Cəlil İmanov: ”Təkcə mənim işim araşdırıldı və yalnız mən işdən azad olundum”
“Öncə Milli Şuranın mitinqində iştirak edənlərin siyahısını yaydılar. Sonra həmin şəxsləri araşdırıb işlərindən etdilər. Mən də onlardan biriyəm”, – Masallı rayonunun Elşən Ağayev adına Hişkədərə kənd orta məktəbinin keçmiş tarix müəllimi Cəlil İmanov belə deyir.
O, Meydan TV-yə sifarişlə, siyasi baxışlarına görə işdən azad olunduğunu söyləyib.
“İşdən çıxardılar. Əsasları da o oldu ki, guya qanunsuz yerdəyişmə etmişəm”.
C.İmanov deyir ki, 2012-ci ildə Təhsil Nazirliyində müsabiqə imtahanı verdikdən sonra Masallı rayon Lürən kənd məktəbinə göndərilib. Sonradan uzaq yol gedib-gəlməyə fiziki sağlamlığı əl vermədiyindən Hişkədərə kənd məktəbinə göndərilməsi xahişi ilə Masallı rayon Təhsil Şöbəsinə müraciət edib:
“Təhsil şöbəsinin də razılığı ilə Hişkədərə məktəbinə tarix müəllimi olaraq göndərildim. İndi isə bu yerdəyişməni qanunsuz adlandıraraq məni işdən azad ediblər. Milli Şuranın mitinqindən təxminən 2 həftə sonra çalışdığım məktəbə 8 nəfərdən ibarət yoxlama komissiyası gəldi. Sırf mənim işimi araşdırmağa başladılar. Sonra da guya qanunsuzluq aşkarlayıb işimə son verdilər”.
Cəlil İmanov deyir ki, hazırda məktəbdə onun kimi çalışan 6 nəfər müəllim var. Onlara gözün üstündə qaşın var deyən yoxdur:
“Əminəm sifarişli işdir. Mən kiminsə işindən olmasını istəmirəm. Sadəcə vəziyyətimin aydın olması baxımından tək olmadığımı göstərmək üçün misal çəkirəm. Təkcə mənim işim araşdırıldı və yalnız mən işdən azad olundum”.
Cəlil İmanov haqsız yerə işdən çıxarıldığına görə məhkəməyə müraciət edəcəyini deyir:
“Bu işi belə buraxmayacağam. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Əminəm, bu iş siyasi sifarişdir”.
Masallı rayon Təhsil Şöbəsindən Meydan TV-yə C.İmanovun işindən çıxarılmasının doğru olduğunu dedilər. Səbəb kimi məktəb dəyişdirməyini göstərdilər: “Burada hər hansı qanun pozuntusu yoxdur. Onun işdən azad edilməsi ilə bağlı əmr var və orda hər şey izah edilib. Əmri alandan sonra ona da aydın olacaq”.
Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Cəlil İmanov siyasi baxışına görə işdən azad olunduğunu deyən ilk müəllim deyil. Ötən həftə AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədli işlədiyi Mayak kənd orta məktəbindən, xanımı isə 3 saylı orta məktəbdən çıxarılmışdı. Rayon təhsil şöbəsi bunu onların intizamı pozmaları ilə izah etmişdi.
Ə.Əhmədzadə isə Meydan TV-yə bunların bəhanə olduğunu, siyasi baxışları üzündən işdən çıxarıldıqlarını söyləmişdi.
AXCP bu halları Milli Şuranın 8 aprel aksiyasından sonra hakimiyyətin onlardan qisas alması kimi dəyərləndirir.