Siyasətə qarışmayan qurbanlar

Onlar analoqu olmayan siyasətə necə və niyə qurban gedirlər?

Source:

Elvin Əsgərov – onun cəmi 30 yaşı vardı. Baki sakini olan Elvin, 2011-ci il, yanvarın 13-də Nizami rayon 24-cü Polis İdarəsində döyülərək öldürülüb. O polisə xəsarət yetirməkdə ittiham olunurdu. Rəsmilər onun qaçarkən yıxılıb öldüyünü iddia edirlər. Daha sonra mərhuma qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə cinayət işi açılıb.

Turac Zeynalov – 31 yaşlı Culfa sakini Naxçıvan aeroportunda sürücü işləyirdi. 2011-ci ilin avqustunda ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi açılıb. O, dövlətə xəyanətdə ittiham olunurdu. Zeynalov, 2011-ci il avqustun 26-da tutulub, 3 gün Naxçıvanın MTN təcridxanasında saxladıqdan sonra ailəsinə meyiti verilib. Rəsmilər onun dəri xərçəngindən öldüyünü iddia edirlər. Xatırladım ki, Turac Zeynalov hətta hakim Yeni Azərbaycan Partiyasının üzvü idi.

Ceyhun Qubatov – 18 yaşlı, 3 ayın əsgəri idi. 2013-cü ildə Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Amma onun üzərindəki xəsarət izlərindən döyülərək öldürüldüyü iddia olunur. Bu işlə bağlı Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Elşad Babayev – 31 yaşlı məhbus idi. 2014-cü il dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində karserdə işgəncə ilə öldürülüb. Bu iddiaya səbəb onun bədənindəki xəsarət izləridir. Ailəsi də Elşadın həbsxana işçiləri tərəfindən öldürüldüyünü iddia edirlər. Rəsmi məlumatda deyilir ki, ölümünün səbəbi araşdırılır və ictimaiyyətə bu barədə məlumat veriləcək.

Bu 4 nəfər sadəcə son 3 ildə hakimiyyətin qoluzorbalı xidmətçiləri (hüquq mühafizə orqan əməkdaşları) tərəfindən öldürülən Azərbaycan vətəndaşlarıdır. Bu siyahını çox uzatmaq da olardı. Sadəcə müxtəlif sahələrdə çalışan, heç bir siyasi və ictimai fəaliyyəti olmayan adamları qeyd etdim ki, oxuyub görəsiniz bu hakimiyyət sadəcə onunla mübarizə aparanları yox, hamının ölümünə susayıb.

Hətta mən deyərdim ki, siyasətə qarışanlar heç bu qədər öldürülmürlər. Onlar ən pis halda həbs edilərək, yaşamlarını bir-təhər sürdürürlər.

Hələ üstəlik bu hadisələrin heç bir ədalətli şəkildə öz həllini tapmayıb. Hələ də cinayətkarlar öz peşələrində, öz zülmlərinə davam edirlər. Siyasəti, seçkini filan tullayın bir kənara. Mənə deyin görək, bir ölkədə istənilən bir vətəndaşın həyatına təhlükə varsa, hətta təhlükə olub bitdikdən sonra belə, təhlükəni yaradan ünsürlər hüquqi yollarla cəzalandırılmırsa, o ölkədə hansı insan haqqından, onun yaşamından, rifahından, qanunlardan, işlək hüquq sistemindən söhbət gedə bilər?

Ana səhifəMənim FikrimcəSiyasətə qarışmayan qurbanlar