Polad Aslanovun aclığı dayandırdığı deyilir.
Bu barədə həyat yoldaşı Gülmirə Aslanova özünün “Facebook” səhifəsində yazıb.
O yazıb ki, Polad Aslanov həbsxanadan ona zəng edib. Bildirib ki, bu gün saat 11:00-dan müəssisə rəisinin otağında olub. Həyat yoldaşı yazıb ki, Polad Aslanovu müayinə və müalicəsi üçün Cəzaçəkmə müəssisəsinin nəzdində fəaliyyət göstərən tibb məntəqəsinə ilkin olaraq 15 günlük köçürüblər.
“Rəis bildirib ki, yenidən ehtiyac olarsa vaxtı uzadılacaq və müalicəni davam etdirəcəksən. Görüş və telefonla bağli problemlər də öz həllini tapıb və aclıq aksiyasını dayandırıb”.
Onlardan biri ailəsi ilə görüş verilmədiyinə, digəri isə müalicə olunmamasına etiraz edir
Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan daha iki şəxsin aclıq aksiyasına başladığı bildirilir.
“Xeberman.com” saytının təsisçisi və baş redaktoru, dövlətə xəyanət ittihamıyla 16 il azadlıqdan məhrum edilən Polad Aslanovun aprelin 5 -dən, narkotik ittihamı ilə həbs edilən dindar Elvin Nəzərovun isə aprelin 7-dən aclıq aksiyasına başladığı deyilir.
Polad Aslanovun aclıq aksiyasına səbəb ailəsi ilə görüş verilməməsi ilə bağlıdır. Həyat yoldaşı Gülmirə Aslanovanın “Facebook”da yazdığına görə, Polada “6 ayda bir dəfə ailənlə görüş veriləcək” deyiblər.
Elvin Nəzərov isə saxlanıldığı Umbakı Penitensiar Kompleksinə dəfələrlə müalicə olunmaq üçün müraciət etsə də, şikayətlərinin nəticəsiz qaldığını deyir. Nəzərovun məruz qaldığı işgəncələr nəticəsində öd kisəsində problem yaranıb və əməliyyata ehtiyacı var. Elvin Nəzərov, eyni zamanda barəsində Apellyasiya Məhkəməsinin qərarının olmasına baxmayaraq hələ də cəzaçəkmə müəssisəsinə köçürülməməsinə etiraz edir. Həyat yoldaşı bildirir ki, Umbakı Penitensiar Kompleksində yemək bişirmək üçün şərait yoxdur, gərək hər şeyi evdən hazır gətirəsən:
“Mən Bakıda yaşamıram. Hər dəfə uzaq yolu gəlib-qayıtmaq əlavə maddi xərc tələb edir. Orada həftədə bir dəfə isti su verilir, Elvin isə ibadət əhlidir və hər dəfə yuyunmaq üçün soyuq sudan istifadə etməyə məcbur qalır. Suyu və yeməyi qızdırmaq üçün isə təchizat verilmir. Bu da onun səhhətinə daha pis təsir göstərir”,– deyə Şəbnəm Nəzərova deyir.
Elvin Nəzərov ilk dəfə Gəncə hadisələri zamanı 2018-ci ildə həbs olunub və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İkinci həbsi isə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə həbs olunduğu dövrdə olub. Bu ilin yanvarın 9-da o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda dini inanclıların kütləvi həbsi 2022-ci ilin yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi onlarla “İran casusu”nun saxlandığını açıqlasa da, saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.
Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
Baş redaktor isə bu iddiaların yalan olduğunu deyir və özünü təqsirli bilmir.
O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib.
O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.