Azərbaycanda siyasi repressiyaların ən ağır qəbzinin Tofiq Yaqubluya kəsildiyini iddia etmək üçün çox uzağa getməyə ehtiyac yoxdur. Yenidən ölüm aclığına başlayan Yaqublu fasilələrlə 4 ildən çox həbs həyatı yaşayıb. Onun saxlanma, izlənmə, zorakılığa məruz qalma xəbərləri də daima media manşetlərində özünə yer edib.
İndi ölüm aclığının günlərinin sayıldığı bir vaxtda retrospektiv bir baxışla Tofiq Yaqublunun siyasi karyerasına nəzər salaq.
Tofiq Yaqublu 1961-ci ildə Gürcüstanın Bolnısi rayonunda anadan olub, ictimai-siyasi proseslərə Milli Azadlıq Hərəkatı ilə qoşulub. 1989-1992-ci illərdə xalq cəbhəsinin üzvü olan Yaqublu 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb. 1998-ci ildən müxtəlif qəzetlərdə köşə yazıları yazıb.
Elə ilk həbsi də həmin ilə təsadüf etdi. Tofiq Yaqublu həmin ilin prezident seçkilərindən əvvəl, 12 sentyabr 1998-ci ildə Fəvvarələr meydanında baş tutan müxalifətin mitinqində həbs edilib, 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası almışdı.
2012-ci il mayın 24-də isə Tofiq Yaqublu qızları Nərgiz və Nigarla birgə polislər tərəfindən saxlanıldı.
Hakimiyyətinin 2013 İsmayıllı hadisələrinə qəzəbi də Yaqublu və digər siyasilərə sıçradı. O, bu hadisələrinin təşkilatçılarından biri, fəalı kimi həbs edildi, 5 il müddətinə azadlıqdan məhrum edildi. Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu həyatını dəyişdi, Yaqublu özü isə 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxıldı.
2020-ci ilin martında Tofiq Yaqublu xuliqanlıqda ittiham edildi, 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edildi. Tofiq Yaqublu və ailəsi həm də ittihamları sərt şəkildə ifşa etmələri və hüquqları sona qədər müdafiə etmələri ilə tanınırlar. Məlum cinayət işi də Yaqublunun digər qızı, ictimai fəal Nigar Həzi sayəsində ifşa edilsə də, məhkəmə qərarları dəyişmədi. Beləliklə, Yaqublu son kartını oynamağa qərar verdi və sentyabrın 2-dən ölüm aclığına başladı. Qərarın 16-cı günündə hakimiyyət geri addım atmalı oldu və Yaqublu azadlığa buraxıldı.
Tofiq Yaqublu 2021-ci ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında aksiya zamanı polislər tərəfindən saxlanıldı. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapıldı və üzündə ağır zədələr görüldü. Yaqublunun israrla şikayət etməsinə baxmayaraq, prokurorluq onun öz-özünü döydüyünü elan etdi.
Amma Tofiq Yaqublu hakimiyyətin əsas tənqidçilərin biri olaraq qalırdı və 2023-cü ildən başlayan repressiya dalğası ondan da yan ötmədi. Həmin ilin dekabrından həbs edilən Yaqublu bu dəfə dələduzluqda ittiham edildi. Yenə bütün ittihamlar ailə üzvləri, vəkilləri tərəfindən ictimaiyyət qarşısında ifşa edildi, əvəzində istintaq məhkəməyə sübutlar təqdim etməkdə aciz qaldı. Amma məhkəmə 2025-ci il martın 10-da Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum etdi. Yaqublu buna etiraz olaraq növbəti dəfə ölüm aclığına başladığını bəyan etdi.
Bu, Tofiq Yaqublunun “azadlığı üçün canını verməsi” kimi romantikləşdirilə də bilər, amma reallıq odur ki, Azərbaycanda insan haqları, ifadə və məhkəmə azadlığı kimi nüanslar ölüm nöqtəsinə çatıb…