Axırıncı dəfə ölkəm adına nə vaxt belə utanmışdım?
Deyəsən, “Landramat” rüsvayçılığında? Ya da AŞPA –da Azərbaycanla bağlı dinləmələr olanda? Bəlkə Elmar Məmmədyarov Türkiyədə, Atatürk hava limanının açılışında çıxış edərkən onu dinləyəndə xəcalət çəkmişdim?! Yox, deyəsən, İlham Əliyev BMT-nin kürsüsündən Azərbaycanda siyasi azadlıqların olması barədə danışanda daha çox utanmışdım?!
***
Say-say bitməz!
Çünki ölkəm adına xəcələt çəkmişliyim çox olub. Daha doğrusu, ölkənin özünə görə deyil, onu təmsil edən iqtidar nümayəndələrinin davranışına, danışığına, əməllərinə görə utanmışam. Avropa Şurasında Azərbaycanla bağlı dinləmələr, kürü diplomatiyası, bura gələn diplomatlara qadın təklif olunması, ofşor zonalar, pul yuyulması… İqtidarın xəcalət vermə “fantaziyası” o qədər genişdir ki, heç nəyi təkrarlamır. Davamlı yeni çalarlar əlavə olunur və son dövrlərə qədər daxili “siyasətdə”, mitinqlərdə at oynadıb vətəndaş “quşlayan” Ata Abdullayev indi də xarici siyasətin atası kimi Milanda (yaxında yəqin səsi Siçiliyadan da gələr) zühur edib.
Keçən gün o fantaziyaya yeni bir çalar da əlavə olunub. Deyirlər ki, Ata Abdullayevin hətta diplomatik pasportu da varmış.
***
Neçə gündür “Facebook” sosial şəbəkəsində hamı Əli Həsənov fantaziyasının yeni məhsulundan, Paşinyana Milanda “sual verib, cavab tələb edən” Ata Abdullayevin “diplomatik qabiliyyətindən” heyrət və xəcalət hissi ilə yazır. Biriləri lağa qoyur. Biriləri də təssüf hissi keçirir.
Amma mən bu fırtınanın, təlaş, xəcalət, sarsıntının səbəbini, bütün bunların bu qədər davam etməsini anlaya bilmədim. Biz nəyə çaşmışıq ki? Məgər indiyə qədər Qarabağ danışıqları Ata Abdullayevin “diplomatik qabiliyyətindən“ daha yuxarı səviyyədə aparılıb ki? Məgər Elmar Məmmədyarov hansısa Qarabağ danışıqlarında üzümüzü ağ etmişdi ki, Ata Abdullayev gedib onu qaraltdı? Nə vaxt, harda daha sanballı və mötəbər danışıqlara, diplomatik gedişlərə şahid olduq ki, Milan “danışıqlarını” uğursuzluq kimi dəyərləndiririk?
Lap elə İlham Əliyevin özü olsun, Qarabağ məsələsində çoxmu böyük işlər görüb uğura imza atmışdı, Milan “diplomatiyası” onu yerə vurdu?
Mahiyyətdə ölkənin xarici siyasətində göstərilən performans, lap olsun Qarabağ danışıqları beynəlxalq miqyasda heç vaxt Ata Abdullayevin səviyyəsindən yuxarı olmayıb. Elmar Məmmədyarovun piyadalığı hər zaman göz deşib və ümumən, Əliyevlər rejiminin heç vaxt Qarabağla bağlı strategiyası, duruşu və iradəli tələbi (heç istəkləri) də olmayıb. Ermənistan rəsmiləri Qarabağ məsələsi ilə bağlı haqsız ola-ola hər zaman haqlı çıxmağı bacararkən Azərbaycan rəsmiləri ölkə daxilində Qarabağı geri almaq üçün “lazım” axtarmaqla məşğul olub.
Azərbaycan siyasətinin xaç atası İlham Əliyevin Aprel döyüşlərindəki “strateji gedişlərini” yəqin ki, hamı xatırlayır. Qalibiyyət əldə etdiyini, hansısa ərazinin azad olunduğunu iddia edən ölkə başçısı, Ali Baş Komandan iki gün sonra “dayan” əmri vermədimi? Bu əmri məgər prezident çoxmu ciddi faktlarla əsaslandırmışdı? “ Ermənistan prezidenti zəng edib xahiş etdi ki, hərbi əməliyyatlar dayandırılsın, biz də dayandırdıq”. Məgər bu açıqlama Milan “danışıqlarındakı” Atasayağı “gediş”dən daha mötəbər açıqlamadır?!
O üzdən necə gündür utana-utana, qəzəbli-qəzəbli Ata Abdullayevin ölkəni biabır etməsindən yazanların tökdüyü xəcalət tərinin səbəbini nə tibbi, nə də sosial baxımdan özümə izah edə bilmirəm.
***
Biz kimi və niyə qınayırıq?
Məgər iqtidar nə vaxtsa bizə bundan artıq xarici siyasət yürüdəcəyini, sanballısını vəd vermişdi? Biz ondan daha ağıllı siyasət tələb etmişikmi? Belə bir şey xatırlamıram. Ermənistanda xalq demokratiya üçün küçələrə axıb inqilab edəndə, indi Qarabağda yallı gedən Paşinyanı hakimiyyətə gətirəndə biz dəyişiklik etmək üçün lider axtarışındaydıq xatırladığım qədəri… Hətta deyəsən fəsil də inqilab etmək üçün yararlı fəsil deyildi, soyuq idi. Sonra qış getdi, bahar gəldi, bu zaman da “isti” deyib özümüzü kölgəyə verdik. Hakimiyyət də bizə “lazımı” sırıdı, biz də onu qəbullandıq, qəbullanmayandasa gülüb keçdik. Belə olan halda Ata Abdullayev Əli Həsənovun indiki halda Qarabaq üçün “lazım” bildiyi ən yaxşı obrazdı…
Daha betəri ola bilərdi. Məsələn,” ata”lardan biri gedib Milanda deyə bilərdi ki, alın Qarabağ sizin olsun, biz istəmədik. Tolerant xalqıq və bunu da burdan bütün dünyaya bəyan edirik. Hakimiyyət də bunun təbliğatını aparacaqdı ki, baxın, uğurlu siyasətin nəticəsində dünya bizim nə qədər tolerant olduğumuzu gördü. Bir- iki ağbirçək, ağsaqqalla da bu “siyasət” möhkəmləndirildisə, bu iş bitmişdir.
Başqa, fərqli nəsə olacaqdı yoxsa? Heç nə, sadəcə, daha çox status yazıb kompüterin klavyaturasının düymələrinə bərkdən vurub şaqqıltısını ürəyimizin qəzəbinə, gözümüzün yaşına qatıb qəzəbimizi soyudacaqdıq. Sonra da durub deyəcəkdik ki, bizdən bir şey çıxmaz. Madəm ki, “heç nə çıxmır”, onda Ata Abdullayev kimi “hər şey olan”larla barışıb oturun evinizdə… Qışdır, inqilab filan etmək üçün heç yararlı fəsil deyil. Sətəlcəm ola bilərsiz. Amma arxayın da olmayaq ki, yayda durum dəyişəcək. Onda da gün vura bilər. Ona görə ən yaxşısı evdə oturub “Facebooksda “inqilab etməkdi”.
Başqa versiya varsa, biri mənə desin. Vallah, mən özümü aldatmaq bahasına da olsa, buna inanmağa razıyam.
Yazıçı Zümrüd Yağmur