasına salmışlar. Yaxınlarının verdiyi məlumata görə, REAL sədri bir neçə dəfə fiziki zorakalığa məruz qalıb, döyülüb və dişi sındırılıb.

Maraqlıdır ki, siyasi məhbuslara qarşı zorakalıq bir çox hallarda onların saxlandığı həbs yerinə gətirilən ilk günlərdə baş verir. Necə deyərlər, ilk gündən onların gözünün odunu almaq istəyirlər. Bu yaxınlarda istintaq təcridxanasından 17 saylı CÇM- ə köçürülmüş bir siyasi məhbus sadəcə tanındığına, haqqında mətbuatda çoxlu sayda yazılar dərc olunduğuna, müdafiə edildiyinə görə heç bir səbəb olmadan Penitensiar Xidmətin bir qrup əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb. O, sadəcə bu hadisənin ailəsinin, yaxınlarının bilib narahat olmaması üçün ictimailəşdirmək istəməyib.

Siyasi məhbuslara qarşı həyata keçirilən daha bir qanunsuzluq, təzyiq və təhdid hərəkəti bir neçə gün öncə vicdan məhbusu, AXCP fəalı Elvin Abdullayevə qarşı baş verib. Xatırladaq ki, ona qarşı baş verən zorakalıq hərəkətləri birinci dəfə deyil. Gənc fəalın üzləşdiyi işgəncə faktları mətbuatda və bu yaxınlarda işıq üzü görmüş “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının illik hesabatında da qeyd olunub. Yaxınlarının verdiyi məlumata görə, Elvin Abdullayev 30 dekabrda köçürüldüyü 6 saylı CÇM-də ciddi problemlərlə üzləşib; “O, hazırda karantin müddətində olduğu üçün yanvarın 1-də anası Zülfiyyə Abdullayeva həmin “zon”-a oğlu üçün yemək aparıb. “Zon”- un rəisi Zülfiyyə xanımı yanına çağıraraq ona hədə-qorxu gəlib və deyib ki, oğlunun səsi çıxsa, burada siyasi söhbətlər etsə, onu cəzalandıracam, ona yenidən cinayət işi açacam. O, eyni zamanda deyib ki, oğlun burada siyasi məhbus olduğunu deməsin, çünki Azərbaycanda siyasi məhbus yoxdur.

Mətbuat nümayəndələri, hüquq müdafiəçilərindən xahiş edirik, məsələni ictimailəşdirsinlər. Çünki, rəis Elvinin anasına onu da deyib ki, oğlun özünü yaxşı hiss eləmir və bunun səbəbini isə deməyib. Zülfiyyə xanım Elvinin sağlamlıq durumundan ciddi narahatdır və ona “zon” rəhbərliyi bu barədə dəqiq məlumat vermir”.

Həbs yerlərindən aldığımız məlumatlara görə, Penitensiar Xidmətin sabiq rəisi Mədət Quliyev adıçəkilən qurumun rəhbəri vəzifəsini tərk etdikdən sonra həbsxanalarda onsuz da bərbad olan vəziyyət dözülməz həddə çatıb. Qanunsuzluq, dərəbəylik, korrupsiya və işgəncə halları ayaq tutub yeriyir.

Görünür qapalı müəssisələrdə işləməyə başı qarışmış Penitensiar Xidmətin əməkdaşları cəmiyyət üçün də qapalıdırlar. Yoxsa onlar ölkəmizdə və dünyada baş verənlərdən nəticə çıxarardılar. Neftin qiyməti ilə bərabər manatın və hakimiyyətə olan azacıq inamın surətlə aşağı düşməsi tapdanmış hüquqların və batmış haqq-ədalətin yaxın zamanlarda bərpa oluncağına şübhə yeri qoymur. Bütün dünyanın tanıdığı və müdafiə etdiyi, şərlənərək həbs olunmuş, günahsız insanları gözümçıxdıya salanlar unutmasınlar ki, etdikləri hərəkətlərə görə bu gün da olmasa, sabah mütləq cavab verəcəklər.

Ana səhifəXəbərlərSiyasi məhbusların gözünü qırmaq siyasəti