Siyasi fəalın şikayəti təmin edilməyib

Əhsən Nuruzadə həbsdə qalıb

Source:


Əhsən Nuruzadə həbsdə qalıb

Oktyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində siyasi fəal Əhsən Nuruzadənin şikayətinə baxılıb.

Vəkil Yalçın İmanovun Meydan TV-yə verdiyi məlumata görə, oktyabrın 24-də Nərimanov Rayon Məhkəməsi Ə.Nuruzadənin ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib. Apelyasiya şikayəti həmin qərardan verilib:

“Şikayətə hakim Əmir Bayramovun sədrliyilə baxıldı və təmin edilmədi”.

Ə.Nuruzadəyə Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik dövriyyəsi) maddəsi ilə cinayət işi açılıb.

Bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsi tərəfindən Əhsən Nuruzadəyə üç aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaqı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aparır.

Yalçın İmanov Əhsən Nuruzadəyə qarşı ittihamın saxta və siyasi sifarişli olduğunu hesab edir:

“Əhsən Nuruzadə adıçəkilən idarənin əməkdaşları tərəfindən bu il yanvarın 24-də oğurlanmışdı. Sonradan onun 10 gün inzibati qaydada həbs cəzası aldığını eşitdik. Ardınca sentyabrın 19-da yenə oğurlandı. Yalnız 3 gün sonra yerini müəyyənləşdirdik və təkrar olaraq 10 sutka inzibati cəza aldı. Nəhayət, 7 oktyabr mitinqindən əvvəl yenə oğurlandı və dörd gün sonra məlumat aldıq ki, barəsində cinayət işi açılıb”.

Yalçın İmanov bildirir ki, əvvəlki həbslərdə Əhsən Nuruzadəyə xəbərdarlıq etmişdilər ki, Taleh Bağırzadəni müdafiə etsən, mitinqlərə qatılsan haqqında cinayət işi açılacaq:

“Görünür, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi öz xəbərdarlığına əməl etdi. Bu həbsi heç bir hüququ əsası olmadığı üçün qanunsuz sayırıq”.

Ana səhifəXəbərlərSiyasi fəalın şikayəti təmin edilməyib